Yusuf Kari məhkəmədə müdafiə hüququndan imtina edib

17-02-2025, 17:14           
Yusuf Kari məhkəmədə müdafiə hüququndan imtina edib
Ərdəbil sakini, milli fəal Yusuf Karinin məhkəmə iclası 15 fevralda Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 10 saylı İstintaq Şöbəsində keçirilib. Lakin bu iclasda Yusuf Kari məhkəməyə etiraz olaraq müdafiə təqdim etməkdən imtina edib.

Günaz TV və digər media qurumlarının verdiyi məlumata görə, Yusuf Kari əvvəllər məhkəməni ədalətsiz hesab edərək iclaslarda iştirakdan imtina etmişdi. Bu addımı ilə o, məhkəmənin onun üçün qoyduğu zəmanətin müsadirə ediləcəyi ilə hədələnmişdi.

Keçən ay məhkəmə, Yusuf Karinin zamin durduğu Vədud Səadətini xəbərdar etmişdi ki, əgər Yusuf Kari məhkəməyə qatılmasa, onun sərbəst buraxılması üçün müəyyən edilən girov müsadirə ediləcək.

Bu dəfə isə Yusuf Kari Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun istintaq iclasına qatılıb, amma müdafiə təqdim etməyib. O, bu addımı məhkəmə prosesinə etiraz olaraq atdığını qeyd edib. Yayılan məlumatlara görə, məhkəmə iclasında hakim qarşısında ittihamları rədd edən Kari, məhkəməni "şou" adlandırıb və müdafiə hüququndan istifadə etməyib.

Kariyə qarşı “ictimai rəyi çaşdırmaq” və "müqəddəsləri təhqir etmək" ittihamlarının irəli sürüldüyü bildirilir.

O, bundan əvvəl yeni açılan işi ədalətsiz və təhlükəsizlik orqanlarının təzyiqi ilə baş verdiyini bildirib və məhkəmədə iştirakdan imtina etmişdi.

Yusuf Kari ötən ilin 27 oktyabrında Ərdəbil şəhərində polis qüvvələri tərəfindən saxlanılıb. Saxlanıldığı zaman və həbsdə olduğu müddətdə polis əməkdaşları tərəfindən döyülüb.

Keçən ilin 21 noyabrında isə o, 24 gün nəzarətdə saxlanıldıqdan sonra Ərdəbil həbsxanasından 3 milyard rial dəyərində mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.