Əliyev Çin televiziyasına müsahibədə Tramp administrasiyası ilə müsbət münasibətlərə ümidini ifadə edib

Bu gün, 15:14           
Əliyev Çin televiziyasına müsahibədə Tramp administrasiyası ilə müsbət münasibətlərə ümidini ifadə edib
“Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.

Bu barədə Azərbaycan Dövlət Agentliyi Prezident İlham Əliyevin Davosda olarkən yanvarın 20-də Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibəsinə istinadən məlumat yayıb. Müsahibə fevralın 11-də yayımlanıb.

Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübənin çox müsbət olduğunu vurğulayan dövlət başçısı bunları qeyd edib.

"Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi", İlham Əliyev deyib.

Prezident müsahibəsində qeyd edib ki, Avropa liderləri arasında ciddi qeyri-müəyyənlik və ciddi narahatlıq var.

“Bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb”, deyən Əliyev bunun onun fikri olduğunu, ABŞ-da dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmədiyini vurğulayıb.
Bundan əlavə prezident İlham Əliyev müsahbəsində ölkənin daxili və xarici siyasətinə toxunub.

“Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır”, o bildirib.

“Biz özümüzü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olduq”, - deyən İlham Əliyev heç də hər bir ölkənin bunu etmək üçün potensiala malik olmadığını qeyd edib.

Bundan əlavə Azərbaycan prezidenti ölkənin Çin ilə münasibətləri barədə danışıb.

“Bildiyiniz kimi, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim Çin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır”, o deyib.

Azərbaycan prezidenti deyib ki, strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir.

“Biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq”, dövlət başçısı vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.