Qarabağ BMT-nin nəzarətinə keçir? - FƏALLIQ
25-01-2018, 17:51
Qabil Hüseynli: “Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına şərait yaranıb”
Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində BMT-nin fəallığının artması müşahidə olunur. Problemin nizamlanması ATƏT-in Minsk Qrupunun həmsədrlərinə həvalə edildikdən sonra 24 ilə yaxındır ki, BMT siyasi passivlik nümayiş etdirir. Ona görə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Azərbaycan ərazilərinin işğaldan azad olunmasını tələb edən 822, 853, 874, 884 saylı qətnamələri icra olunmamış qalıb. Son zamanlar isə BMT Dağlıq Qarabağ probleminin aradan qaldırılması yönündə fəaliyyətini müəyyən qədər canlandırıb.
BMT-nin baş katibi Antonio Quterreş bu yaxınlarda verdiyi açıqlamada Dağlıq Qarabağ probleminin və post-sovet məkanındakı digər dondurulmuş münaqişələrin həllinin rəhbərlik etdiyi qurum üçün 2018-ci ildə prioritet olacağını bəyan etmişdi. Yanvarın 23-də isə BMT baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Levent Bilman Moskvada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşüb. Tərəflər Cənubi Qafqazda təhlükəsizlik məsələləri çərçivəsində Cenevrə müzakirələrinə diqqət ayırıb. Ermənistan-Azərbaycan münaqişəsinin həlli də diqqət mərkəzində olub.
Dağlıq Qarabağ probleminin nizamlanması prosesində BMT-nin fəallığının artması Təhlükəslik Şurasının sözügedən qətnamələrinin icrası baxımından diqqəti cəlb edir.
Politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında bildirib ki, BMT-nin keçmiş SSRİ məkanındakı münaqişlərə diqqəti artırması yeni baş katibin fəaliyyəti ilə bağlıdır:
“Antonio Quterreş dünyada ekstremist xarakterli münaqişələrin, o cümlədən post-sovet məkanındakı münaqişlərin nizamlanmasını öz qarşısına əsas məqsədlərdən biri kimi qoyub. Amma digər münaqişələrdən fərli olaraq, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazilərinin 20 faizinin işğalı ilə nəticələnib. Bu gün də həmin işğal davam edir. Zənnimcə, Azərbaycan diplomatiyası da bu istiqamətdə böyük fəallıq nümayiş etdirir və Dağlıq Qarabağ problemini hər dəfə gündəmə gətirməklə bu mövzunu populyarlaşdırır. Həm ATƏT-in sammitlərində, həm bir sıra böyük dövlətlərin münaqişənin nizamlanmasına yanaşmasında ikili standartlara rast gəlirik. Məsələn, Dnestryanı bölgədə, Gürcüstan ərazisindəki münaqişələrə münasibətdə həmin ölkələrin ərazi bütövlüyü prinsipinə dəstək verilir. Dağlıq Qarabağ problemini isə əlahiddə bir məsələ kimi qələmə verməyə çalışırlar. Halbuki, özünün ekstremist və təcavüzkar xaraterinə görə Dağlıq Qarabağ münaqişəsi digər separatçıların fəaliyyətindən fərqlənir. Çünki bu prosesə sonradan Ermənistan və böyük dövlətlərdən biri də qoşularaq Azərbaycan torpaqlarının işğal olunmasına səbəb olan böyük müharibə yaratdılar. Bu müharibə regionda böyük layihələrin həyata keçirilməsinə mane oldu. Təcavüz aradan qalxmasa, iqtisadi dirçəlişə nail olmaq mümkün deyil. Bu mənada BMT-nin təşəbbüslərini alqışlayıram. Amma bir şərtlə ki, son səylər yenə də ikili standartlara gətirib çıxartmasın. İşğalçı dövlətin adı çəkilməli və işğala məruz qalan dövlətin hüquqlarının bərpası istiqamətində konkret təkliflər verilməlidir. Dağlıq Qarabağ probleminin həlli istiqamətində təşəbbüslər intensivləşib və yaxşı olardı ki, bu missiya Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınsın, dövlətlər və millətlər arasındakı düşmənçiliyə son qoyulsun”.
Qabil Hüseynli hesab edir ki, BMT-nin siyasi fəallığının artması Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün yeni imkanlar açır. Baş katib A.Quterreş həm də BMT-nin nüfuzunun artılması baxımından, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yardım göstərmək istəyir.
cəbhə.info