3 ölkə mediası Bakıdan yazdı: Sabit, təhlükəsiz...

22-11-2017, 07:52           

Azərbaycanda 2017-ci il “İslam Həmrəyliyi İli” və ölkəmizin İslam dünyasının həmrəyliyi naminə gördüyü mühüm işlər islam ölkələri mediasının diqqətindədir. Pakistanın nüfuzlu ingilisdilli “Deyli tayms” (Daily Times) qəzeti, “Tayms” (Times) beynəlxalq informasiya agentliyi, MN internet televiziyasının saytı, Əfqanıstanın çoxtirajlı ingilis dilində dərc edilən “Afqanistan tayms” (Afganishtan Times) qəzeti, Şimali Kipr Türk Respublikasının "Kıbrıs həqiqət" qəzeti “İslam Həmrəyliyi İli” ilə bağlı yazılar dərc edib.

Axar.az xəbər verir ki, məqalələrdə Azərbaycanın Cənubi Qafqazın sürətlə inkişaf edən, sabit və çox təhlükəsiz müsəlman ölkəsi olduğu vurğulanır. Böyük karbohidrogen ehtiyatları və gözəl təbiəti ilə fərqlənən Azərbaycanın Cənub-Şərqi Asiya və Cənub-Şərqi Avropanın kəsişməsində yerləşməsi onun region və dünya üçün əhəmiyyətini daha da artırırdığı qeyd olunur. Yazılarda vurğulanır ki, Azərbaycan son illər turizm və sənaye sektorunda əldə etdiyi uğurlarla önə çıxır.

Xarici KİV-lər daha sonra bu gün islam dünyasının ciddi problemlər və münaqişələrlə çalxalandığına, bir sıra müsəlman ölkəsində müharibələrin davam etdiyinə və günahsız insanların qətlə yetirildiyinə diqqət çəkir. Onlar bu xüsusda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində meydana çıxan Dağlıq Qarabağ münaqişəsini, Fələstin və Kəşmir kimi problemləri, Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmaları, qaçqın problemlərini nümunə kimi göstərirlər.

Pakistan, Əfqanıstan və Şimali Kiprin nüfuzlu KİV-lərinin Azərbaycanla bağlı dərc etdiyi yazılarda "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlının fikirlərinə geniş yer ayrılıb. Fərid Şahbazlı xarici KİV-lərə açıqlamasında qeyd edib ki, bugün islam ölkələrində yaşanan hadisələr, islam dinini dünyaya terror dini kimi təqdim etmək cəhdləri müsəlman dövlətləri arasında islam həmrəyliyinin gücləndirilməsini zəruri edir. O qeyd edib ki, Azərbaycan müsəlman dövləti olaraq, islam həmrəyliyinin gücləndirilməsi, onun sülhpərvər mahiyyətinin dünyaya təqdim edilməsi üçün mühüm addımlar atır: “Bu məqsədlə 2017-ci il ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edilmiş, Bakı 2017 İslam Həmrəyliyi Oyunları keçirilmişdir”.

F.Şahbazlı daha sonra bildirib ki, Azərbaycanın bütün müsəlman ölkələri ilə münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.