ABŞ Rusiyaya həlledici zərbəni hələ vurmayıb - Ekspert
31-01-2018, 09:13
ABŞ-ın sanksiyaları Rusiyadan kapital axınına gətirib çıxara bilər.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspertin sözlərinə görə, sanksiyaların tətbiq edilməsi fonunda son dövrlər Rusiyadan kapital axını müşahidə edilməkdədir:
“Sanksiyalar tətbiq edilməyə başladıqdan sonrakı dövrdə Rusiyanı 200 milyard dollardan artıq kapital tərk edib. Bu da sözsüz ki, yeni sanksiyalar fonunda investisiyaların Rusiyanı tərk etməsinə səbəb olur. Hər halda Rusiya ilə bağlı aparılan tədqiqatlar göstərir ki, indiki məqamda bu ölkədə idarəetmə aparatı güclüdür. Rusiyada oliqarx və ya rəsmilərin Kremllə əməkdaşlığı güclü olduğu üçün sanksiyalar birmənalı şəkildə bu əlaqələrə də təsir göstərir. ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının məqsədi sözügedən aparatın zəiflədilməsi, bunun hesabına Kremldə verilən qərarlara, Putinə və onun ətrafındakı münasibətlərə təsir göstərməkdir. Bu fonda da əhəmiyyətli dərəcədə investisiyalar Rusiyanı tərk etməyə başlayıb”.
İqtisadçı vurğulayıb ki, hələ ki, Rusiyadan ciddi kapital axını gözlənilmir:
“Rusiya üçün ən ciddi təhlükələrdən biri məhz sanksiyaların bank sektorunu əhatə etməsi və Rusiya banklarının beynəlxalq hesablaşmalar aparmağa imkan verən SWIFT sistemindən çıxarılması ola bilər”.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Konqresə təqdim etdiyi “Kreml hesabatı” sanksiyalar paketinə 210 nəfərin adını daxil edib. Hesabatda adları yer alan şəxslərdən 114-ü Rusiyanın yüksək vəzifəli şəxsləri və dövlət şirkətlərinin rəhbərləri, 96 nəfəri isə oliqarxdır.