Şimali Koreya ilə bir tərəziyə qoyulan Tehran –Tramp niyə İranla tarana gedir? - TƏHLİL

21-09-2017, 09:16           

"ABŞ prezidenti Trampın Tehranla Pxenyanı tərəzinin eyni gözünə qoyması təhlükəlidir".

Bu sözləri Milli İran-Amerika Fondunun prezidenti, "Düşməni itirmək – Obama, İran və diplomatiyanın təntənəsi" (Losing an Enemy – Obama, Iran and the Triumph of Diplomacy) adlı kitabın müəllifi Trita Parsi “The Guardian" qəzetində yazdığı məqaləsində bildirib.

Müəllif yazır ki, prezident Donald Tramp özünün BMT çıxışını sanki kiçik Corc Buşun kitabından götürüb. O, İranla özünün qarşıdurmasına haqq qazandırmaq üçün bu ölkəni Şimali Koreya ilə tərəzinin eyni gözünə qoyub. Müəllifin fikrincə, bu Trampın İranla nüvə sazişini ləğv etmək yolunda növbəti addımıdır. Tramp deyib ki, bu saziş Amerikanın İranla bağlı narahatlıqlarına tam cavab vermir. Parsinin qənaətinə görə, problem budur ki, ABŞ-İran gərginliyinə tamamilə cavab verə biləcək saziş yoxdur. Məqalədə deyilir ki, Tramp indiyədək İranla diplomatik mükaliməyə girmək üçün heç bir həvəs göstərməyib. Parsi yazır ki, Trampın indiyədək özünü beynəlxalq aləmdə necə apardığı nəzərə alınarsa, onun administrasiyasının İranla diplomatik qarşılaşmaya potensialı olmadığı görünər: “Əksinə, Trampın İran siyasəti kristallaşmaqda davam edir. Bu ABŞ-İran münasibətlərindəki soyuq müharibəyə qayıdışı şərtləndirir. Onun son məqsədi İranla nüvə sazişini oktyabrın 15-də qüvvədən salmaq və bu məsələni də Konrqesin ixtiyarına verməkdir”.

Parsi yazır ki, Konqresin bu sazişi ləğv etməyəcəyinə ümid cüzidir. Onun fikrincə, İranla sazişin pozulması yalnız İsrail, Səudiyyə və Birləşmiş Ərəb Əmirliklərini sevindirə bilər. Onlar Yaxın Şərqdə ABŞ-ın güclü hegemonluğunun bərpasını istəyirlər. Müəllifin fikrincə, bu ölkələr Amerikanın dəstəyi olmadan İrana qarşı duruş gətirə bilməzdilər. Belə bir siyasətin son nəticəsi Yaxın Şərqdə “soyuq müharibə”nin bərpası olacaq. Bu müharibənin bir tərəfində İsrail, Səudiyyə, BƏƏ və ABŞ, digər tərəfində isə İran və onun müttəfiqləri, habelə Rusiya dayanacaq: “Bütün bunlar bir məqsədə – Yaxın Şərqdə sabitliyin bərqərar edilməsi məqsədinə qulluq etməyəcək. Tramp İranla Səudiyyə arasındakı gərginliyi daha da alovlandıracaq”.

Parsi yazır ki, indi bütün gözlər Avropadadır. Güclü Avropa liderliyi Trampın Yaxın Şərqi qarışdırmasının və İranla razılaşmanı məhv etməsinin qarşısını ala bilər. Avropa liderləri İranla sazişə sadiq qaldıqlarını artıq bildiriblər. İranla saziş indiyədək pis işləməyib. Almaniya kansleri Angela Merkel bu sazişin Şimali Koreya ilə razılaşma üçün model ola biləcəyini söyləmişdi. Lakin Parsi xatırladır ki, Avropa Buşun İraqa dağıdıcı müdaxiləsinin qarşısını ala bilməmişdi. Müəllif bu qənaətə gəlir ki, Avropa Trampı Buşun getdiyi çığırdan döndərə bilər. (BBC)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.