Depozit nədir?
Bu gün, 17:14

İnsanlar öz pullarını təhlükəsiz saxlamaq, artırmaq və ya müəyyən müddətlik gəlir əldə etmək üçün banklara və ya digər maliyyə qurumlarına etibar edirlər. Bu prosesin əsas elementlərindən biri məhz depozit hesablarıdır. Lakin bəzən insanlar depozitin nə olduğunu, hansı növlərinin mövcudluğunu və necə işlədiyini dəqiq anlamır.
Əslində, depozit sadə dillə desək, bir şəxs və ya təşkilatın pulunu müəyyən şərtlərlə bankda və ya maliyyə institutunda saxlamasıdır. Bu saxlanılan pul qarşılığında bank depozit sahibinə faiz ödəyir. Bu proses həm depozit sahibi üçün əlavə gəlir imkanı yaradır, həm də bank üçün kredit vermək üçün lazım olan maliyyə mənbəyini təmin edir.Yəni, depozitdən həm müştəri, həm də bank qazanır. Lakin bu termin daha geniş sahəsini əks etdirir.
Valyuta.az depozit termini haqqında məlumatı təqdim edir:
Depozit nə deməkdir?
Depozit – müştərinin (fiziki və ya hüquqi şəxsin) bank və ya digər maliyyə qurumunda açdığı hesabda saxladığı pul vəsaitidir. Müştəri bu vəsaiti bankda müəyyən müddətə və ya müddətsiz yerləşdirə bilər. Bank isə həmin vəsaiti istifadə edərək gəlir əldə edir və bunun müqabilində müştəriyə faiz ödəyir.
Depozitlərin müxtəlif növü olsa da, əsasən iki böyük kateqoriyaya bölünür:
Bunlardan biri müddətli depozitlərdir.
Bu depozitlər müəyyən vaxt müddəti üçün yerləşdirilir. Məsələn, 3 ay, 6 ay, 1 il müddətinə qədər yerləşdirilir. Belə olduqda, müddət bitənə qədər pul çıxarılarsa, faiz itirilə bilər.Bu depozitlərdə faiz dərəcəsi adətən yüksək olur.
Tələbli depozitdə isə müştəri istənilən vaxt pulunu çıxara bilər. Faiz dərəcəsi adətən aşağı olur.
Bundan əlavə, xüsusi depozit növləri də mövcuddur. Məsələn, xarici valyutada depozit, yığım (əmanət) depozitləri, uşaq üçün yığım depoziti və s.
Depozitin bir çox üstünlükləri var:
Təhlükəsizlik - pul bankda qorunur və əksər hallarda dövlət təminat sistemi ilə sığortalanır.
Gəlir - bank müştəriyə faiz ödəyir.
Daha asan istifadə - depozit hesabı açmaq sadə və rahatdır.
Çox adam depoziti investisiya ilə qarışdırır. Lakin depozit və investisiya arasındakı fərq var.
Depozit daha çox sabit və risksiz gəlir gətirən bir vasitədir, investisiya isə daha riskli, amma daha yüksək gəlir imkanı olan bir fəaliyyətdir.