"ƏRDOĞANA BÖYÜK ÜMİDİMİZ VAR" - BƏRZANİNİN PARTİYASI
28-09-2017, 23:35
“Ortaq mənfəətlərimiz var... 2008-ci ildən sonra münasibətlərimiz inkişaf edir"
Şimali İraq Kürd Muxtariyyətinin başçısı Məsud Bərzaninin lideri olduğu Kürdistan Demokrat Partiyasının (KDP) xarici əlaqələr üzrə məsul şəxsi Hoşyar Sivili müstəqillik referendumundan sonra “BBC Türkcə” redaksiyasına müsahibə verib. O, baş verən gərginlikdən sonra Türkiyəyə heyət göndərmək istədiklərini, AKP-dən anlayış gözlədiklərini, prezident Ərdoğana isə böyük ümidlər bəslədiklərini bildirib.
Sivili Kərkük ilə bağlı xüsusi status və muxtariyyət kimi həllərin də müzakirə edilə biləcəyini qeyd edib.
Sivili referendumdan sonra Ankara-Ərbil münasibətlərinin əvvəlki halına dönəcəyini umduqlarını, qarşıdurmanın həm İraq kürdlərinə, həm də Türkiyəyə zərər verəcəyini deyib: “Türkiyə ilə həm iqtisadi, həm də siyasi baxımdan ortaq mənfəətlərimiz var. Əməkdaşlıq tariximiz bizə, bu əməkdaşlıqdan çox şey əldə elədiyimizi göstərib. Kürdlərə qarşı addımlar bizi yaralayacaq. Lakin eyni zamanda türk iqtisadiyyatına da zərər verəcək”.
“Türkiyə sərhədləri bağlamayacaq”
Hoşyar Sivili Türkiyənin sanksiya, sərhəd qapısını bağlamaq kimi açıqlamaları ilə bağlı deyib: “Bu bizim iqtisadiyyatımıza və xalqımıza zərər verə bilər. Lakin son illərdə gördüyümü Türkiyə siyasətinin məntiqi bizə, Türkiyənin bunu etməyəcəyini göstərir. Türkiyə bu cür davranmayacaq, sərhədləri bağlamaycaq. Sərhədləri bağlasa, iki tərəfə də zərər verər. İlk növbədə bizə. Lakin, Türkiyə üzərində də neqativ təsiri ola bilər”.
Sivili kürdlərin Türkiyədəki kürd iddialarından da danışıb: “Həmişə söylədiyimiz kimi, Türkiyə Kürdistanındakı xalqın iradəsinə hörmət edirik. Lakin referendum Kürdistanın sadəcə bu bölgəsi ilə bağlıdır. Hər zaman dedik ki, Kürdistanın digər hissələrindəki (? - red) kürd xalqı öz problemlərini mərkəzi hökumətlərlə sülh içərisində, müzakirə və dialoq vasitəsi ilə həll eləməlidirlər. Yəni, bu referendumun Türkiyə Kürdistanındakı (? – red.) siyasi dinamika üzərində təsirinin olacağını düşünmürəm”.
“Heyətlər mövqeyimizi ifadə edəcəklər”
Sivilli Ankaraya nemayəndə heyəti göndərmək istədiklərini bildirib: “Təmasların olacağına, həm də bunların səhnə arxasında olmayacağına əminəm. İki tərəf arasında dialoq və müzakirələrin açılmasını və Türkiyənin bizim tərəfimizdən göndəriləcək heyətləri qəbul edəcəyini umuruq. Bu heyətlər bizim mövqeyimizi, Kürdistan xalqının 25 sentyabrdakı mövqeyini ifadə eləmək üçün gələcəklər.
Belə gərginlik əvvəllər də aramızda olub. 1991-2008-ci illərdə bizim Türkiyə ilə münasibətlərimiz çox yaxşı deyildi. Lakin həmin tarixdən sonra münasibətlərimiz inkişaf etdirildi. Dialoq, Türkiyə ilə Regional Kürd İdarəsinin arasındakı anlaşılmazlıqların həllinin təməli olacaqdır”.
Hurriyyet.org