“Lapşinin işi”: qanuni addımlar və ədalətsiz yanaşmalar

13-02-2017, 13:48           
“Lapşinin işi”: qanuni addımlar və ədalətsiz yanaşmalar
Son günlərin, necə deyərlər, ən “dəbdə” olan xəbərlərin sırasında blogger Aleksandr Lapşinlə bağlı yazılar ilk yerlərdən birini tutur. Həm də təkcə bizim ölkə mediasında deyil, Rusiya, ABŞ, Ukrayna, Belarus, İsrail KİV-lərdə. Amma bunların demək olar heç birində Lapşinin məsələsi Ermənistandakı qədər səs-küy qaldırmayıb. Maraqlıdır, niyə? Bu barədə bir qədər sonra danışarıq. Hələliksə, “Aleksandr Lapşin kimdir, onun hansı hərəkəti bu qədər geniş əks-səda doğurmuşdur?” sualına cavab verməyə çalışaq.
1976-cı ildə Rusiyanın Sverdlovsk (indi Yekaterinburq) şəhərində anadan olmuş, Rusiya, Ukrayna və İsrail vətəndaşlığı olan, yarırus-yarıyəhudi milliyyətli bu şəxs ilk baxışdan sadə bir adam, yüz minlərlə bloggerlərdən biridir. Əslində isə bu, onun barəsində ən bəsit və aldadıcı təəssüratdır. Həmin təəssüratların altındasa dünyanın bəlkə yarısını gəzib dolaşmış bu adamın fəaliyyətinin bünövrəsində kimlərinsə tapşırıqlarının icrası məqsədi ilə casusluq, təxribatçılıq, pravokatorluq fəaliyyəti dururmuş. Təbii ki, boş yerə deyil, iri maddi qarşılıq müqabilində həmin bu Lapşin ayrı-ayrı qüvvələrin əlində alətə çevrilmişdir.
Bu siyasi alətin elə erməni işğalı altında olan ərazilərə dəfələrlə həyata keçirdiyi qeyri-qanuni səfərləri də məhz həmin mənbədən qaynaqlanmışdır. Təsəvvür edin ki, 2011-ci ildən başlayan qanunsuz səfərlərə görə adı Azərbaycanda arzuolunmaz şəxslərin siyahısına düşdüyünü bilə-bilə, “inadcıl” Lapşin 2016-cı ilin iyun ayında da artıq 27-28 ildir Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağa və ətraf bölgələrə səfər etmişdir, özü də bu dəfə başqa cür “biclik” edərək adı fərqli şəkildə “Oleksandr” kimi qeyd edilmiş Ukrayna pasportuyla. Bu səbəbdən keçid sistemi onu “tanımamışdı”. Və o vaxt kimlərinsə “aləti” Aleksandr Lapşin öyünmüşdü: “Çempionlar liqasında oyun: Azərbaycan Respublikası Saşa Lapşinə qarşı, hesab 1:0 bloggerin xeyrinə”. Yəni, qərəzkarcasına bütün qanunları inkar və separatçıları təbliğ edərək blogger açıq şəkildə özünü Azərbaycana qarşı qoyduğunu nümayiş etdirmişdi. Bu ifrat antiazərbaycançı yazıb ki, “mən təkcə ölkənin imicini yox, həm də öz həlak olanlarının xatirəsini ləkələyən qabiliyyətsizlərin əlində olan Azərbaycan adlı ölkəyə görə getdikcə daha çox ümidsizliyə qapılıram”. Hələ bu, hamısı deyil. Dağlıq Qarabağa hər icazəsiz səfəri zamanı blogger xüsusi canfəşanlıqla, yorulmadan separatçı rejimin təbliğatı ilə məşğul olub və utanıb-çəkinmədən Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib.
A.Lapşinin hərəkətində ağır cinayətlərin tərkibinin mövcudluğunu görmək üçün hüquqşünas olmaq lazım gəlmir. Məhz bu əsaslara görə Azərbaycan Respublikasının Baş Prokurorluğu A.Lapşin haqqında AR Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb, o, beynəlxalq axtarışa verilib və blogger Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A.Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib, lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Həmin qərardan Ali Məhkəməyə verilmiş şikayət isə bu instansiya tərəfindən təmin etməyib.
