Deputatlar Səlim Müslümovu hədəfə aldı, nazir OD püskürdü - QARŞIDURMA

25-11-2017, 17:16           
Deputatlar Səlim Müslümovu hədəfə aldı, nazir OD püskürdü - QARŞIDURMA
Bu həftə deputatlarla əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov arasında toqquşma ilə yada qaldı.

Miq.az xəbər verir ki, Milli Məclisin 2018-ci ilin dövlət büdcəsinin müzakirə edilən sessiyasında deputatlar S.Müslümovu hədəfə aldı.

"Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” layihənin müzakirəsi zamanı deputatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətləndi.

Birinci zərbə: Qarabağ əlilləri evsizdir

Millət vəkili Qənirə Paşayeva Qarabağ müharibəsi veteranlarının müavinətlərinin artırılmasının vacib olduğunu vurğuladı. Qeyd etdi ki, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şəhid ailələri, Qarabağ əlilləri və veteranlarının bu istiqamətdə problemlərinin həlli üçün xüsusi proqrama ehtiyac var.

"İşlə təminat məsələsində öncüllük şəhid ailələri, Qarabağ əlilləri və veteranlarına verilməlidir. Cəmiyyətdə bunun əleyhinə olacaq heç bir normal insan ola bilməz. Hamı da görsün ki, Vətən üçün şəhid olanın ailəsi, Vətəni qoruyan, onun üçün vuruşan və sağlamlığından keçənlər ilk növbədə işlə təmin olunurlar. Nazirliyi və hökuməti bu məsələyə xüsusi diqqət ayırmağa çağırırıq”, - deyə o bildirdi.

Millət vəkili şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış evlərinin tikintisi məsələsinə də toxundu. Bildirdi ki, artıq iki ildir millət vəkili seçildiyi Tovuzda şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları üçün yaşayış evlərinin tikintisi tamam azalıb: "Hazırda çoxlu sayda şəhid ailəsi və Qarabağ müharibəsi əlili hələ də evsizdir. Bu problemin sürətli həlli istiqamətində gələn ilin dövlət büdcəsində nəzərdə tutulan vəsait artırılmalıdır. İstər şəhərlərdə, istərsə də kəndlərdə yüzlərlə şəhid ailəsi və Qarabağ müharibəsi əlili ev növbəsindədir və onların mənzil probleminin tezliklə həll olunması istiqamətində işlərin sürətlənməsinə böyük ehtiyac var”.

İkinci zərbə: İnsanlara deməyə söz tapmıram

Millət vəkili Əflatun Amaşov isə deputat seçildiyi Saatlı rayonundakı vəziyyəti gündəmə gətirib.

"3 il bundan əvvəl deputatı seçildiyim Saatlıda 9 əlil və şəhid ailəsi üçün fərdi yaşayış evlərinin tikintisinə başlanmalı idi. Evlərin bəzilərinin bünövrəsi qazıldı. Hətta bəzilərinin həyətinə bir neçə maşın daş da töküldü. Ancaq proses bununla da yekunlaşdı. Səbəb də budur ki, Maliyyə Nazirliyi vəsait ayırmır. Mən hər dəfə Saatlıya gedəndə və bu adamlarla görüşəndə məsələni izah etməyə söz tapmıram. Bu sayaq problemlər digər rayonlarda da var. Bilmək istərdim ki, bu ilki büdcədə həmin evlərin inşasına vəsait nəzərdə tutulubmu? Daha doğrusu, Maliyyə Nazirliyi bu məqsədlə vəsait ayıracaqmı? Bu, anlaşılmazlıqdırsa da, hər hansı şəkildə aradan qalxmalıdır. Hər halda evlərin tikintisini gözləyənlər var”, - deyə o bildirib.

Üçüncü zərbə və Səlim Müslümovu özündən çıxaran təklif

Qarabağ əlilləri üçün nəzərdə tutulan müavinətlərin artırılmasının vacibliyini gündəmə gətirən millət vəkili Zahid Orucov bildirdi ki, I qrup Qarabağ əlili 401 manat, II qrup əlil isə təxminən 290 manat alır.

"Bu, bizim Qarabağ əlillərinə olan münasibətdir? Hesab edirəm ki, bu məbləğ artırılmalıdır”.

Z.Orucun sonrakı fikirləri isə nazir Səlim Müslümovun ciddi qəzəbinə tuş gəldi.

Deputat təklif etdi ki, Qarabağ əlillərindən biri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilsin və Qarabağ əlillərinin problemləri ilə həmin şəxs məşğul olsun.

Nazir od püskürdü

Bu təklifə qədər bütün fikirlərə dözən S.Müslümov sözün məcazı mənasında deputatların üzərinə qəzəb püskürdü.

Nazir "Niyə əlillərin deputatlığa namizədliyini irəli sürmüsünüz?” deyə onu hədəfə alanlardan soruşdu.

"Əlilli olan şəxslərə ayrıca bir kateqoriya kimi baxılmasının əleyhinədir. Bu, yalnış bir addım olardı. Əgər hansısa bir əlilliyi olan şəxs həmin səviyyəyədək yetişə bilərsə, bu, təmin oluna bilər. Nazir müavinin təyinatını ölkə başçısı həyata keçirir. Məncə bu məsələlərə qarışmaq doğru deyil. Yaxşı, mən də sual ünvanlayıram: niyə parlament seçkilərində əlilliyi olan şəxsin namizədliyini irəli sürmürsünüz?! Əlilliyi olan şəxslərə ayrıca kateqoriyadan olan insanlar kimi baxmaq doğru deyil. O şəxslərin öz qabiliyyətlərinə, bacarıqlarına uyğun işlə təmin olunmasına nail olmalıyıq. Bir dönəm bir ifadə dəbə düşmüşdü, hamı deyirdi ki, hər bir qurumda bir qadına vəzifə verilməlidir. Bu, yanlış yanaşmadır. Hər kəs öz bacarığına uyğun vəzifə tutmalıdır. Əlillər bizlərdən biridir. Onlara fərq qoyulmamalıdır”, - deyə nazir vurğuladı.

Görünür, nazirlə deputatların qarşıdurması hələ bundan sonra da davam edəcək.

Miq.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.