ABŞ məhkəməsi "Azadlıq Radiosu"nun bağlanmasını blokladı: - “Hətta prezident əmr etsə belə...”
27-03-2025, 00:09

Federal hakim Tramp administrasiyasına "Azad Avropa/Azadlıq Radiosu"nun bağlanmasını müvəqqəti qadağan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Amerika telekanalı ABC News məlumat yayıb.
ABC News-un açıqlaması: "Çərşənbə axşamı günorta saatlarında hakim Roys Lamber müvəqqəti məhkəmə qadağası çıxarıb və bu qərar təşkilatın ləğvini dayandırıb. Hakim Tramp administrasiyasının qrupu maliyyələşdirməkdən imtina etməsinin "heç bir fakta və ya əsaslandırmaya söykənmədiyini" və böyük ehtimalla federal qanunun pozulması olduğunu bildirib".
Hakimin deyib: "(ABŞ Qlobal Media Agentliyinin – red.) rəhbərliyi demək olar ki, heç nə izah etməyən bir cümlə ilə RFE/RL-ni bağlamağa məcbur edə bilməz – hətta prezident onlara bunu etməyi əmr etsə belə".
Xatırladaq ki:
•14 martda ABŞ prezidenti Donald Tramp "Azad Avropa/Azadlıq Radiosu" və "Amerikanın Səsi" (VOA) radiosunu maliyyələşdirən ABŞ Qlobal Media Agentliyinin (USAGM) ləğvi haqqında fərman imzalayıb.
•Aİ Tramp administrasiyasının "Azadlıq Radiosu"nun maliyyələşdirilməsini dayandırmaq və "Amerikanın Səsi"nin faktiki yayımını dayandırmaq qərarını şərh edərək bunun ümumi düşmənlərin xeyrinə olacağını bildirib.
•Aİ-nin baş diplomatı Kaya Kallas bəyan edib ki, Avropa İttifaqının "Azadlıq Radiosu"nun maliyyələşdirilməsini avtomatik üzərinə götürmək imkanı yoxdur, lakin vəziyyəti araşdıraraq layihəyə hansı şəkildə kömək edə biləcəyini müəyyən etməlidir.
•19 martda məlum olub ki, RFE/RL media korporasiyası ("Azad Avropa/Azadlıq Radiosu") Donald Tramp administrasiyası və Kari Leykin təşkilatın maliyyələşdirilməsini dayandırmaq qərarına görə federal məhkəmədə iddia qaldırıb. İddiaçılar bildirirlər ki, bu addım ABŞ qanunvericiliyini pozur.