Düşmənin növbəti hiyləsi: - Ermənistanda “sülh yarışı” başladı

8-02-2017, 10:32           
Düşmənin növbəti hiyləsi: - Ermənistanda “sülh yarışı” başladı
Apreldə keçiriləcək parlament seçkiləri öncəsi Ermənistandakı siyasi qüvvələr Qarabağla bağlı “sülhməramlı” mövqe sərgilməyə başlayıblar. Prezident Serj Sərkisyanın ardınca, keçmiş prezident Levon Ter-Petrosyan da müharibə ritorikasından kənar mövqedən çıxış edib.

Əslində Ter-Petrosyan hələ ötən ilin sonlarında, S.Sərkisyanın “qan-qan” deyən vaxtında onu ağıllı olmağa çağırmış, güzəştləri qaçılmaz saymış və Ermənistanı perspektiv faciələrdən xilas etmək üçün qarşılıqlı güzəştlərin vacibliyini vurğulamışdı. Ter-Petrosyan “Erməni Milli Konqresi”nin qurultayında Qarabağda sülhə, kompromislərə və barışığa çağıran geniş nitqlə çıxış edib, hakimiyyətin Qarabağda status-kvonu saxlamağa yönəlmiş siyasətinin Ermənistanı və Qarabağ ermənilərini fəlakətə sürüklədiyini bildirmişdi.

Bundan sonra hətta siyasətə baş vuran Xocalı qatili, keçmiş müdafiə naziri Seyran Ohanyan da ictimai rəyi özünə cəlb etməkdən ötrü müharibə ritorikasını kənara atıb tənzimlənmənin dinc variantından bəhs etmişdi. Görünən budur ki, Ermənistan əhalisinin sürətlə ölkəni tərk etməsi, Qarabağ uğrunda ölməmək üçün xaricə üz tutan gənclərin sayının artması, Azərbaycanın prinsipial mövqeyi işğalçı ölkə siyasətçilərini ənənəvi ritorikadan çəkinməyə sövq edib. Xüsusilə də seçkilərdə xalqın səsini qazanmaq üçün müharibə bəyanatları verməyin təhlükəli olduğunu erməni liderlər də anlamamış deyillər.

Ter-Petrosyan bu dəfə də elan edib ki, onlar parlament seçkilərinə Qarabağda sülh, barışıq və mehriban qonşuluq devizi ilə gedəcəklər, habelə bu devizləri dəstəkləyən digər siyasi qüvvələrlə blok yaramağa hazırdırlar. Düzdür, Sərkisyan və digərlərindən fərqli olaraq, Ter-Petrosyan adətən Qarabağla bağlı kompromislərə meylliliyi ilə seçilib. Ancaq onun rəqiblərinin də sülhdən bəhs etməsi Ermənistanın alternativinin olmadığını təsdiqləyir.

Qeyd edək ki, Ter-Petrosyanın liderlik etdiyi “Erməni Milli Konqresi” Partiyası indiyədək onunla müttəfiq olan Xalq Partiyası ilə birlikdə aprelin 2-nə təyin edilmiş parlament seçkilərində iştirak etməyi qərara alıb. Virtualaz.org AzadlıqRadiosunun erməni xidmətinə istinadla bildirir ki, iki partiyanın yaratdığı seçki blokunun namizədlər siyahısına eks-prezident Levon Ter-Petrosyan başçılıq edir. Siyahıda ikinci yerdə Xalq Partiyasının lideri Stepan Dəmirçiyandır.

“İndi ”Erməni Milli Konqresi"nin cəmi bir partiya ilə blok yarada bilməsi Ter-Petrosyanın Qarabağda sülhə çağıran mövqeyi ilə bağlı ola bilərmi" sualına cavabında Levon Zurabyan deyib ki, səbəb bununla bağlı deyil. “Biz Ermənistan ətrafında, Dağlıq Qarabağ məsələsi ətrafında nələrin baş verdiyini analiz edirik, görürük ki, bu məsələdə, nəhayət, xalqa həqiqəti deməliyik. Biz bu həqiqəti özümüzün seçkiqabağı proqramımızın əsası kimi xalqa çatdıracağıq”-Zurabyan bildirib.

