Ermənistan “dəmirblokada”dan çıxır?

22-11-2017, 09:34           

Ekspert: “Abxaziya dəmir yolunun tezliklə açılacağını düşünmürəm, çünki...”

Moskva-İrəvan alyansına Tiflis də qoşulur. Noyabrın sonuna qədər Gürcüstan Ermənistanın blokadasında əsas rollardan birini oynayan Abxaziya nəqliyyat dəhlizini aça bilər. Bununla da Qarabağ müharibəsində Azərbaycan Ermənistana əsas təzyiq vasitələrindən birini itirə bilər.

Gürcüstan hökumətinin bu niyyəti barədə baş nazir Georgi Kvirikaşvilinin xüsusi təmsilçisi Zurab Abaşidze Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində bildirib. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşdən sonra Zurab Abaşidze ümid etdiyini bildirib ki, “artıq noyabr ayında keçirilən görüşün gedişində tərəflər İsveçrənin SGS şirkəti ilə müvafiq sazişlər imzalayacaqlar”.

Məsələ bundadır ki, hələ fevral ayında Zurab Abaşidze və Qriqori Karasin arasında əldə edilən anlaşmaya görə, SGS şirkəti Rusiya ilə Gürcüstan arasında olan mövcud nəqliyyat dəhlizlərində yüklərin hərəkətini izləyəcək. Həmin dəhlizlərin biri Soçidə başlayır və Abxaziyadan keçərək Zuquqdidi şəhərində başa çatır.

Yəni söhbət Ermənistanla Rusiya arasında dəmir yolu əlaqəsinin bərpasından gedir. Abxaziyada müharibə başladıqdan sonra bu yolda hərəkət dayanmışdı və Ermənistanın ətraf dünyadan tam təcridi təmin edilmişdi. Gürcüstan Rusiyanın Abxaziyanı işğaldan azad etməyəcəyinə qədər bu yolun açılmayacağını bildirirdi. Amma belə görünür ki, Gürcüstanın indiki rəhbərləri öz ölkələrinin ərazi bütövlüyünü arxa plana keçirirlər və Abxaziya ilə dəmir yolu əlaqələrini bərpa etməyə qərar veriblər.

Odur ki, birmənalı şəkildə demək olar ki, Ermənistanın blokadadan çıxarılması münaqişənin həllində Azərbaycanın təsir imkanlarının zəifləməsi deməkdir. Bəs Gürcüstan ən yaxın müttəfiqi Azərbaycana bu pisliyi edəcəkmi? Nəzərə alaq ki, Gürcüstanın təbii qaza, yanacağa olan tələbatı əsasən Azərbaycan tərəfindən təmin olunur. Bu ölkənin ən dar günlərində Azərbaycan hökuməti yardım əlini uzadıb. Son illərdə Azərbaycanın bütün beynəlxalq layihələrində Gürcüstan da iştirakçılardan birinə çevrilib. Bütün bunlara rəğmən Azərbaycanın əleyhinə olan belə bir razılaşmaya gedərək, Abxaziya nəqliyyat dəhlizini Ermənistanın üzünə aça bilərmi?

“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Gürcüstan rəsmisi tərəfindən bu açıqlamanın verilməsi hələ məsələnin həlli demək deyil: “İllərdir biz eşidirik ki, həmin dəmir yolu açılacaq. Ancaq ortada konkret bir nəticə yoxdur. Həmçinin Gürcüstanda hakimiyyət dəyişdikdən sonra belə iddialar səsləndirilir ki, İvanişvili Rusiyanın adamıdır. Gələn kimi də Rusiya ilə diplomatik münasibətlərin qurulacağı və vəziyyətin normallaşacağı ilə bağlı bəyanatlar verdi. Ancaq üstündən illər keçib, illərdir Saakaşvilli ölkədə yoxdur. Ancaq hələ də Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər bərpa olunmayıb, rəsmi səviyyədə gediş-gəliş yoxdur. Eləcə də bu məsələnin yaxın müddətdə həll ediləcəyini proqnozlaşdırmıram”.

