Gürcüstanda antiterror əməliyyatı - İŞİD təhlükəsi sərhədimizdə
24-11-2017, 09:49
Arzu Nağıyev: “Azərbaycan əməliyyat şəraitinə daha düzgün nəzarət edir”
Noyabrın 22-də Gürcüstanın paytaxtı Tiflisin İsani-Samqori rayonu ərazisindəki Qabriel Salou prospektində həyata keçirilən antiterror əməliyyatında İŞİD üzvü olan çeçen əsilli 3 terrorçu öldürülüb, biri isə sağ ələ keçirilib. Eyni zamanda xüsusi təyinatlı dəstənin iki üzvü və Daxili İşlər Nazirliyinin əməkdaşları yaralanıb.
Əməliyyatda Türkiyədə 2016-cı il 28 iyunda “Atatürk” hava limanında törədilən qətliamın təşkilatçılarından biri “Tək qol” ləqəbli Əhməd Recepoviç Çatayev zərərsizləşdirilib. Bu barədə “Habertürk” agentliyi məlumat yayıb.
Terrorçu Türkiyədə təşkil etdiyi qətliamdan sonra adamları ilə birgə Türkiyədən Gürcüstana qaçaraq çeçen əsilli Aslanbek Cəbrayılov adına qeydiyyatda olan dairəyə yerləşib. Ə.Çatayev 2012-ci ildən terrorçu İŞİD qruplaşmasının dəstə başçılarından biri olan Ömər Şişani ilə birlikdə fəaliyyət göstərib.
Avropaya sürətlə inteqrasiya edən və indiyə qədər terror təhlükəsi ilə üzləşməyən Gürcüstandakı antiterror əməliyyatı onun qonşuluğunda yerləşən dövlətləri də ciddi narahat edib. Son illərdə ard-arda ağır məğlubiyyətlər alan İŞİD terror təşkilatı üzvlərinin dünyanın müxtəlif yerlərinə səpələndikləri barədə hələ aylar öncədən xəbərlər yayılmışdı. Xüsusilə terrorçuların daha çox öz ölkələrinə qayıtmağa üstünlük verdikləri deyilirdi.
Qonşu Gürcüstanın terror hədəsi ilə üzləşməsi Azərbaycanı da ciddi narahat edir. Xüsusilə ölkəmizə Gürcüstan üzərindən terrorçuların keçə biləcəkləri barədə həyəcan təbili çalınır, hər iki ölkənin hüquq-mühafizə orqanlarının birgə hərəkət etməklə yanaşı, ayıq-sayıq olmalarının vacibliyi vurğulanır. Hətta son əməliyyatda zərərsizləşdirilən terrorçuların Azərbaycan, yaxud digər qonşu bir ölkəyə keçmək planlarının olduğunu da istisna edilmir. Artıq bitmək üzrə olan İŞİD-a son həmlələr vurulduğu zaman belə təhlükələrin bütün dövlətləri ağuşuna ala biləcəyi qeyd olunur.
Təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev Gürcüstanın fonunda heç bir dövlətin terrordan sığortalanmadığını qeyd etdi: “İstər Amerika, istərsə də digər ölkələr olsun, heç bir dövlət terrordan sığortalanmayıb. Mütəmadi olaraq, terror halları baş verir. Heç vaxt proqnoz vermək olmur ki, terror olmayacaq. Gürcüstanda son iki gündə baş verən hadisələr bir çox mətləblərin üstünü açdı. Gürcüstanda belə hadisə ilk dəfə yaşanmır. Pankisi dərəsindən çeçen hadisələri baş verəndə Gürcüstan ərazisində həmin hadisələr baş verirdi. Eyni zamanda terrorun da əsas mənbələrindən biri Pankisi idi. Oradan Gürcüstan və digər istiqamətlərə terrorçuların axını var idi. Bu gün terrorun bu şəkildə miqyas alması müəyyən mətləblərdən xəbər verir. Suriya və digər yerlərdə döyüşən terrorçular artıq qayıtmağa başlayıblar. Azərbaycanın şimalında da bu məsələ hələ öz həllini tam tapmayıb. Orada da müəyyən qüvvələr var. Sadəcə olaraq, Azərbaycan əməliyyat şəraitinə daha düzgün nəzarət edir. Digər tərəfdən, hüquq-mühafizə orqanları və Cinayət Məcəlləsində olan bəzi dəyişikliklər də bu car halların azalmasına səbəb olub. Lakin buna baxmayaraq, Suriya və İraqda əməliyyatlar başa çatandan sonra oradakı terrorçular geri qayıda bilərlər. Bu o demək deyil ki, onlar silahla gəlirlər. Öz yerlərində onlara biət etmiş şəxslərlə müəyyən işlər qurmaq üçün də onlar geri dönməyə cəhd edə bilərlər. Tək onu demək mümkün deyil ki, onlar gəlib özlərini partladıb terror aktı həyata keçirəcəklər. Proseslər davam edir. Hüquq-mühafizə və təhlükəsizlik orqanlarının üzərinə çox mühüm vəzifələr düşür. Terrorçuların hər yerdə adamları var, bunlara hər yerdə biət etmiş şəxslər mövcuddur. Tək onların bura gəlib nəsə edə biləcəklərini də düşünmək doğru deyil. Daxildən də nələrsə edə bilərlər”.
“Borçalı” Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli bildirdi ki, Gürcüstanda hadisə ilə bağlı istintaqı aparanlar dərin qatlarda nələrin olduğunu bilə bilərlər: “Azərbaycanda da bu əməliyyatlar zaman-zaman keçirilib. Gürcüstan hazırda konkret demokratik dünyaya inteqrasiya yolunu tutub. Bunun qarşısını hər hansı bir formada almaq cəhdləri artıq Gürcüstanda keçmir. Bu da Rusiya və İran kimi qonşu dövlətlərin maraqlarına uyğun deyil. Türkiyə-Azərbaycan-Gürcüstan arasında bir sıra iri layihələrin həyata keçirilməsi, regional təhlükəsizlik məsələlərinin əməkdaşlığa qədər müzakirə edilməsi qonşu dövlətləri narahat edir. Hətta ”NATO sərhədlərinin Rusiyaya qədər yaxınlaşmasını istəmirik" deyən Putin var. Bu baxımdan Gürcüstanın NATO-ya inteqrasiyası, Avropa Birliyi ilə gediş yolları açıldıqca bu cür təxribatlar ola bilər. Burada Gürcüstanı xaosa çəkmək cəhdləri də ola bilər. Əksini Gürcüstan edib Rusiyaya tərəf yönəlsə, o zaman NATO təzyiqlərinin altında qalacaq, bu baxımdan Gürcüstanın Avropa yolunda gedişi geridönməz bir prosesdir. Bu cür gərginliklərin bundan sonra baş verməsi qaçılmazdır. Azərbaycan çox ciddi strateji bir ölkə olduğundan ciddi nəzarət altındadır. Gürcüstanda baş verən hadisələr dolayısı ilə ölkəmizə də təsir edir".