Sabiq deputatın oğlu həbs edildi

19-09-2017, 09:20           
Sabiq deputatın oğlu həbs edildi
Hacı Qalib: “Bu qədər cinayəti heç qanuni oğrular törədə bilməzdi”

Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə həbs edilib.

Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs edilərək, Kürdəxanı həbsxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir. Qalib Salahzadə “ölkə.az”a açıqlamasında xəbərin doğru olduğunu bildirib. Qeyd edib ki, oğlu sentyabrın 13-də gecə saatlarında Nəsimi Rayon Prokurorluğunun müstəntiqi Anar Abıyevın qərarına əsasən həbs olunub. Q.Salahzadə həbs qərarının qondarma olduğunu, apelyasiya şikayəti verdiklərini açıqlayıb. O, oğlunun 22 illik düşmənçilik zəminində həbs edildiyini bildirməklə məsələnin kökündə torpaq məsələsinin olduğunu açıqlayıb.

Sitat: “2000-ci ildə oğluma açılan eyni maddə ilə məni də həbs etmişdilər. Mənə qarşı açılan işin müstəntiqi də Arzu İsmayılov olub. Təsəvvür edin ki, 2000-ci ildə mənə qondarma cinayət işi açılmışdı. Guya dövlət qulluqçusuna zor tətbiq etmişdim, həbsxanadan adam qaçırmışdım, 8 nəfər adam öldürmüşdüm və evimdən 2880 ədəd silah mərmisi tapılmışdı. Bu qədər cinayəti heç ”qanuni oğru"lar törədə bilməzdi".
Q.Salahzadə deyib ki, həmin vaxt onu həbsdən mərhum Heydər Əliyev qurtarıb: “O, mənim həbs olunmağıma imkan vermədi. Onları çağırıb danlamışdı”.

Q.Salahzadə qeyd edib ki, oğlu günahsızdır: “Oğlum ağıllı, yerini bilən adamdır. Üç dəfə də Həcc ziyarətində olub. Sadəcə olaraq, oğlumu şərləmək istəyirlər. Sentyabrın 4-də oğlum Əlihüseyn Salahzadə hamı kimi evində oturub Qurban bayramını qeyd edirmiş. Həmin gün qapı döyülür, qapını açan zaman ”Azərsu" ASC-nin əməkdaşı Elbəyi Mirzəliyev adlı şəxs oğlumun yoldaşını təhqir edir. Bunu görən kimi oğlum Elbəyinin çənəsinə sillə vurur. Yəni oğlumun yerində kim olsaydı, eyni addımı atardı. Sonradan həmin Elbəyi oğluma qarşı şikayətini də geri götürüb, barışıblar və mətbuata da açıqlama verib. Bütün bunlara baxmayaraq, sentyabrın 13-də məhkəmə keçirərək, oğlumu həbs ediblər. Hazırda da oğlum Kürdəxanı həbsxanasındadır".

Q.Salahzadə oğlunun sentyabrın 13-də gecə saatlarında Nəsimi Rayon Prokurorluğunun müstəntiqi Anar Abıyevin qondarma qərarı ilə həbs olunduğunu iddia edib.

Unikal.org Nəsimi Rayon Prokurorluğunun müstəntiqi Anar Abıyevlə əlaqə saxlayıb. O, açıqlamasında provokasiya xarakterli sual verməməyi tövsiyə edib.

A.Abıyev bildirib ki, müstəntiq kimi onun gördüyü işlərə rəhbərlik qiymət verir: “Mənim gördüyüm işlərə rəhbərlik qiymət verir. Məni başqa heç nə maraqlandırmır. Xahiş edirəm bu məsələ ilə bağlı məni narahat etməyin”

Qeyd edək ki, günlərdir ki, mətbuatda Hacı Allahşükür Paşazadə və yaxın çevrəsinə daxil olan şəxslər haqda müxtəlif səpkili məlumatlar yayılır. Hacı Allahşükür Paşazadənin illər əvvəl Çexiyada qurduğu və Azərbaycan mətbuatında zamanında bu haqda yayılmış məlumatlar yenidən xəbər məkanına daşınır. Hacı Qalibin oğlunun həbsindən az əvvəl Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə ailəsi ilə birgə Türkiyəyə köçüb. Gələn məlumatlar onu deməyə əsas verir ki, Hacı Allahşükür və onun yaxın ətrafına daxil olan şəxslərlə bağlı sistemli şəkildə proses aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.