Rövşən Əsgərov və siyasətçi Leonid Qozman “terrorçu və ekstremist” siyahısına daxil edilib
Bu gün, 15:14
Rusiya Maliyyə Monitorinqi üzrə Federal Xidməti siyasətçi Leonid Qozman və “Nə? Harada? Nə vaxt?” televiziya şousunun keçmiş iştirakçısı Rövşən Əsgərov “terrorçular və ekstremistlər” siyahısına daxil edilib.
2024-cü ilin iyulunda Qozman Rusiyada hərbiyə dair “saxta” məlumatlara görə qiyabi olaraq səkkiz il altı ay ümumi rejimli koloniyaya məhkum edilib. Buna Facebook və Telegram kanalında yazdıqları səbəb olub. Hakimiyyət həmin yazıları “Rusiya Federasiyasının rəhbərliyi və Rusiya Silahlı Qüvvələri haqqında təhrif olunmuş bəyanatları” hesab edib. Siyasətçi 2022-ci ildə Rusiyanı tərk edib.
Ötən ilin oktyabrında Moskva Şəhər Məhkəməsi Qozmanın xanımı Marina Yeqorovanı “mütəşəkkil dəstənin (MQ) tərkibində mədəni sərvətlərin qaçaqmalçılığı” ittihamı ilə ev dustaqlığına çıxarıb. Eyni zamanda, təhlükəsizlik qüvvələri onlara miras qalmış bir neçə gümüş qabı “mədəni dəyərlər” hesab edib. Yeqorovanın tərkibində olduğu iddia edilən mütəşəkkil cinayətkar dəstədə Leonid Qozman, qadının özü və onu sərhəd-keçid məntəqəsinə aparan sürücü olub.
Rusiya hüquq-mühafizə orqanları Rövşən Əsgərova qarşı "nasizmin reabilitasiyası"na görə cinayət işi açıb. Müstəntiqlərin fikrincə, Əsgərov özünün Facebook səhifəsində “böyük rus sərkərdəsi və Vətənin müdafiəçisi, Sovet İttifaqının marşalı Georgi Konstantinoviç Jukovun xatirəsini təhqir edən və böhtan atan qəsdən yalan məlumat yayıb”. Hazırda Əsgərov xaricdə yaşayır.
Rusiya Maliyyə Monitorinqi üzrə Federal Xidmət siyahısı 2001-ci ildə yaradılıb. 2024-cü ilin dekabrında Dövlət Duması "terrorçular və ekstremistlər" siyahısına daxil edilməsi üçün əsasların siyahısını genişləndirib. İndi qanun “dini/siyasi nifrət zəminində” törədildikdə, sağlamlığa orta və ağır zərər vurma, işgəncə və xuliqanlıqda şübhəli bilinən və qətl törətməkdə təqsirli bilinən şəxslərin bu reyestrə daxil edilməsinə icazə verir. Əvvəllər yalnız barəsində ekstremist və terror fəaliyyəti ilə bağlı iş açılan şəxslər siyahıya salınırdı.