Belarus prezidenti Aleksandr Lukaşenkonun da məsələyə obyektiv yanaşması Azərbaycan qanunlarını bilərəkdən və qəsdən kobudcasına pozmuş blogger A.Lapşinin Azərbaycana ekstradisiya olunmasını təmin etmişdir. Yeri gəlmişkən, sağdan-soldan olan təzyiqlərə baxmayaraq, prezidentin mövqeyi ədalətli və qəti oldu: “Azərbaycanın tələbi haqlıdır və biz onu yerinə yetirməyə bilmərik”.
Təbiidir ki, bloggerin vətəndaşı olduğu hər üç ölkə məsələylə bağlı mövqelərini dövlət rəsmləri səviyyəsində bildirmişlər. Rusiyanın xüsusi, özünəməxsus rəyi barədə aşağıda danışacağıq. Hələliksə, məsələylə bağlı başqa, Lapşinə heç bir dəxli olmayan ölkə – Ermənistanda baş verənlərə toxunmaq lazım gəlir.
Məsələ burasındadır ki, doğrudan da, Lapşindən ötrü ən çox əldən-ayaqdan gedən bloggerə bilavasitə dəxli olmayan məhz bu ölkənin rəhbərlərindən tutmuş, deputatlarına, siyasətbazlarına, kütləvi informasiya vasitələrinə qədər hamı “düşmən tərəfin” əsir götürdüyü ən “hörmətli-izzətli” ermənisi üçün eləmədikləri canfəşanlığı nümayiş etdirlilər. Biz “bilavasitə dəxli olmayan” ifadəsindən təsadüfən istifadə etmədik. Çünki Lapşin ermənilərə milli və vətəndaşlıq əlaqələri ilə həqiqətən yaddır, amma bloggerin Qarabağa və onun ətrafındakı işğal altında olan ərazilərə səfərləri məhz elə Ermənistanın maraqlarına xidmət edirdi.
Bu ölkənin “sözçüləri” məsələnin ATƏT və Avropa Şurası, KTMT və AİB qarşısında qaldırmaq lüzumundan danışır, hətta Belarusun sonuncu iki təşkilatdan çıxarılması, Ermənistanın bu ölkədəki səfirinin geri çağrılması və iki ölkə arasındakı diplomatik əlaqələrə son qoyulması kimi absurd fikirlər ortaya atılırdı. Ermənilər Belarusun Ermənistandakı, Kanberridəki səfirlikləri qarşısında etiraz aksiyaları keçirdilər. Avstraliyadakı aksiya iştirakçıları aksiyalarını “Təzyiq yox, söz azadlığı”, “Lukaşenko, Azərbaycan üçün çirkli iş görmə”, “Demokratiya diktaturadan öndədir” kimi şüarlarla keçirirdilər. Halbuki, Lapşindən ötəri yaxalarını cıran həmin bu “demokratiya tərəfdarlarının” bir dəfə də olsun demokratiyanın, söz, seçki və insan azadlığının nə olduğu bilinməyən, əvəzində rüşvət və korrupsiyanın, qanunsuzluğun, özbaşınalığın baş alıb getdiyi Ermənistanın qeyri-legitim prezidenti Serj Sarkisyana qarşı etiraz aksiyası keçirmək ağıllarına belə gəlmir. Nə isə, qayıdaq “Lapşinin işi” ilə bağlı onun “əsas vətəni” olan və onun, necə deyərlər, kürəyində dayanan Rusiyanın rəsmi dairələrinin mövqeyinə.
