Terror “cini” şüşədən çıxır

31-05-2017, 09:39           
Terror “cini” şüşədən çıxır
İraq və Suriyada məğlub edilən İŞİD-in dünyanın digər bölgələrinə yayılması təhlükəsi var; coğrafiya çox genişdir


İŞİD terror təşkilatı İraqda mövqelərini itirdikdən sonra “yer altına” çəkilə bilər. Bir sıra terror üzrə mütəxəssislərə görə, İraq və Suriyada məğlub olan qruplaşma “əl-Qaidə” metoduna - yəni gizli şəkildə terror törətmək və bəlli bir yerdə mövcud olmamaq taktikasına keçə bilər.
Qeyd edək ki, İŞİD meydana gəldiyi ilk gündən digər terror qruplaşmalarından fərqli olaraq müəyyən bir ərazidə mövcud olub. Daha sonra İraq və Suriyada 100 min kv.km ərazini işğal edən qruplaşma 2014-cü ildə İraqın ikinci böyük şəhəri Mosulu (2 milyon sakin - K.R.) işğal etdikdən sonra “xilafət” elan edib. Bu dövrdə qruplaşmanın nəzarət etdiyi ərazilərdə 12 milyon insan yaşayıb.


Ancaq tezliklə İŞİD-in dünyanın digər bölgələrində “əyalətləri” peyda olub. İlk olaraq 2014-cü ilin payızında Misirin Sina yarımadasında peyda olan Beyt əl-Makdis qruplaşması bir neçə terror aktı törədib və İŞİD-ə biət etdiklərini bəyan edib. Əsasən hökumət qüvvələrinə, ordu və hüquq-mühafizə orqanlarına hücum edən qruplaşmaya qarşı hökumət bir sıra əməliyyatlar keçirsə də, nəticə olmayıb.


İŞİD-in ikinci böyük “əyaləti” Afrikada yerləşən “Boko Haram” qruplaşmasıdır. 2000-ci illərin əvvəllərində yaranan radikal təkfirçi ideyalar üzərində qurulmuş təşkilat 2014-cü ildə İŞİD-ə biət etdiyini bəyan edib. Bundan sonra “Boko Haram” fəallığını daha da artırıb, hətta qonşu Kameruna da hücum çəkib.


İŞİD-in 3-cü böyük əyaləti hazırda daxili müharibənin davam etdiyi Liviyadadır. 2014-cü ildə Liviyanın şərqində Dərnə şəhərini ələ keçirən İŞİD silahlıları İŞİD lideri əl-Bağdadiyə biət ediblər. Bundan sonra Əl-Bağdadi Mosuldan Yəmən əsilli bir nəfəri Dərnəyə göndərib və bu şəxsin rəhbərliyi altında Dərnədə “əmirlik” qurulduğu elan olunub. Artıq Dərnədə tamamilə “şəriət” qaydaları tətbiq olunur, gündəlik namaz vaxtlarında mağazalar, iaşə obyektləri qapadılır. Buna əməl etməyənlər isə cəzalandırılır.


İŞİD-in daha bir “əyaləti” isə Şimali Qafqazdır. Burada fəaliyyət göstərən cihadçı Qafqaz Əmirliyi qruplaşmasından ayrılan və “əmir” Süleymanın rəhbərlik etdiyi qruplaşma İŞİD-ə biət edib.


İŞİD-in son bir ildə ən fəal təşkilatı isə Əfqanıstanda fəaliyyət göstərir. Hazırda aktiv şəkildə əməliyyatlar keçirən Əfqanıstan qruplaşması “Tövhid Briqadası” adlanıb və qruplaşma İŞİD liderinə biət edib.


Bundan başqa, Rusiya daxil olmaqla, bir çox ölkələrdə terror təşkilatı kimi qəbul edilən Özbəkistan İslami Hərəkatı (ÖİH) İŞİD-ə biət etdiyini elan edib. Təşkilat Əfqanıstan və İran kimi Orta Asiya ölkələrini əhatə edən Xorasan bölgəsində şəriət qaydalarına söykənən sələfiyönümlü “İslam Dövləti” qurduğunu bəyanlayıb.


Qeyd edək ki, iki il əvvəl BMT-nin sabiq baş katibi Pan Gi Mun Təhlükəsizlik Şurasına məruzəsində dünyanın müxtəlif hissələrindən İŞİD terror təşkilatına 34 silahlı qruplaşmanın qoşulduğunu və onların sayının daha da artacağını bildirib. Baş katib Liviya, Özbəkistan, Pakistan, Nigeriya və Filippin kimi ölkələrdən olan İŞİD-ə bağlı qrupların fəal olduğunu, İŞİD-in Qərbi və Şimali Afrika, Yaxın Şərq, Cənubi və Cənub-Şərqi Afrikada cəmi 18 ay ərzində yayıldığını ciddi təhlükə olaraq qeyd edib.


Yeri gəlmişkən, son olaraq iki gün əvvəl İŞID terror qrupu Filippinin Maravi şəhərini işğal etməyə çalışıb. İŞID-ə bağlı Maute terror təşkilatı ilə hökumət qüvvələri arasında döyüşlər Maravidə davam edir. Bölgədən əldə edilən məlumatlara görə, polis Maute tərəfindən qətlə yetirilən əsirlərin meyitlərini tapıb. Hətta beynəlxalq media orqanları şəhər məktəbi binasına terrorçuların İŞID bayrağının taxıldığı anları görüntüləyib.


Qeyd edək ki, hazırda İŞİD İraqda ciddi şəkildə sıxışdırılıb. Mosulun sadəcə 4 kv.km ərazisinə nəzarət edən İŞİD bu əraziləri də sürətlə itirir. Qruplaşma İraqda sahib olduğu bölgələrin böyük əksəriyyətini itirib. Amma buna baxmayaraq, terrorçu şəbəkə hələ də müqavimət göstərir. Ötən gün İraq paytaxtında İŞİD üzvünün törətdiyi partlayış nəticəsində 26 nəfər ölüb. Bu terror qruplaşmanın son savaşdakı məğlubiyyətin əvəzini çıxması cəhdi olmaqla yanaşı, yeni taktikanın xəbərçisidir. Zəbt etdiyi torpaqları itirdikcə İŞİD “əl-Qaidə” metodu ilə gizli terror təşkilatı kimi fəaliyyətini davam etdirəcək. Bu ilin əvvəlində Britaniyada İŞİD-in məsuliyyətini üzərinə götürdüyü iki terror aktı baş verib.

Ümumiyyətlə, Avstraliyadan Amerikaya qədər dünyanın müxtəlif ölkələrində İŞİD tərəfdarları var. Qruplaşmanın tərkibində müxtəlif vaxtlarda 30 min nəfərdən çox əcnəbi vuruşub, onların bir hissəsi öldürülüb, bir hissəsi geri qayıdanda ölkələrində həbs olunub, bir hissəsi isə hələ də aktivdir. Heç şübhəsiz ki, İraq və Suriyadan çıxarıldıqdan sonra qruplaşma Filippinə qədər fərqli torpaqlarda öz gücünü göstərməyə çalışacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.