Hökumət İlqar Məmmədovla bağlı izahat verdi-AŞ 4 gün sonra nə qərar verəcək?

1-12-2017, 09:40           
Hökumət İlqar Məmmədovla bağlı izahat verdi-AŞ 4 gün sonra nə qərar verəcək?
REAL funksioneri: “Əgər Azərbaycan tərəfi Avropa Məhkəməsinin birinci qərarında dərhal azad olunmama tələbinin olmadığını əsas olaraq gətirirsə, bu siyasi yanaşmadır”

Həbsdəki REAL sədri İlqar Məmmədovla bağlı Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan hökumətinə noyabrın 29-na qədər verdiyi vaxta, nəhayət, rəsmi Bakı tərəfindən cavab verilib. Azərbaycan tərəfin cavabı bir sıra müzakirələrə yol açıb.

“Azərbaycan hökumətinin AŞ Nazirlər Komitəsinə cavabında deyilir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında İlqar Məmmədovun dərhal buraxılması ilə bağlı tələb olmadığına görə hökumətin məhkəmə qərarının icra yollarını seçmək ixtiyarı var. Əlavə olunub ki, hökumət məhkəmənin İlqar Məmmədovla bağlı qərarına uyğun olan gərəkli tədbirləri görəcək”, - REAL hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli facebook səhifəsində yazıb.

Göründüyü kimi, hakimiyyət Avropa Məhkəməsinin qərarında dərhal azadlığa buraxılma tələbinin olmadığını əsas arqument kimi irəli sürür. Bu da Avropa Şurası tərəfindən qənaətbəxş cavab kimi qəbul edilməyəcəyi ilə bağlı ehtimalları artırır. Çünki indiyə qədər REAL rəhbəri ilə bağlı nüfuzlu beynəlxalq qurumların verdiyi bəyanatların, qəbul etdiyi qərar və qətnamələrin hər birində vicdan məhbusunun azad edilməsi tələbi yer alır. Bütün bunlar Nazirlər Komitəsinin əvvəlcədən elan etdiyi kimi, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək niyyətini həyata keçirə biləcəyi ehtimallarını artırır.

İ.Məmmədovun vəkili Fuad Ağayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Avropa Şurası Nazirlər Komitəsinin çıxardığı ilk qərardan sonra 2014-cü ilin dekabrından başlayaraq, İlqar Məmmədovun hər il dərhal yubanmadan azad edilməsi tələbi öz əksini tapıb: “Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına nəzarət bilavasitə məhkəmənin özündə deyil, məhz Nazirlər Komitəsinin üzərindədir. Həmin qərarların icrası ilə bağlı tələblər də bu qurum tərəfindən üzv dövlətlərə qarşı yönəldilir. Nəzərə alaq ki, İlqar Məmmədovun konvensiyasının beşinci maddəsi ilə azadlıq hüququnun pozulması konvensiyanın 18-ci maddəsi ilə birgə götürüldükdə müəyyən olunub. Buradan müəyyən olur ki, İlqar Məmmədovun azadlığının tələbi üçün hər cür hüquqi əsaslar var. Azərbaycan hökuməti bu şəkildə üzərinə götürdüyü öhdəliklərin icrasından imtina edirsə, yəqin ki, Nazirlər Komitəsi xəbərdarlığında yazdıqlarına uyğun olaraq, Avropa Məhkəməsinə Azərbaycanın üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəliklərin icra edib-etməməsinə dair sorğu göndərəcək. Azərbaycan hökumətinin məlum cavabına və nə üçün belə cavab verdiyinə gəlincə, onu deyə bilərəm ki, hakimiyyətin qərarlarını şərh etmirəm, xüsusilə bu tərzdə qərarlarını. Dekabrın 5-nə qədər vaxt müəyyən edilib, Nazirlər Komitəsinin icrası ərəfəsidir. Məsələyə orada baxılacaq”.

REAL hərəkatının İdarə Heyətinin Üzvü Azər Qasımlı Azərbaycan hökumətinin Nazirlər Komitəsinə verdiyi cavabın hələ də rəsmi şəkildə dərc olunmadığını söylədi: “Bizim əlimizdə o sənəd də yoxdur. Sadəcə, öz mənbələrimiz vasitəsilə cavabı əldə etmişik. Bildiyimiz qədəri ilə 7 səhifəlik bir cavabdır. Hazırda o cavab əlimizdə yoxdur. 7 səhifəlik cavabı nə Azərbaycanda, nə də xaricdə heç bir media orqanı dərc etməyib. Hamı Erkin bəyin yazdığı statusa əsaslanır. Onun statusuna istinadən məsələyə yanaşsaq, məsələ belədir, əgər Azərbaycan tərəfi Avropa Məhkəməsinin birinci qərarında dərhal azad olunmama tələbinə istinad edirsə, bunun olmadığını əsas olaraq gətirirsə, buna görə qərar verdiyini iddia edirsə, hesab edirəm ki, bu, siyasi yanaşmadır, hüquqi yanaşma ola bilməz. Yeri gəlmişkən, Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı çıxardığı ilk qərarda konvensiyasının 6 və 18-ci maddələrinin pozulması aşkar edilib. Burada İlqar Məmmədovla bağlı Azərbaycanda keçirilən məhkəmələrdə ədalətsiz qərarların verildiyi, bu qərarların tamamilə siyasi olduğu, siyasi rəqib olaraq hakimiyyəti tənqid etdiyi üçün həbs olunduğu qeyd olunub. Bu da öz-özlüyündə onun günahsız olduğu və azadlığa buraxıldığı anlamına gəlir. Ona görə düşünürəm ki, hakimiyyətin cavabında gətirilən dəlil hüquqi deyil, siyasidir. Onsuz da aydındır ki, İlqar Məmmədov azadlığa çıxmalıdır. Yeri gəlmişkən, ona təzminat da ödənilməli idi. Həmin 25 min avro təzminat da artıq ödənilib. Bunun özü nonsensdir. Necə ola bilər ki, bir şəxsin hüquqlarının pozulması ilə bağlı təzminat ödənilməsi qərarı verilir, amma azadlıq tələb olunmur, təbii ki, tələb olunur. Bu tələb maddələrin pozulmasından irəli gəlir. Hüquq və siyasətin dili fərqlidir. Bunu mütləq nəzərə almaq lazımdır. Hökumətin siyasi cavabından o hasil olur ki, iqtidar İlqar Məmmədovu hələ bir müddət də həbsdə saxlamaq istəyir. Avropa Şurası Nazirlər Komitəsinin tələbi ilə hakimiyyət onu azad etmək fikrində deyil. Düşünürük ki, qarşıdan bayramlar gəlir. Ola bilsin ki, hakimiyyət İlqar Məmmədovu Avropa Şurasının tələbi ilə yox, yaxud Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə deyil, məhz əfv, yaxud Milli Məclis tərəfindən qəbul edilən və prezident tərəfindən təsdiq olunan yeni qanunla azad etmək istəyir. Açığı, məsələnin bu cür həll olunacağını gözləyirəm, hüquqi deyil, siyasi müstəvidə məsələ həll olunacaq”.musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.