ABŞ Ermənistandan İMTİNA ETDİ: Trampın Qarabağ mövqeyi İrəvanı QORXUYA SALDI
2-02-2017, 14:03
ABŞ senatorları Robert Menendez və Eda Markey Dövlət katibi Reks Tillerson və BMT-də daimi nümayəndə Nikki Heyliyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual ünvanlayıb.
Publika.az xəbər verir ki, senatorlar R.Tillerson və N.Heyliyə sualı yanvarın 23-də, onların namizədlikləri üzrə dinləmələrin aparıldığı vaxt veriblər. Hansı ki, həmin gün Konqres hər iki şəxsin vəzifəsini təsdiqləmişdi. Bir gün sonra isə senatorlar cavab alıblar.
“Asbarez.com” saytında yayımlanan cavabda Reks Tillerson Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistan tərəfi ilə fəal işləməyə hazır olduğunu bildirib.
“Mən Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərlə işləyəcəm. İlk addım etibarın yaradılması və bütün razılaşmalara hörmət edilməsi haqda zəmanət olmalıdır”, - deyə o bildirib.
Dövlət katibi qeyd edib ki, Qarabağ münaqişəsi regionda sabitlik üçün təhlükədir.
R.Tillerson həmçinin, qondarma “erməni soyqırımı” məsələsi və Türkiyə-Ermənistan münasibətlərinə də toxunub. Bildirib ki, o, Türkiyə və Ermənistan arasında sülh və sabit münasibətlərin qurulması ABŞ-ın maraqlarına uyğundur: “Mən tarixi hadisələrinin dərindən öyrənilməsinə və iki ölkə arasında dialoqun qurulmasına çalışacam”.
Qeyd edək ki, qondarma “erməni soyqırımı” məsələsində rəsmi Ankara da tarixi araşdırmaya ehtiyac olduğunu dəfələrlə bildirib. Türkiyə tərəfi bəyan edib ki, həmin dövrlə bağlı arxiv sənədlər açılmalı və bu məsələni araşdırmaq üçün komissiya yaradılmalıdır. Lakin Ermənistan və erməni lobbisi indiyə qədər bundan yayınır. ABŞ-ın yeni dövlət katibinin 1915-ci il hadisələrini dərindən tədqiq edəcəyinə dair açıqlaması bu kontekstdə diqqət çəkir.
Tillerson onu da qeyd edib ki, ABŞ-ın regionda aktivləşməsi Ermənistan və Türkiyə arasında etibarın qurulmasına şərait yaradacaq.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli isə məsələlər ümumi cavab verib: “Mən insan haqları və beynəlxalq normaları pozan ölkələrin qınanmasından heç vaxt çəkinməyəcəm”.
Qeyd edək ki, senatorlar Robert Menendez və Eda Markey ABŞ-dakı erməni lobbisinin aktiv üzvlərindəndir. Onların Reks Tillersona sual ünvanlamaqda məqsədi ABŞ-ın yeni administrasiyasının heç olmasa Ermənistan və Dağlıq Qarabağ məsələsində mövqeyini öyrənmək olub. Lakin cavablardan da göründüyü kimi, Tillerson enə erməni lobbisini, nə də erməniləri sevindirməyib.