Əliyev və komandası ayrı-ayrı dillərdə danışır
23-06-2014, 12:33
Həm Qərb, həm də Rusiya isə birmənalı mövqe tələb edir
“Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir. Biz ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edirik. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın regionlararası əlaqələri səmərəli və dinamik inkişaf edir”.
Bunu AzərTAc-a Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
O, Rusiya ilə münasibətlərdən söz açarkən bildirib ki, Rusiya Azərbaycanın əsas ticari-iqtisadi tərəfdaşlarından biridir: “Ilham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında münasibətlər nümunə ola bilər. 2010-cu ili xatırlamaq kifayətdir. O vaxt Azərbaycan prezidenti Ilham Əliyevin və Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Bakıda humanitar əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumu keçirilmiş, sonradan bu forum beynəlxalq status almışdı.
Son illərdə bu sahədə çox ciddi dəyişikliklər baş verib. Regionların rəhbərlərinin ölkəmizə qarşılıqlı səfərləri çoxalıb, ikitərəfli münasibətlər kifayət qədər səmərəli inkişaf edir, mədəni mübadilə və s. fəallaşıb. Azərbaycan Moskva və Sankt-Peterburqla, Dağıstan və Tatarıstan respublikaları, Stavropol diyarı, Moskva, Həştərxan, Ulyanovsk, Sverdlovsk, Vladimir, Tambov, Volqoqrad vilayətləri və başqa regionlarla sıx əməkdaşlıq edir”.
Maraqlısı odur ki, Ilham Əliyev Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo ilə görüşdən sonra Qərbə inteqrasiyaya dair mesajlar verir, ancaq onun komandasının əsas fiqurlarından biri Rusiya ilə münasibətlərdən danışır.
AXCP sədrinin müavini Nurəddin Məmmədli deyir ki, Azərbaycan dünya siyasətinin geniş mənada hədəfində olan ölkəyə çevrilib: “Bir tərəfdə Qərb dünyasından fasiləsiz olaraq səfərlər, eyni zamanda, Rusiyadan Azərbaycanla bağlı gözləntilərin doğrulması istiqamətində tələblər hakimiyyət dairələrində çaşqınlığa səbəb olub. Azərbaycan hökuməti əvvəlki illərə məxsus olan balanslaşdırılmış xarici siyasət tendensiyasını davam etdirmək istəyir. Həm Qərb, həm də Rusiya birmənalı mövqe tələb edir. Belə bir şəraitdə Azərbaycan tərəflərdən birini seçmək imkanını öz hakimiyyəti üçün çox təhlükəli hesab edir. Ona görə də müxtəlif vasitələrlə manevr edirlər. Xüsusilə Bakıda keçiriləcək ATƏT-in növbəti tədbiri Azərbaycan hakimiyyəti üçün böyük problemlər yarada bilər. Həmin tədbirdə Rusiyanın ziddinə olan mövqenin ortaya qoyulması tələb olunur ki, bu da hökumətdəkilərin çaşqınlığını bir qədər də artırır. Bu mənada, ayrı-ayrı məmurların müxtəlif mövqelər ifadə etməsi həmin o ”balanslaşdırılmış siyasət” vasitəsilə rejimin mövcudluğunu uzatmaq cəhdlərinin ifadəsidi”.