Trampın mübahisəli və davakar komandası təsdiqlənir - müharibə generalları yeni administrasiyada
10-02-2017, 09:24
Ordudan gəlmiş və sərt xəttin tərəfdarı olan generallar ABŞ-ın dünyada, o cümlədən Yaxın Şərqdəki maraqlarının müdafiəsi, müttəfiqlərinin qorunması üçün silaha əl atmağın tərəfdarıdırlar
ABŞ prezidenti Donald Tramp kabinetini formalaşdırıb. APA Ağ Evin yaydığı açıqlamaya istinadən prezident Trampın kabinet üzvü olan 24 nəfərin adını elan etdiyini xəbər verib.
ABŞ Senatı yeni kabinet üzvlərini təsdiqləməkdə davam edir. Son olaraq Detsi Devis çətinliklə keçirilən səsvermə ilə təsdiqlənib. Uzun illərdən sonra ilk dəfə Senatda səslər bərabərə qalıb və yalnız vitse-prezident (ABŞ qanunlarına görə vitse-prezident həm də Senatın spikeridir – K.R.) Mayk Pensin səsi nəticəsində bir səs üstünlüyü ilə Detsi Devisin təyinatı rəsmiləşib. Fevralın 8-də isə ədliyyə naziri postuna Alabama ştatının senatoru Cef Sesşns 47 səsə qarşı 52 səslə təsdiqlənib. Ədliyyə naziri də Trampın ən qalmaqallı kadrlarından hesab olunur. Yeni ədliyyə naziri irqçi addımları ilə tanınır və Senatda ciddi müxalifəti var. 70 yaşlı senator Trampın qızğın tərəfdarı, miqrantlara qarşı sərt siyasətin tərəfdarıdır. Ondan əvvəlki postu tutan şəxs Trampın 7 ölkəyə viza qadağasına etiraz etdiyi üçün istefaya gedib.
Qeyd edək ki, bununla da əslində ABŞ prezidentinin yeni komandası demək olaraq tam şəkildə formalaşıb. Kabinetin ən nüfuzlu nümayəndələri vitse-prezident Maykl Pens, dövlət katibi Reks Tillerson və müdafiə naziri Ceyms Mattisdir. ABŞ dövlət hakimiyyətində prezidentdən sonra ən çox nüfuza və dünyaya təsir imkanlarına malik şəxslər bunlardır. Vitse-prezident bir qayda olaraq ölkə daxilində və xaricində prezidenti təmsil edir, mühüm danışıqlar aparır. Dövlət katibi isə xarici işlər naziri postuna uyğun olaraq super dövlətin xarici siyasətini müəyyən edir, diplomatiyanı idarə edir. Müdafiə naziri isə dünyanın bütün nöqtələrinə Amerika hərbi gücünə rəhbərlik etməklə, Vaşinqtonun maraqlarının əsas müdafiəçisidir.
Daha əvvəl İndiana ştatının qubernatoru olan Mayk Pens Trampa fikir olaraq yaxın, yevangelist kilsəsinin üzvü və radikal görüşləri ilə tanınır. Ancaq Pens seçki kampaniyası dönəmində kölgədə qalan fiqurlardandır.
ABŞ xarici siyasətinin başında dayanan dövlət katibi, “Exxon Mobil” neft korporasiyasının keçmiş direktoru Reks Tillersonun xarici siyasət və dövlət təcrübəsi olmasa da, neft kompaniyası rəhbəri kimi “dərin siyasət” təcrübəsi var. Namizədliyi dönəmində “Putinin dostu” kimi təqdim edilən Tillerson 13 ilə yaxın ABŞ-ın və dünyanın ən böyük enerji şirkətlərindən birini idarə edib və bu zaman Rusiya prezidentindən medal da alıb.
Trampın ən çox diqqət çəkən və belə demək olarsa, mübahisəsiz komanda üzvü müdafiə naziri, Əfqanıstan və İraq müharibələri veteranı, “quduz köpək” ləqəbli general Ceyms Mattisdir. 66 yaşlı generalın Obamanın zamanında İran məsələsində fikir ayrılığı səbəbindən istefa verdiyi iddia olunur. Əgər bu doğrudursa, o zaman Mattisin nazirliyi zamanı İranla gərginliyin artması, hətta toqquşmanın olması gözləniləndir.
Yeri gəlmişkən, Trampın komandasında keçmiş hərbçi və “İran düşmənləri” yalnız Mattis deyil. Daxili işlər naziri təyin olunan 55 yaşlı Rayan Zinke 23 il ABŞ Dəniz Qüvvələrində xidmət edib. 2008-ci ildə istefa verdikdən sonra siyasətə qatılıb.
Daxili Təhlükəsizlik Naziri, istefada olan general Con Kelli nə az, nə çox 50 il ABŞ ordusunda xidmət edib. Kelli kəskin bir İran əleyhdarıdır, Mattis kimi o da əvvəlki hökumətin İran siyasətini tənqid edib. Trampın ilk günlərdən İran əleyhinə bəyanatlarının səbəblərini də məhz komandasındakı generallarda axtarmaq lazım gəlir. Ordudan gəlmiş və sərt xəttin tərəfdarı olan generallar ABŞ-ın dünyada, o cümlədən Yaxın Şərqdəki maraqlarının müdafiəsi, müttəfiqlərinin qorunması üçün silaha əl atmağın tərəfdarıdırlar. Hazırda ABŞ-ın yeni hökumətinin gündəmində İŞİD terroruna qarşı mübarizə dayanır. Yaxın zamanlarda Tramp hökumətinin İŞİD-ə qarşı əməliyyatları sürətləndirəcəyi gözlənilir. Artıq Mərkəzi Kəşfiyyat İdarəsinin yeni sədrinin Ankaraya səfərə gəldiyi bildirilir.
Kəşfiyyat rəhbərinin əsas gündəmi Suriya və terrora qarşı mübarizə və kürd məsələsi olacaq. Vaşinqton Yaxın Şərqdə İŞİD-ə qarşı effektiv mübarizə aparmaq, müttəfiqlərini itirməmək üçün Ankara ilə “saatlarını tutuşdurmağa” çalışır. Türkiyə hakimiyyəti Vaşinqtonla kürd məsələsi şərti ilə anlaşmağa hazırdır. Ankara Vaşinqtonun kürdlərə dəstəyi dayandırmasını istəyir. Əgər Tramp kürdlərə dəstəkdən imtina etsə Ankara ilə yaxınlaşsa bu, Türkiyə üçün də ciddi uğur olar.
Trampın generallardan ibarət komandası Yaxın Şərqi hədələyir. Ancaq bu hədənin hər an silahlı toqquşmaya çevrilməsi təhlükəsi də var. Hələliksə Vaşinqtonun yeni kabineti mövqelərini möhkəmləndirməyə, köhnə müttəfiqləri yenidən geri qazanmağa çalışır. Artıq Türkiyə mediası Trampın Fətullah Güləni geri qaytarmağa hazır olması ilə bağlı xəbərlər yayırlar. Bu o deməkdir ki, Vaşinqton Ankaranı Moskvadan geri qalmağa çalışır. Rusların iki gün əvvəl PKK və PYD-ni terror təşkilatı olaraq tanımadıqlarını açıqlaması da ortada hansısa gizli narazılığın olması versiyasını gücləndirir. Bu gəlişmələrin nə ilə nəticələnəcəyini demək çətin olsa da, proseslərin xeyli qaynar olacağını demək mümkündür.musavat.som//