Mehman Əliyev: “Qoy desin ki, hakimiyyəti nə zaman və necə qorumuşam”

10-02-2017, 09:22           
Mehman Əliyev: “Qoy desin ki, hakimiyyəti nə zaman və necə qorumuşam”
“Azadlıq” qəzetinin köşə yazarı Xaliq Bahadır “24 il, bir gün, bir an” başlıqlı köşə yazısı yazıb. Qəzetin eyniadlı saytında yer alan yazı Lavrova sual verdiyi üçün işdən çıxarılan jurnalist Anar Həsənova həsr olunub. Yazının “Kampaniya kompanyonları” yarımbaşlıqlı hissəsində X.Bahadır “Turan” agentliyinin rəhbəri Mehman Əliyevin ünvanına ağır ittihamlar səsləndirib.

O deyib ki, Mehman Əliyev “Yeni Müsavat”a müsahibəsində Prezident Administrasiyasının göstərişi ilə Anarı “muzdlu jurnalist” adlandırıb. Sitat: “Görəsən, hər seçki (referendum) qabağı hakimiyyəti qoruma funksiyasını üzərinə götürən Mehman Əliyevi də ”muzdlu jurnalist" adlandırmaq olarmı?"

Bir daha qeyd edək ki, “Turan” informasiya agentliyinin direktoru M.Əliyev sözügedən açıqlamasını “Yeni Müsavat” qəzetinə verib. Bu səbəbdən də X.Bahadırın ittiham xarakterli iddialarına münasibət öyrənmək istədik. Müsahibimiz dedi ki, öz fikrində qalır və A.Həsənovla bağlı məsələdə fikirləri dəyişməyib: “Mən jurnalistəm. Təhsilim jurnalistikadır. Peşə əxlaq kodeksinə hörmətlə yanaşmışam hər zaman. Məhz buna görə də bu 26 il ərzində ”Turan" olaraq bir dəfə də məhkəməyə verilməmişik. Biz hesab edirik ki, yüksək standartlarla fəaliyyət göstəririk. Yenə də öz mövqeyimdə qalıram ki, jurnalist məsuliyyətli olmalıdır. Sualın qoyuluşuna diqqət etmək, ona hansı cavabların veriləcəyini hesablamaq lazımdır. “Kimə istəyirəm, necə istəyirəm... ” deyə sual vermək olmaz. Ya da ki, belə sual verirsənsə, nəticələrini də nəzərə almalısan. Məsələn, ortaya belə nəticələr çıxanda heç kim deməsin ki, bu, qərəzli mövqedir. Yenə də təkrar edirəm ki, Anar Həsənov muzdlu jurnalistdir. Bəli, onun konkret olaraq sahibləri var. Ona vəsait verən, tabe olduğu redaksiya var. Redaksiyada işləyir və muzdlu jurnalist olaraq çalışır. O redaksiya hansı qərarı verirsə, ona da tabe olmalıdır. Mənim jurnalistlərim də status yazıblar. Ya da hansısa yazını düzgün yazmayıblar, xəbərdə yanlışlığa yol veriblər. Amma mən buna görə heç kimi işdən çıxarmamışam. Redaksiya buna qərar verirsə, özü bilər. Hansı redaksiyada necə qərar verirsə, bu, onların daxili işidir. Amma jurnalist məsuliyyəti, prinsipləri anlayışı var".

M.Əliyev X.Bahadırın “hər seçki (referendum) qabağı hakimiyyəti qoruma funksiyasını üzərinə götürən Mehman Əliyev” ittihamına da aydınlıq gətirdi. Dedi ki, qoy bunu yazan X.Bahadır hakimiyyəti nə zaman və nə ilə qoruduğutu da konkret açıqlasın: “Və onu da desin ki, hakimiyyət bunun müqabilində mənə nə verib? Demişəm ki, islahatlar olacaq, gündəm dəyişəcək. Referendum keçirilib, aprel-mart ayında islahatlara başlayacaqlar. Hamı deyirdi ki, deyəsənb Mehman Əliyev də dəyişib. Amma ölkədə tamam başqa situasiya yarandı. Mən demirəm ki, ölkə dəyişdi, demokratiya quruldu. Amma ölkədə durğunluq dövrü bitdi. Bu da ölkədə bəzi sahələrdə islahatları ortaya qoyub. Başqa yol yoxdur. Azadlıqların qorunması, islahatların edilməsi asan məsələ deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.