Araz Əlizadədən daha bir qalmaqallı AÇIQLAMA: - "Nuru Paşaya görə məni söyənlər zəif və acizdirlər"
11-02-2017, 13:42
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə Bakının xilaskarı Nuru Paşa haqqında bir müddət əvvəl səsləndirdiyi qalmaqallı fikirlərə tənqidi yanaşanlara cavab verib.
O unikal.org-a açıqlamasında deyib ki, Nuru Paşa ilə bağlı səsləndirdiyi fikirlərdən imtina etmir:
"Mən siyasətçiyəm və öz fikirlərim ola bilər. Nuru Paşa Peyğəmbər, Allah deyil ki, onun haqqında nəsə demək mümkün olmasın. Ümumiyyətlə biz büdpərəstlikdən çoxdan imtina etmişik. Nuru Paşa ilə bağlı səsləndirdiyim fikirlərdən də imtina etmirəm və bunu zamanının öhdəsinə buraxıram”.
A. Əlizadə onu tənqid və təhqir edənlərə belə cavab verib: "Məni tənqid edənlərə cavabım odur ki, getsinlər tarixi öyrənsin və tədqiq etsinlər. Söyənlərə deyirəm ki, əbləh adamlara cavab susmaqdır. Söyüş söyənlər artıq öz söyüşləri ilə sübut edirlər ki, zəif və acizdirlər. Çünki, onların mənim fikirlərimi inkar etmək üçün heç bir dəlilləri yoxdur. Mən 30 ilə yaxındır ki, siyasətdəyəm və bu müddət ərzində çox fikirlər söyləmişəm. Əvvəl siyasətçilər bir-birlərinə söyüşlə, təhqirlə cavab verirdilər. Zaman gəlib göstərdi ki, mənim fikirlərim düzdür. Nuru Paşa ilə bağlı fikirləri yenə də buraxıram zamanın öhdəsinə və dediyim fikirlərdən dönmürəm.”
Partiya sədri Nuru Paşa ilə bağlı səsləndirdiyi fikrə görə onun deputat mandatının ləğv edilməsi ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:
"Ekspert komisiyyası var və mən orada fikirlərimi əsaslandırılmış şəkildə söyləyərəm. Kim isə fikirlərimə görə mandatımın ləğv olunmasını istəyirsə, burada mənim üçün heç bir qəbahət yoxdur.”
Qeyd edək ki, Araz Əlizadə Nur Paşa ilə bağlı səsləndirdiyi bu fikirləri birmənalı qarşılanmayıb: "Uşaqlarımız, gənclərimiz bilsinlər ki, erməni qara yarasını Azərbaycanın bədəninə Osmanlı imperatorluğu salıb. Türkiyə isə Osmanlı imperiyasının cinayətlərinə görə, cavab vermək fikrində deyil. Biz desək ki, Osmanlının sayəsində Azərbaycan ərazisində Ermənistan dövləti yaranıb, çıxıb deyəcəklər ki, bunu ingilislər təkid edirdilər. Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi”.