“Biz vətəndaşımızın maraqlarını qanun çərçivəsində müdafiə edirik” şüarı ilə Rusiya rəsmiləri “A.Lapşinin işi”nə böyük canfəşanlıq nümayişi ilə yanaşırlar. Təbii ki, özü-özlüyündə hər bir dövlətin hər bir vətəndaşının taleyinə həssaslıqla yanaşması vacib və təqdirəlayiq haldır. Ancaq bunun da müəyyən mütləq meyyarları, şərtləri var. Burada ayrı-ceçkiliyə, fərqli, ikili yanaşmaya yol verilə bilməz. Cinayətkarla günahsıza eyni münasibətlə yanaşmaq olmaz axı. Digəl, əksinə, müasir dünyada məhz ayrı-ceçkilik, fərqli, ikili yanaşmalar at oynadır, güc sahibi olan dövlətlərin, əksər beynəlxalq təşkilatların siyasətini, təəssüflər ki, elə həmin yolverilməz prinsip müəyyənləşdirir və bu, fərdi maraqlar, milli, dini mənsubiyyət və başqa belə kriteriyalara söykənir. Azərbaycana aidiyyəti olan bir çox məsələlərə yanaşma da, nə yazıqlar ki, məhz həmin o kriteriyalardan qidalanıır – istər bu ölkənin tarixi, ərazisi, istər Qarabağ münaqişəsi, istər “Lapşinin işi” və bu qəbildən olan digər məsələlər olsun.
Bəli, qədim qonşumuz, daim Azərbaycanın onun əsas müttəfiqi olduğunu israrlayan, tarix boyu onun müxtəlif sərvətlərindən geninə-boluna bəhrələnmiş Rusiya Federasiyasının ölkəmizlə bağlı bütün sahələrdə yanaşması, yenə təəssüf ki, məhz həmin yolverilməz əsaslara söykənir. Bu, özünü “Lapşinin işi”ndə də aydın şəkildə büruzə verdi.
Rusiya XİN rəhbəri Sergey Lavrov məsələ ilə bağlı qeyd edib ki, “Moskva istənilən jurnalist və şəxsin dünyanın istənilən yerində hər hansı yeri ziyarət etməsini kriminallaşdırılmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinədir”. O, həmçinin, Moskvanın hər-hansı ölkədə saxlanılan Rusiya vətəndaşlarının üçüncü ölkəyə ekstradisiyasının əleyhinə olduğunu bildirib. Lavrov həmin şəxsin üçüncü ölkəyə ekstradisiyasının əleyhinə olduqlarını bildirib: “Biz bu məsələ ilə əlaqədar diplomatik fəaliyyət apardıq. Lapşin eyni zamanda İsrail vətəndaşıdır... Bütün tədbirləri görəcəyik ki, bu məsələ həll olunsun. Təbii ki, bu, Rusiya vətəndaşının bütün hüquqlarının qorunması şərti ilə ediləcək”.
Lap yaxşı, cənab Lavrov! Amma... Bəs azərbaycanlı Dilqəm Əsgərov sizin ölkənizin vətəndaşı deyil? Axı əgər A.Lapşin ərazi bütövlüyünü beynəlxalq ictimaiyyət, o cümlədən, Rusiya, İsrail, Ukraynanın tanıdğı Azərbaycanın icazəsi olmadan dəfələrlə onun Ermənistan tərəfdən işğal edilmiş ərazilərinə soxulub birincinin əleyhinə və ikincinin xeyrinə, yumşaq desək, şpionluqla məşğul olubsa, D.Əsgərov Azərbaycan vətəndaşı Şahbaz Quliyevlə birgə başqa ölkənin ərazisinə yox, öz ata-baba yurduna, əzizlərinin məzarlarını ziyarət etmək üçün doğma yerlərinə getmişdi! Bəs niyə onun müdafiəsinə qalxmaq bir yana, onunla bağlı heç olmasa, azca obyektiv mövqe belə səsləndimədiniz? Günahsız vətəndaşınızın azadlıqdan ömürlük məhrum edilməsinə dair qeyri-qanuni “Dağlıq Qarabağ Resrublikasının” qanunsuz hökmünə nədən bu qədər cinayətkarcasına biganəlik nümayiş etdirdiniz? Bu, sizin ədalətsizliyiniz, D.Əsgərovun azərbaycanlı olması, ya ermənilərin dostlarınız olduğu səbəblərindən qaynaqlanır? Bilmirik.
Bildiyimiz odur ki, neçə ki bu cür ədalətsizlik, tərəfkeşlik, ikili standartlar mühiti mövcud olacaq, dünyanın düzələcəyindən danışmağa dəyməz...
Telman Qasımov,












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.