Məsud Pezeşkian: Rəhbərdən icazə alacağıq ki, “hər vilayətin özünün bir prezidenti olsun”

15-02-2025, 15:37           
Məsud Pezeşkian: Rəhbərdən icazə alacağıq ki, “hər vilayətin özünün bir prezidenti olsun”
İran prezidenti Məsud Pezeşkian valilərin səlahiyyətlərinin artırılması ilə bağlı ali rəhbərdən icazə alacağını ifadə edib. O, deyib ki, “hər vilayətin özünün bir prezidenti olsun.”

Məsud Pezeşkian bu sözləri cümə axşamı günü Buşehr vilayətində “ziyalılarla görüş” zamanı dilə gətirib.

İran mediasında bu barədə məlumat, eləcə də video-görüntü yayılıb.

“Səlahiyyətlərin valilərə verilməsi üçün İnqilab rəhbərindən icazə alacağıq və bunu hakimiyyətlərin sədrləri ilə söhbət edəcəyik. Hər vilayətin özünə bir prezidenti olsun. Kim deyib ki, mən burada oturanlardan daha üstünəm? Hər vilayət öz fərdlərindən birini bölgənin sədri olaraq [təyin edib] və qərarları koordinasiyalı şəkildə verib, işləri qüdrətlə irəli götürə bilər,” prezident söyləyib.

Pezeşkian Tehranda oturub vilayətlər üçün plan qurmağın düzgün olmadığını vurğulayıb.

“Bu səlahiyyətləri vilayətlərdəki o şəxslərə versək, onlar yolunu taparlar. Mən Tehranda oturub buraya plan qurum, bu, olarmı? Burada oturan bura ilə bağlı plan qurmağı məndən daha yaxşı bilir. Biz onlara fürsət verməliyik. Amma, bu, elə ümumi siyasətlər və [dövlət] proqramının əsasında olmalıdır. Yəni ki, əsas siyasətlər yönündə ancaq, plan qurma və əməliyyat vilayətin səlahiyyətində olsun. Elə olmamalıdır ki, xan-xanlıq olsun və hər kəs istədiyini etsin,” İran prezidenti Məsud Pezeşkian əlavə edib.

Prezidentin sözləri İran siyasi mühitləri və sosial şəbəkələrdə fərqli reaksiyalara yol açıb. Bəzi iranlı millətçi kəsimlər Pezeşkianın bu fikirlər ilə ölkəni bölünməyə sürüklədiyini yazıblar.

İranlı tanınmış jurnalist və yazar Həngamə Şəhidi öz X hesabında yazıb ki, “Pezeşkianın ən başdan israrla təkrar etdiyi tək ideya mərkəzsizləşdirmə - yəni separatçıların kod adı - və İranın federallaşdırılması, eləcə də vilayətlər və fərqli bölgələrin ölkənin paytaxtı ilə əlaqələrini zəiflətmək ideyası olub.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.