Mirmahmud Mirəlioğlu: “Beş adamı bir araya gətirə bilməyənlər böyük-böyük danışırlar”
10-02-2017, 09:40
Pənah Hüseyn: “Komanda və platformadan öncə əsas vacib olan lider məsələsidir”; Mirmahmud Mirəlioğlu: “Təkliflərdə heç bir yenilik yoxdur”
REAL hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı novator.az-a müsahibəsində ölkə müxalifətinin indiyə qədər yaratdıqları birliklər və hazırkı durumu ilə bağlı maraqlı fikirlər səsləndirib. O, hazırda demokratik düşərgənin qarşısında həll olunmalı üç məsələnin olduğunu bildirib.
O deyib ki, daha əvvəl yaranmış bloklar, birliklər uğur qazana bilməyib: “Uğursuzluğun əsas səbəbi müxalifətin hər zaman vahid namizəd və ya ana müxalifət məsələlərini önə çəkməsidir. Hər iki məsələdə müxalif təşkilatlar arasında, hətta blokların və birliklərin daxilində çəkişmələr və ciddi rəqabət yaranıb. Sanki təşkilatlar öz aralarında rəqabət aparmaq üçün ittifaqa daxil olublar. Müxalifət heç bir zaman birgə proqram və ya platforma, birgə komanda ideyaları ilə birləşməyib. Partiyalar bu iki məsələdə konsensusa gələ bilsəydi, digər bütün məsələləri, o cümlədən vahid namizəd məsələsini də həll edə bilərdi. Təəssüf ki, birliklər yarananda bütün şərtlər, strateji və taktiki addımlar əvvəlcədən razılaşdırılmayıb, öhdəliklər əvvəlcədən rəsmiləşdirilməyib. Həm də müxalif partiyalar daim müxtəlif birliklərə özlərinə yaxın təşkilatların gəlməsi üçün yarışıblar. Nəticədə heç bir nüfuzu olmayan şəxslər və ya təşkilatlar ittifaqlarda yer alıb. Hakimiyyət bu tip təşkilatları və insanları çox asanlıqla ələ almağı bacarıb, onların vasitəsilə müxalif birlikləri zəiflədib və çökdürüb. Müxalifət üç məsələni həll etməlidir: proqram və komanda, kölgə kabineti əsasında birləşmək; güc mərkəzlərini müəyyən edəcək mexanizmi axtarıb tapmaq; əsas müxalif təşkilatları birləşdirmək”.
REAL funksionerinin fikirləri ilə bağlı müxalifətin mövqeyini aldıq.
AXP lideri Pənah Hüseyn mövqeyini bu cür sərgilədi: “Seçkilər ərəfəsində müxalif birliklərin bir qurumda təmsil olunmaları düşərgənin güclənməsinə səbəb olub. Müxalifət bir yerdə olanda pərakəndə olduğundan daha güclü olur. Proseslərə təsiri də daha güclü olur. Hakimiyyətə gəlmək şansı da birlik olanda ayrı olduğumuz dövrlərdən daha yüksək olub. Bunları mütləq nəzərə almaq lazımdır. İndiyə qədər olan mövcud hakimiyyətin fəaliyyəti, yürütdüyü siyasət müxalifətin bir araya gəlməsini diktə edir. Komanda və platformadan öncə əsas vacib olan lider məsələsidir. Bizdə prezident idarə üsulunun olduğunu nəzərə alsaq, vahid bir qurumun yaradılması hər zaman vacib olub. Bir siyasi partiyanın qurumda təmsil olunmaması bütövlükdə birliyin olmaması anlamına gəlməməlidir. Söhbət cəmiyyətdə ciddi nüfuzu olan, proseslərə təsir gücündə olan şəxslər və qurumlardan gedir. Hazırkı durum bütün qüvvələrin birliyinə zəmin yaradır. Bu birlik ziyalıların, gənclər təşkilatlarının, bütövlükdə müxalif insanların bir araya gəlməsi kimi başa düşülməlidir. Bu dəqiqə əsas mövzulardan biri bir liderin prezident seçkilərində vahid şəkildə iştirakı ilə bağlıdır. Bu, təkcə 2018-ci ilin prezident seçkilərinə hazırlıq kimi də başa düşülməməlidir. Ola bilər ki, siyasi partiyalardan o seçkilərdə iştirak etməyən qurumlar olsun. Cəmiyyətdə seçki mühitinin yaradılması və 2008-ci ilin prezident seçkiləri xatırladılmadan, gələnilki seçkilərə hazırlığın startı indi verilməlidir. Proseslərin gedişində konkret bir şəxsin namizədliyi üzərində dayanılmalıdır. İstənilən qurumun öz platforması var. Siyasi qurumlar platformalar ətrafında birləşmirlər. Yeri gəlmişkən bir sıra siyasi partiyalar artıq gələnilki seçkilərlə bağlı müzakirələr aparırlar. Eyni zamanda digər siyasi qurumlarla da müəyyən məsləhətləşmələr aparılır. Antiböhran koalisiyasına daxil olan partiyaların da bu mövzuda tədbir keçirməsi gözlənilir”.
KXCP sədri Mirmahmud Mirəlioğlu sərt danışdı: “Hər kəs gördüyünü, eşitdiyini, oxuduğunu təqdim etməyə çalışır. Hesab edir ki, bu bir siyasətdir. Biz illərdir bu məsələlərlə məşğuluq. Burada heç bir yenilik yoxdur. Bütün dünyada plagiatlıq baş alıb gedir. Azərbaycanda yeni fikir demək iddiasına düşənlər var. Partiya yaratmaq eşqinə düşüblər. Partiyaların adını daha güclü qoymaq istəyirlər. Gənclərimiz də düşünürlər ki, nəsə yeni bir şey deyirlər. Amma burada heç bir yenilik yoxdur, Azər Qasımlının dediklərində də. Bu baxımdan mövqe bildirməyə ehtiyac yoxdur. Şərtlərdən, 3-5 məsələnin olduğundan danışırlar. Beş adamı bir araya gətirə bilməyənlər böyük-böyük danışırlar. Onlar əslində Azərbaycanın probleminə çevrilirlər”.