“PUTİNƏ 24 SAAT VAXT VERƏCƏM...” – Müxalifətin vahid namizədi Putini hədələyir
14-11-2024, 12:38
Almaniyada hökumət böhranı növbədənkənar seçkiləri qaçılmaz edib.
"AzPolitika" Qərb mediasına istinadla xəbər verir ki, Ukraynaya yardım və hökumətin maliyyə öhdəliklərini yerinə yetirmək üçün daxili borclanmaya getmək siyasətinə etiraz edən maliyyə naziri Kristian Linderin istefaya göndərilməsindən sonra yeni seçkilərin keçirilməsi aktuallaşıb. Linder həmçinin növbədənkənar seçkilərin keçirilməsini təklif edib, ancaq kansler Olaf Şolts bu təklifi qəbul etməyərək onu istefaya göndərib. Azad Demokratlar Partiyasının lideri Linderlə bərabər ədliyyə naziri Marko Buşman və təhsil-tədqiqatlar üzrə nazir Bettina Stark-Vazginer də istefa veriblər.
Hazırda Sosial Demokrat Partiyası (SPD), Yaşıllar Partiyası və Azad Demokratlar Partiyasından (FDP) ibarət üçlü koalisiya bölünmüş durumdadır və bu şəraitdə hökumət böhranı yeni seçkiləri qaçılmaz edib.
Dekabrın 25-də kansler Şoltsun təşəbbüsü ilə Bundestaqda hazırkı hökumətə etimad səs verməsi keçiriləcək. Olaf Şoltsun rəhbərlik etdiyi hökumətin bu istefalar fonunda parlamentdə etimad səsi alması çox az ehtimal olunur. Preziden Ştaynmayer isə bildirib ki, o, yeni seçkilər keçirmək barədə qərar verməyə hazırlaşır. Güman ki, martın 20-dən gec olmayaraq Almaniyada yeni seçkilər keçiriləcək.
Yeni seçkilər baş tutarsa, o zaman Xristian Demokratik Birlik Partiyasının lideri Fridrix Merz Xristian Demokratik Platformasında birləşmiş partiyalar tərəfindən kanslerliyə vahid namizəd olacaq. Merz dünən parlamentdə çıxışında bildirib ki, o kansler olarsa, Putinə Ukraynadan çixmaq üçün 24 saat vaxt verəcək. Əgər, o, bunu etməzsə o zaman Almaniyanın 500 km. vuran "Taurus" raketlərini Kiyevə verəcək və onlarla Rusiyanın istənilən ərazisinə zərbə endirməyə razılıq verəcək. Merzin bu çıxışı onu göstərir ki, Trampın gəlişindən sonra Avropada nəinki Ukraynanın müdafiəsi ilə bağlı hər hansı tərəddüd yaranmayıb, əksinə, müxalifət seçkiləri qazanacağı təqdirdə indiki hökumətin siyasətindən daha qətiyyətli bir mövqe ortaya çıxa bilər.
Almaniyanın hazırkı müdafiə naziri Boris Pistorius isə bildirib ki, Bayden hakimiyyəti dönəmində Ukrayna NATO-ya daxil olmazsa və öz ərazilərini tam azad etməzsə, bu Avropanın təhlükəsizliyini pozar və daimi konflikt riski yaradar. İngiltərədə nəşr olunan "Tge Teleqraph" qəzeti isə yazır ki, Fransa Prezidenti Makron və İngiltərə Bas naziri Key Starmer birlikdə Trampı Ukrayna məsələsində onlarla vahid mövqedən çıxış etməyə inandırmaq üçün təşəbbüs edəcəklər.
Beləliklə, ABŞ-də Donald Trampın hakimiyyətə qayıtması Avropada siyasi silkələnməyə səbəb olub. Xüsusən, yeni administrasiyanın Ukrayna müharibəsi ilə bağlı qeyri-müəyyən mövqeyi Avropa rəsmilərini ciddi narahat edir.
Almaniyada kansler Şoltsu əvəz edəcək qüvvələrin Rusiyaya qarşı olduqca sərt mövqe sərgiləməsi, Ukrayna müharibəsində Avropanın ABŞ-dən ayrıca daha kəskin mövqe tutacağının anonsu sayıla bilər.