Əliyevlər lobbi axtarışında
7-07-2014, 10:33
Təzyiqlərlə üz-üzə qalan iqtidar vəziyyətdən pul-para ilə çıxmağa çalışır
Azərbaycan hakimiyyəti xaricdə lobbi axtarışına çıxıb. Bu barədə redaksiyamıza hakimiyyətdəki mənbə məlumat verib. Mənbə bildirib ki, indi hakimiyyətin lobbi təşkilatlarına daha çox ehtiyacı var. Çünki Azərbaycan geosiyasi oyunların episentrindədir və hakimiyyətin vəziyyəti o qədər də ürəkaçan deyil.
Bir tərəfdən Rusiya təhlükəsi, digər tərəfdən isə Qərbin demokratik çağırışları iqtidarı dalana dirəyib. Mənbənin sözlərinə görə, Azərbaycan hakimiyyəti əvvəllər nurçuların, daha dəqiqi gülənçilərin lobbi fəaliyyətindən yararlanıb: “Nurçuların Qərbdə ciddi əlaqələri var. Hakimiyyət də çətin vəziyyətlərdə onların yardımından istifadə edirdi. Ölkədə nurçulara geniş imkanları yaradılması da bunun müqabilində edilirdi. Lakin Ərdoğan hökumətinin Fətullah Gülənlə münasibətlərinin pozulması, Azərbaycan hakimiyyətinin də bu prosesə cəlb olunmasına səbəb oldu. Nəticədə Ərdoğanın tələbilə Azərbaycanda nurçulara qarşı təzyiqlər başladı. Onların hökumətdəki adamları ”vuruldu”, ən yaxşı halda dişsiz vəziyyətə salındı. Lakin Ərdoğan bununla kifayətlənmədi. Azərbaycan hökumətindən nurçu məktəblərin bağlanması tələb edildi. Iqtidarın da bu tələbi yerinə yetirməkdən başqa çarəsi qalmadı. Nurçu məktəblərinin bağlanması isə Azərbaycan hakimiyyəti ilə bu şəbəkənin münasibətlərinə sarsıdıcı zərbə vurdu. Hakimiyyət faktiki olaraq xaricdə nurçuların yardımından məhrum oldu. Bu baxımdan indi yeni şəbəkələrlə, lobbi təşkilatlarla əlaqələr qurulmasına cəhd edilir, bu işdə onlara yardımçı ola biləcək simalar axtarılır. Lakin hələki axtarışların nəticə verməyib”.
Tumar Həsənov