Politoloq onu da vurğuladı ki, əgər dəmir yolu açılarsa, Rusiya Abxaziya və Gürcüstan üzərindən Ermənistana çıxış imkanı əldə edərsə, bu, Ermənistanın blokadadan müəyyən qədər çıxmasına şərait yaradacaq: “Bəli, bizim Gürcüstanla strateji müttəfiqliyimiz var. Amma biz Gürcüstanın daxili işlərinə qarışa bilmərik. Onlara deyə bilmərik ki, sən bu yolu açma, bizim maraqlarımıza zidd ola bilər. Əgər Gürcüstan Azərbaycanla strateji müttəfiqliyi əsas tutursa, o, bu məsələni diqqətə almalıdır. Çünki bu dəmir yolunun işləməsi Gürcüstana elə də böyük xeyir verməyəcək, daha çox Ermənistana lazımdır. Bu, Gürcüstanın özünün müstəqil verəcəyi bir qərardır. Ancaq Azərbaycanın maraqlarını, hər halda, nəzərə almalıdır”.

E.Şahinoğlunun fikrincə, bu məsələ qısa müddətdə həll olunmayacaq: “Gürcüstan hələ ona etiraz edir ki, bu layihədə Abxaziya və Cənubi Osetiya hər hansı şəkildə iştirak etməsin. Bu da mümkünsüzdür. Bu dəmir yolu Abxaziyadan keçir, Abxaziyanın dəmir yolu idarəsi və digər qurumları prosesdə iştirak etməlidirlər. İştirak etsə belə çıxacaq ki, Gürcüstan rəsmən Abxaziya separatçılarını tanıyır. Bu məsələdə o qədər gizli detallar var ki, yaxın müddətdə həllini tapacağını düşünmürəm”.

Ekspert onu da diqqətə çatdırdı ki, Gürcüstan ilk növbədə öz maraqlarının diktəsi ilə hərəkət edəcək: “Hər bir dövlət belə edir. Bizim də dövlət maraqlarımıza nə uyğundursa, ona uyğun hərəkət edirik. Gürcüstanın maraqlarına uyğun gələcəksə, bu dəmir yolunu açacaq. Orada Azərbaycanı düşünməyəcək. Yox, cavab verməyəcəksə, orada separatçılarla birbaşa əlaqə olmasın deyə açmaya da bilər. Seçicilər arasında bu qərar böyük rezonans doğura bilər. Onlar hökumətə deyə bilərlər ki, Rusiya bizim torpaqlarımızı işğal edib, siz Rusiya ilə Ermənistanı birləşdirən dəmir yolunun açılmasına icazə verirsiniz. Gürcüstan hökuməti bunu da nəzərə alacaq. Bütün gürcülər bu dəmiryolunun açılmasının tərəfdarı deyil. Bu çox mürəkkəb bir qərar olacaq. Gürcüstan hökuməti bütün amilləri, o cümlədən Azərbaycanın reaksiyasını nəzərə almalıdır. Əks halda, bir çox risklərlə üzləşə bilər. Danışıqlara gəlincə, bu illərdir davam edir. Bu, təkcə dəmir yolu ilə bağlı danışıqlar deyil. İllərdir İsveçrədə Rusiyanın xarici işlər nazirinin müavini ilə Gürcüstan xarici işlər nazirinin müavini arasında danışıqlar gedir. Rusiya ilə xarici işlər nazirinin müavini arasında münasibətlərin nizamlanması, digər məsələlərlə bağlı... İllərdir gedən danışıqlar da heç bir real nəticəyə gətirib çıxartmayıb. Diplomatik münasibətlər bərpa olunmayıb. Rəsmi səviyyədə gediş-gəliş yoxdur. Bu məsələlər həll olunmazkən, dəmir yolunun açılmasını necə həll edəcəklər, bu mənim üçün böyük sualdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.