LAVROV KREMLİN ŞƏRTLƏRİNİ AÇIQLADI - Yenə “demilitarizasiya və denasifikasiya...”

29-04-2025, 16:14           
LAVROV KREMLİN ŞƏRTLƏRİNİ AÇIQLADI -
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Kremlin əvvəlki şərtlərindən əl çəkmədiyinə və müharibəni davam etdirməkdə israrlı olduğuna işarə vurub.

“AzPolitika” xəbər verir ki, Braziliyanın “O Globo” nəşrinə müsahibə verən Lavrov Moskvanın Ukraynadakı müharibənin sülh yolu ilə nizamlanmasına dair əsas tələblərini səsləndirib.

Onun dediyinə görə, əsas şərt Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya məxsusluğunun beynəlxalq səviyyədə tanınmasıdır.

Lavrovun sözlərinə görə, üstəlik, Kiyev öhdəliklər götürməlidir və bu öhdəliklərin zaman məhdudiyyəti olmalı deyil. Yəni, Ukraynada mümkün yeni hakimiyyət onları ləğv edə bilməz.

Rusiyanın digər tələbləri bunlardır:

-Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsi, bloklara qoşulmamaq statusu;

-Ukraynanın demilitarizasiyası və denasifikasiyası;

-Rusiya Federasiyası ilə danışıqlara qoyulan qadağanın aradan qaldırılması;

-Rusiyaya qarşı sanksiyaların ləğvi, aktivlərə həbs qoyulmasının və məhkəmə iddialarının ləğvi;

-Zaporojye AES üzərində Rusiyanın nəzarətini saxlamaq;

-Rus dilinin, mədəniyyətinin və mediasının istifadəsini məhdudlaşdıran Ukrayna qanunlarının ləğvi.

Daha əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Vladimir Putin ilkin şərtlər olmadan danışıqlara hazırdır və Moskva Kiyevdən “siqnal” gözləyir.

Eyni zamanda, Donald Tramp Krımın Rusiyanın bir hissəsi kimi tanınmasını, habelə Ukraynanın NATO-dan imtinasını nəzərdə tutan planı irəli sürüb.

Lavrovun bu açıqlaması və Ukraynanın heç zaman qəbul etməyəcəyi şərtləri irəli sürməsi bir daha Kremlin gerçək sülhdə maraqlı olmadığını sübut edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru