Belarus səfirliyindən erməni təhdidi ilə bağlı - Açıqlama

9-02-2017, 10:21           
Belarus səfirliyindən erməni təhdidi ilə bağlı - Açıqlama
İrəvanda yerləşən Belarus səfirliyi üçün hər hansı bir təhlükə yoxdur.

Bu sözləri Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviçin müavini Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı ermənilərin keçirdiyi etiraz aksiyalarının Belarus diplomatlarına təhdidi haqda Axar.az-a danışarkən deyib.

Onun sözlərinə görə, hələ ki, Belarusun İrəvanda yerləşən səfirliyi və diplomatları üçün hər hansı bir təhlükənin mövcud olduğu haqda məlumat daxil olmayıb.

Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan blogger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Üstəlik, Azərbaycan XİN-in qara siyahısında olmasına rəğmən, Ukrayna pasportu ilə Azərbaycana da səfər etməyi bacarıb. Buna səbəb isə Ukrayna pasportunda adının “Aleksandr” deyil, “Oleksandr” yazılması olub.

Azərbaycan Baş Prokurorluğu A.Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A.Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb.

Belarus Ali Məhkəməsinə verilən apelyasiya şikayətinə də ötən gün baxılıb. Məhkəmənin qərarı ilə A.Lapşinin iddiası rədd edilib. Belarus Avropa İnsan Hüquqları Məhkəməsinin üzvü olmadığına görə Ali Məhkəmə şikayət üçün son instansiya idi.

Ötən gün gecə saatlarında A.Lapşinin Azərbaycana ekstradisiyası baş tutub. Lapşin hazırda Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasındadır.

Bunun ardınca İrəvanda Belarus səfirliyinin qarşısında aksiya keçirilib, diplomatlara qarşı təhdidlər səsləndirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.