Göründüyü kimi, Qarabağ məsələsi Ermənistanın taleyini həll edən amilə çevrilib. S.Sərkisyanın ötən həftə “Dağlıq Qarabağla bağlı güzəştlərə hazırıq” bəyanatını verməsi də çoxgedişli kombinasiyanın tərkib hissəsidir. İşğalçı ölkə siyasətçiləri seçki kampaniyasına sülh mesajları ilə qatılmaqla həm də xaricdən dəstək almağa çalışırlar. Fakt budur ki, xarici amil Qarabağda dağıdıcı müharibənin tərəfdarı deyil və “nə hərb, nə sülh” durumunun qorunub saxlanmasına üstünlük verir. Bu mənada parlamentli respublikanın ali qanunverici orqanında çoxluğu əldə etməyə iddialı namizədlər “sülhməramlı” mövqedən çıxış etməklə böyük güclərin cazibəsini qazanmaq istəyirlər.

Ancaq bir məqamı da unutmamalıyıq: ATƏT-in Minsk Qrupunun həmsədrləri ötən ilin axırlarında İrəvanda olarkən onlara bildirilmişdi ki, Ermənistan heç nə qaytarmağa hazırlaşmır. İşğalçı ölkənin mətbuatı da bu mövzudan bəhs edərək yazmışdı ki, Ermənistanın yeni hökumətinin proqramına belə bir prinsip daxil edilib: “Bir qarış da olsun torpaq...” Bir qarış da torpaq qaytarmaq istəməyənlərin indi ağız-ağıza verib sülhdən danışması təbii ki, şübhələr doğurur.

Politoloq Arzu Nağıyev də “Yeni Müsavat”a bildirdi ki, bütün bunlar hamısı seçkiqabağı siyasi gedişlərdir: “Sərkisyan və onun komandası nəyin bahasına olursa-olsun Qarabağ klanının hakimiyyətdə qalmasına çalışacaq. Çünki bu onun gələcəkdə sığortalanması deməkdir. Məlumdur ki, əvvəlki seçkilərdə də onlar ”Qarabağ kartı"ndan ustalıqla istifadə ediblər və hakimiyyəti bir-birilərinə ötürməklə məşğul olublar. Burada əsas məqam kimi separatçılara və millətçilərə müstəqillik söz verilmişdi və ordunun da kifayət qədər güclü olduğu mifi yaradıldı. Lakin bu gün bunların heç biri işləmir. Eyni zamanda vətəndaşlar öz övladlarını müharibəyə və ya hətta orduya belə getməyə qoymurlar. Maraqlısı da odur ki, həm Ter-Petrosyan, həm də Sərkisyan bu kartlardan istifadə edir".

Ekspert də təsdiqləyir ki, erməni siyasətçilər Qərbin gözündə bir “sülhsevər”, “humanist” imic yaratmaq üçün bu addımları atırlar: “Bu gün Ermənistanda millətçilərlə bərabər həm də qərbyönümlü qüvvələr də var və seçkidə iştirak edəcəklər. Başqa bir faktor da Rusiya faktorudur. Bu gün Rusiya nəyin bahasına olursa-olsun Dağlıq Qarabağ probleminin həllinə çalışır, məqsəd həm nüfuz, həm də sülhsevər kimi ad qazanmaqdır. Bundan başqa, Rusiyanın hərbi bazalarının Ermənistan ərazisində yerləşməsi KTMT-nin üzvü belə olmasına baxmayaraq, Ermənistanda birmənalı qarşılanmır. İqtisadi məsələləri də ön palana çəkən seçicilər onsuz da dağılan büdcənin çox hissəsinin hərbi xərclərə getməsindən narazıdırlar. Məhz bütün bu faktorlar olduğu üçün namizədlər ”sülh platforması"na daha çox üstünlük verirlər. Təbii ki, seçkilərdə, necə deyərlər, vəd və sonradan ona əməl etmək məsələsi var, bunu isə gələcək göstərəcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.