“Atasına əl və təpiklə ardıcıl zərbələr endirib, sonra...” - Mülk üstündə dəhşətli qətl

25-01-2018, 13:18           
“Atasına əl və təpiklə ardıcıl zərbələr endirib, sonra...” - Mülk üstündə dəhşətli qətl
Astara rayonunda mülk üstündə 76 yaşlı atasını öldürməkdə təqsirli bilinən 1969-cu il təvəllüdlü Xəlil Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Xəlil Dadaşov 1940-cı il təvəllüdlü atası Fərhad Dadaşov və 1948-ci il təvəllüdlü anası Şəkurə Dadaşova ilə birgə Astara şəhərində yaşayıb.

Onların evi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılıb.

Xəlil Dadaşov 18 fevral 2017-ci il tarixli çıxarışla valideynlərinin razılığı ilə öz qızı, ailə quraraq ayrı yaşayan Şəkurənin adına sənədləşdirib və mülkiyyət hüququnu təsdiq edən sənədləri Gəncə şəhərində yaşayan qızına göndərməyi qərarlaşdırıb.

O, həmin ilin mayın 8-də səhər saatlarında yaşadığı evdən çıxaraq yaxınlıqdakı mağazadan spirtli içki alaraq evə qayıtdıqdan sonra həmin spirtli içkini qəbul edib.

Həmin gün saat 14 radələrində yaşadığı mənzilə dair mülkiyyət hüququnu təsdiqləyən sənədləri Gəncə şəhərində yaşayan qızı Şəkurəyə göndərmək üçün evdə saxladığı yerdən götürən Xəlil Dadaşov həmin sənədi mənzilin qonaq otağındakı masanın üzərinə qoyub. Qısa müddətdə otaqdan çıxıb və geri qayıdan Xəlil Dadaşov sənədlərin masanın üzərindən oğurlandığını, bunu onun mütəmadi olaraq sərxoşluqla məşğul olduğuna görə və bu zəmində evdə mübahisə yaratmasına narazı qalan valideynləri tərəfindən törədildiyini iddia edib.

Bu zaman Xəlil Dadaşov yataq xəstəsi olan atası Fərhad Dadaşovdan qisas alaraq onu öldürmək qərarına gəlib.

Bu niyyətlə çarpayıda oturaq vəziyyətdə olan atasının üzərinə gedərək əl və təpiklə ona ardıcıl zərbələr endirib. Sonra o, bıçağı götürərək atasına çoxsaylı zərbələr vurub.

Fərhad Dadaşov ağır xəsarətlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, mayın 10-da xəstəxanada vəfat edib.

İstintaq orqanı tərəfindən Xəlil Dadaşova Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəlil Dadaşov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Xəlil Dadaşov apelyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsüf edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Xəlil Dadaşovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti sonda təqsirləndirilən şəxsin apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar açıqlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.