Avropa Birliyi ilə müzakirələrin detalları açıqlandı - Brüsselin də öz şərti var

13-02-2017, 10:01           
Avropa Birliyi ilə müzakirələrin detalları açıqlandı - Brüsselin də öz şərti var
Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfəri ötən həftənin ən çox diqqət ayrılan mövzularından biri oldu. Prezidentin səfəri zamanı Avropa Parlamentinin sədrindən başqa (görüşdən imtina həmin gün Avropa Parlamentində Azərbaycanda insan haqları və demokratiya ilə bağlı dinləmələrin keçirilməsinə etirazın forması idi) Avropa İttifaqının strukturlarına rəhbərlik edən bütün şəxslərlə görüşdü.

Bu sıraya Avropa İttfaqının prezidenti Donald Tusku, Avropa İttifaqının baş komissarı Jan-Klod Yunkeri, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçi və digər vitse-prezidenti, o cümlədən qurumun xarici siyasət məsələlərinə cavabdeh Federika Mogerini göstərmək olar. Ekspertlərin təhlili onu deməyə əsas verir ki, Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi imkanları rəsmi Bakının marağındadır. Bildirilir ki, rəsmi Bakı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi vədini verərsə, Azərbaycan Avropa İttifaqı ilə arasındakı münasibətlər tam yeni mərhələyə keçəcək.

Məlum olub ki, Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üzrə aparılan ilkin danışıqlarda sırf texniki məsələlər müzakirə olunub. Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev APA-ya deyib ki, görüşdə substantiv heç nə danışılmayıb: “Hələ ki bizim layihə üzrə onların mövqeyini gözləyirik. Onlar indiyə qədər bizə məlumat verməyiblər. Mən orada olanda da dedim ki, bu məlumat bizə verilməlidir ki, biz baxaq və ondan sonra substantiv danışıqlar aparaq. Mən ayrıca olaraq onların danışıqlar üzrə rəhbəri ilə də görüşdüm. İki saata yaxın görüş keçirdik. Kiçik texniki məsələləri, görüşlərin necə olması, hansı formada keçirilməsi, videokonfransların təşkili barədə müzakirələr apardıq. Lakin əsas məsələ bizim təqdim etdiyimiz layihəyə onların münasibətini öyrənməkdir. Nə qədər tez öz təkliflərini, düzəlişlərini versələr, o qədər yaxşı olar. Çünki bizə vaxt lazımdır. Azərbaycanda bütün qurumlar bu məsələdə iştirak edirlər. Biz ciddi müzakirə aparmalı və mövqelərimizi müəyyənləşdirməliyik”.

Nazir müavini qeyd edib ki, Azərbaycan üçün ən həssas mövzular təhlükəsizlik, siyasi məsələlər və münaqişədir: “Qarşı tərəf də əsasən siyasi və təhlükəsizlik məsələsinə həssas yanaşır. Çünki bu məsələ həllini tapmasa, digər məsələlər çətin olacaq. Sülh, sabitlik olmasa, nədən danışa bilərik? Onlar ticarət, investisiya, sərmayə məsələlərinə də ciddi diqqət ayırırlar. Amma yenə deyirəm ki, ilk növbədə onların bizim layihə üzrə konkret təklif və düzəlişlərini görüb, ona uyğun hazırlaşmalıyıq. Bütün danışıqlar 3 blok üzrə aparılır. Birincisi siyasi və təhlükəsizlik məsələləri, ikincisi ticarət və sərmayələr, üçüncüsü yerdə qalan digər iqtisadi, sosial, humanitar və sair məsələlər. Onlar təklif edir ki, müzakirələr bu 3 blokda paralel getsin. Təbii ki, biz bu təklifə baxacağıq. Lakin vurğulamışıq ki, birinci blok bizim üçün çox əhəmiyyətlidir. Təklif etmişik ki, biz bu blokdan başlayaq. Sonra ola bilsin, paralel o biri bloklara baxarıq”.

Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov da Avropa İttifaqı ilə müzakirə edilən sənəddən danışıb: “Aİ tərəfindən bir zamanlar təqdim edilən assosiasiya sazişi Azərbaycan tərəfindən qəbul olunmadı. Biz orada müəyyən məsələlərin Azərbaycanın milli və dövlətçilik maraqlarına cavab vermədiyini qeyd edərək buna razı olmadıq. Biz əməkdaşlığın başqa formatını təklif etdik. Avropa İttifaqında müəyyən məsələləri təhlil etdilər və bildirdilər ki, bu mümkündür”.

Ötən ilin sonlarında iki tərəf arasında tərəfdaşlıq sənədinin hazırlanması üçün mandat verildiyini qeyd edən N. Məmmədov deyib ki, hazırda bu istiqamətdə iş gedir.
“YM”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.