"ABŞ Suriyadan qoşunlarını çıxarmaq planı üzərində işləyir" - "NBCnews"

6-02-2025, 08:44           
"ABŞ Suriyadan qoşunlarını çıxarmaq planı üzərində işləyir" - "NBCnews"
"Biz Suriyadakı vəziyyətə qarışmırıq, bu, onların problemidir, orada yetərincə çətinliklər var..."

Pentaqon ABŞ hərbi qüvvələrinin Suriyadan 30, 60 və 90 gün ərzində çıxarılması üçün plan hazırlamağa başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "NBC News" Pentaqon rəsmilərinə istinadən məlumat yayıb.

Telekanalın mənbələrinin sözlərinə görə, bu qərarın qəbul edilməsinin əsas səbəbi ABŞ prezidenti Donald Tramp və onun komandasının bu məsələyə olan "marağı"dır.

ABŞ Müdafiə Nazirliyinin nümayəndələri bildirib ki, Trampın yeni milli təhlükəsizlik müşaviri Mayk Uolts Tampa şəhərində yerləşən Mərkəzi Komandanlığın qərargahında yüksək rütbəli hərbi rəhbərlərlə görüşərək Yaxın Şərqdəki vəziyyət barədə məlumat alıb.

Bununla belə, Ağ Ev nümayəndəsi bildirib ki, Suriyadakı Amerika qüvvələrinin mümkün azaldılması nə brifinqin əsas mövzusu olub, nə də Uoltsun səfərinin məqsədi kimi nəzərdə tutulub.

Yanvar ayında İsrailin "Kan" dövlət teleradio şirkəti xəbər verib ki, amerikalı rəsmilər israilli həmkarlarını Trampın Suriyadan qoşunlarını çıxarmaq niyyəti barədə xəbərdar edib. Bu xəbərlərə münasibət bildirən ABŞ prezidenti, bu məsələ ilə bağlı "qərar qəbul edəcəyini" bəyan edib.

"Biz Suriyadakı vəziyyətə qarışmırıq. Bu, onların problemidir. Orada yetərincə çətinliklər var", - Tramp bildirib.

Hazırda Suriyada ABŞ-ın 10-dan çox hərbi bazası var və təxminən 2 min hərbçi yerləşdirilib. Pentaqonun açıqlamasına görə, onların əsas vəzifəsi İŞİD-lə mübarizədir.

"NBCnews" nəşrin mənbələri qeyd edib ki, ABŞ qoşunlarının çıxarılması Suriya kürdlərini dəstəkdən məhrum edəcək və 50 min insanın, o cümlədən təxminən 9 min silahlının saxlanıldığı həbsxanalar və düşərgələrin təhlükəsizliyini riskə atacaq.

Tramp hələ birinci prezidentlik müddətində qoşunların Suriyadan çıxarılması barədə göstəriş verib. O zaman amerikalı lider əsir düşən silahlıların gələcək taleyinə görə məsuliyyəti Türkiyənin üzərinə qoyub.

Daha sonra Tramp qoşunların çıxarılmasının sürətli proses olmayacağını etiraf edərək bildirib ki, ABŞ qüvvələri "tamamilə çıxmayacaq", çünki silahlılarla "tam haqq-hesab" hələ başa çatmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru