Əfqan Muxtarlının məhkəməsi olacaq
5-06-2017, 22:11
Jurnalist Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbirinin seçilməsindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilib. Şikayətə Bakı Apellyasiya Məhkəməsi baxacaq.
Bu haqda jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.
Vəkil deyir ki, jurnalist barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar əsaslı deyil.
"Biz şikayətimizdə həmin qərarın ləğv edilməsini tələb etmişik. Ədalətli məhkəmə baxışı olarsa, həmin qərar ləğv edilməlidir”, – vəkil bildirib.
Apellyasiya şikayəti İlqar Murquzovun sədrlik etdiyi heyətin icraatına verilib. Şikayətə sabah, iyunun 6-da saat 12:30-da baxılmalıdır.
Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. (AzadliqRadiosu)