Meksika Trampın tarif təhdidindən sonra vəd etdiyi 10 000 əsgərin ilk qrupunu ABŞ-la sərhədə göndərib
Bu gün, 16:24
Çərşənbə günü Meksika Milli Qvardiyası və Ordusuna aid yük maşınları Siudad Huarez ilə Texasın El Paso şəhərini ayıran sərhəd boyunca düzülüb. Bu, Prezident Donald Trampın tarif təhdidlərindən sonra Meksikanın şimal sərhədinə göndərməyi vəd etdiyi 10 000 əsgərin ilk qrupudur.
Milli Qvardiyanın maskalı və silahlı üzvləri Siudad Huarezin yaxınlığındakı sərhəd səddi boyunca xəndəklərdə sıxışdırılmış müvəqqəti nərdivanları və ipləri çıxararaq, onları yük maşınlarına yükləyiblər. Bundan əlavə, Tihuana yaxınlığında, sərhədin digər hissələrində də patrullar görülüb.
Bu, Trampın Meksikaya dağıdıcı tarifləri tətbiq etməyi ən azı bir ay təxirə salacağını elan etməsindən sonraya təsadüf edir. Bunun müqabilində Meksika prezidenti Klaudiya Şeynbaum sərhədi möhkəmləndirmək və fentanil qaçaqmalçılığına qarşı mübarizə aparmaq üçün ölkənin Milli Qvardiyasını sərhədə göndərəcəyini vəd edib.
Son bir ildə miqrasiya səviyyəsinin və fentanilin həddindən artıq dozada qəbul etmə hallarının kəskin şəkildə azalmasına baxmayaraq, Tramp sərhəddə fövqəladə vəziyyət elan edib. ABŞ öz növbəsində, kartel zorakılığının artmasına gətirib çıxaran Amerika silahlarının Meksikaya qaçaqmalçılığının qarşısını almaq məqsədilə daha çox iş görəcəyini deyib. Kartel zoraklığı ölkənin digər bölgələrinə də yayılıb, belə ki, kriminal qruplar gəlirli miqrant qaçaqmalçılığı sektoruna nəzarət etmək üçün mübarizə aparırlar.
Çərşənbə axşamı Meksika qüvvələrindən ibarət birinci qrup hökumət təyyarələrindən enərək sərhəd şəhərlərinə gedib. Çərşənbə günü patrul çəkən qvardiya üzvləri yeni qüvvələrin bir hissəsi olduqlarını təsdiqləyiblər.
"Sərhəddə daimi nəzarət olacaq" - deyə, Milli Qvardiya liderlərindən biri olan Xose Luis Santos İza əsgərlərdən ibarət ilk dəstənin gəlişindən sonra mediaya bildirib. “Bu əməliyyat ilk növbədə Meksikadan ABŞ-a narkotik vasitələrin, əsasən də fentanilin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədi daşıyır”.
Dövlət göstəricilərinə əsasən, Siudad Huarezə ən azı 1650 əsgərin göndəriləcəyi gözlənilir. Bununla da ora sərhədi möhkəmləndirmək üçün ikinci ən çox əsgərin göndəriləcəyi yerdir. Birinci yerdə isə 1949-un əsgərin göndəriləcəyi Tihuana gəlir.
Meksika hökumətinin verdiyi açıqlamaya görə, ABŞ Dövlət katibi Marko Rubio Latın Amerikasına səfəri zamanı Meksika hökumətinə qüvvələrin göndərilməsinə görə təşəkkür edib. Rubionun səfəri zamanı miqrasiya gündəmdəki ən əsas məsələ olub.
Müşahidəçilər Şeynbaumun apardığı danışıqları yeni seçilmiş Meksika lideri tərəfindən bir qədər fərasətli siyasi manevr kimi qiymətləndiriblər. Bir çoxları daha öncə onun Trampın prezidentliyini, sələfi və müttəfiqi olan keçmiş prezident Andres Manuel Lopez Obrador qədər effektiv idarə edə biləcəyinə şübhə edirdi.