“Azərsun Holdinq”-dən Eynulla Fətullayevin iddialarına reaksiya: “başdan ayağa uydurmadır”
21-11-2017, 20:03
“Haqq və nahaqq meyyarlarını tez-tez dəyişən və bu anlayışları öz şəxsi maraqlarına uyğunlaşdıraraq hərəkət edən bir adamın dediklərinə reaksiya verməmək də olardı. Lakin danışdıqları nağıllara az da olsa inananların ola biləcəyini nəzərə alıb cavab veririk ki, dəyişkən mövqeyini az qala fəsillərə uyğunlaşdıran Eynulla Fətullayin “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdulbari Gozəl haqqında dedikləri başdan ayağa uydurmadır”.
Bunu AZƏRFAKS-a açıqlamasında “Azərsun Holdinq”in biznesin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayevin hazırda Almaniyada mühacir həyatı yaşayan sabiq deputat Hüseyn Abdullayev tərəfindən “Azərsun Holdinq”in İdarə Heyətinin sədri Abdulbari Gözəlin iş otağına basqın edilməsi və 180 min dollar civarında vəsaitin qarət olunması barədə yazdıqlarına münasibət bildirərkən deyib.
A.Səfərov bildib ki, E.Fətullayevin yazdıqları həqiqətdən uzaqdır: “Belə bir hadisə olmayıb və ola da bilməzdi. Bunu iddia edən adam fərqinə varmalıdır ki, onun dediklərini ictimaiyyət artıq qeyri-ciddi qəbul edir, özünə və imzasına isə sayğısız yanaşır. Çünki hər kəsdə bir əminlik var ki, o, sabah tamam başqa havalara qol qldırıb oynayacaq və bu gün dediklərinin tam əksini isbat etməyə meyillənəcək. Hələ ki, payız ruhundadır, qarşıda qışı, yazı, yayı var”.