"Azərbaycan dollardan imtina edərsə..."gündəmi zəbt edən məsələyə deputat YANAŞMASI
9-12-2016, 14:58
Fazil Mustafa : "Çevrəmizdə olan dövlətlərin aldığı qərara görə Azərbaycan da dollarla bağlı müəyyən qərar verə bilər. Təbii ki, bunun mənfi və müsbət tərəfləri olacaq"
Son günlər region ölkələri dollardan imtinaya başlayıblar. Buna səbəb isə qısa zamanda milli valyutaların dollar qarşısında kəskin ucuzlaşması olub.
Hətta bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanatla çıxış edərək xalqı dollardan imtinaya səslədi.
Daha sonra regionda da dollardan imtina ilə bağlı Türkiyə Rusiya ilə danışıqlara başladı. Hazırda dollardan imtinanı dəstəkləyən ölkələr sırasında bu ölkələrlə yanaşı, Çin və İran kimi qüdrətli dövlətlər də var. Bəs devalvasiyalardan əziyyət çəkən Azərbaycan da dollardan imtina kampaniyasına qoşula bilərmi?
Millət vəkili Fazil Mustafa Sonxeber.az-a açıqlamasında bildirib ki, Türkiyənin dollardan imtina etməsi ilə bağlı rəsmi qərarı olmasa da, bu qərarın birbaşa qəbul olunması vaxt aparacaq: "Rusiya Türkiyə dollardan imtina edərsə Azərbaycan da bu prosesə qoşula bilər. Lakin, Azərbaycanın ixracatının 90%-dən çoxu neft məhsulları ilə bağlıdır. Ona görə hər hansı şəkildə avro və dollar məkanından ixaracat məsələsinə görə uzaqlaşmaq problemlər ortaya çıxa bilər.
Bu baxımdan bu çox düşünülüb veriləsi qərar mahiyyətindədir. Hələ ki belə bir izlənim görünmür. Böyük dövlətlərin aldığı qərardan sonra Azərbaycan hansısa seçim edə bilər".
Millət vəkili qeyd edib ki, Türkiyənin Avropa ölkələri ilə ticarət dövriyyəsində milli valyutalarını tətbiq etməsi problem yarada bilər. Türkiyə başqa partnyorlarla - Çin Rusiya kimi ölkələrlə münasibətdə razılaşarsa bu sistemi reallaşdıra bilər. Həmçinin, Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi olduqca aşağıdır. Bu baxımdan ciddi dəyişikliyə getməyə ehtiyac yoxdur.
"Bizim qeyri istehsalımız da güclü deyil. Çevrəmizdə olan dövlətlərin aldığı qərara görə Azərbaycan da dollarla bağlı müəyyən qərar verə bilər. Təbii ki, bunun mənfi və müsbət tərəfləri olacaq. Buna görə də dollardan imtina edilməsi ilıə bağlı qərar ciddi müzakirə olunmalı məsələdir".