İranda hökumət böhranı: Yeni ilin büdcə layihəsi rədd edildi
31-01-2018, 09:59
Mehmet Koç
İRAM
İranda Həsən Ruhani hökuməti 10 Dekabr 2017-ci il tarixində ölkənin hicri-şəmsi təqviminə görə 1397-ci il büdcə (21 Mart 2018-21 Mart 2019) layihəsini parlamentə təqdim etdi. Gərgin mübahisələrə səbəb olan layihə 28 yanvar bazar günü parlamentin Baş Assambleyasındakı səsvermədə 120 “xeyr”, 83 “bəli” və 9 bitərəf səslə rədd edildi. Hökumətin lazımlı tənzimləmələr edərək, layihəni təkrar parlamentin Baş Assamblyeasına gətirməsi üçün 72 saatlıq zamanı var. Halbuki, prezident Ruhanini dəstəkləyən mülayim-islahatçı koalisiyanın çoxluq təşkil etdiyi Məclisdə layihənin problemsiz şəkildə qəbul edilməsi gözlənirdi. 1979-cu ildə bəri ilk dəfə bir büdcə layihəsinin parlament tərəfindən rədd edilməsi düşündürücüdür.
Məclisdə mülayim-islahatçı koalisiyanın yuxarıdakı cədvəldə də açıq şəkildə görünən çoxluğuna baxmayaraq, sözügedən layihənin rədd edilməsi hökumət qanadındakı millət vəkillərinin belə, yeni il büdcə layihəsindən razı qalmadıqlarını göstərir. 120 deputatı olan milayim-islahatçı cinahın üçdə birinin layihəyə dəstək vermədiyi anlaşılır. Əslində həmin layihə açıqlandığı gündən etibarən təkcə parlamentdə deyil, bütün İran ictimaiyyətində bir çox tənqidlərə məruz qalmışdı.
Həsən Ruhani təqdim olunan layihəni yalnız birillik plan kimi deyil, hökumətin qarşıdakı dördillik iqtisadi strategiyasının inikası olaraq qiymətləndirməyin lazım olduğunu söyləmişdi. Büdcə layihəsində yanacağa 50%-lik qiymət artımı proqnozlaşdırılarkən, xalqa verilən aylıq yardımda 40%, investisiya layihələrinə ayrılan payda isə 15% azalmanın nəzərdə tutulması ciddi narazılıqlara yol açmışdı
Bundan başqa, xərclərinin nəzarət edilmədiyi bəzi qurumların büdcə paylarının tamamilə ləğvi və digərlərinin hesabat verə biləcək hala gətirilməsi məqsədilə Mədəniyyət və İslami İrşad Nazirliyinin tərkibinə verilməsi, bununla yanaşı dini təbliğat missiyalı qurumlara əhəmiyyətli vəsait köçürülməsi kimi addımlar da həm mühafizəkar, həm də islahatçı kütlələrin sərt reaksiyalarına səbəb olmuşdu. Etiraz edilən digər məqam isə daha əvvəllər investisiya layihələri üçün fond yaratmaq məqsədilə hökumətin həyata keçirdiyi istiqraz və bonuslar siyasəti nəticəsində toplanan vəsaitlərin yeni ildə əvvəlki dövlət borclarının ödənilməsinə yönəldilməsidir.
Ölkənin ən böyük nüfuz sahibi olan İnqilab rəhbəri Əli Xamaneyi tərəfindən qəbul olunmuş və İranın ümumi iqtisadi siyasətinin çərçivəsini müəyyənləşdirən Müqavimət İqtisadiyyatı Doktrinasının 2025-ci il Strateji Yol Xəritəsi sənədinin və Altıncı İnkişaf Planının büdcədə kifayət qədər əks etdirilmədiyi yönündəki tənqidləri də bu təpkilərə əlavə etmək lazımdır. Təpkilər Məclisdəki müzakirələrin davam etdiyi bir zamanda hökumətin və Büdcə komissiyasının narazı deputatları qane edə bilməməsi və bəzi millət vəkillərinin öz seçki məntəqələrinə verilən kreditləri yetərsiz görmələri də layihənin rədd edilməsini qaçınılmaz hala gətirmişdir.
Etiraz aksiyalarının təsiri
Yuxarıda göstərilən səbəblərə bir də 28 Dekabr 2017-ci il tarixində Məşhəddə bahalılıq səbəbiylə başlayıb qısa müddətdə bütün ölkə ərazisinə yayılan və rejim əleyhinə çevrilən hadisələr ucbatından parlamentin sosial-iqtisadi məsələlərdə məsuliyyətini daha səmərəli şəkildə yerinə yetirməyə çalışmasını da əlavə etmək olar. İranda hər keçən gün artan həyat bahalılığı fonunda Ümumi Daxili Məhsulun son 5 ildə 40% azalması nəticəsində hər ay ayrılan sosial yardımın, haradasa, yarı-yarıya endirilməsinin nəzərdə tutulması vətəndaşların ən azı 40%-nin maddi dəstək almaq hüququndan məhrum olacağı mənasına gəlir. Digər tərəfdən, başqa sahələrdə bahalaşmağa təkan verəcəyi gözlənilən yanacağın qiymətinin artırılmasının ölkədəki gərgin vəziyyəti daha riskli hala gətirəcəyi də şübhəsizdir. Görünür, layihəyə səs verən millət vəkilləri bu riskləri də nəzərə alıblar.
Nəticə etibarilə, 19 may 2017-c il seçkiləri nəticəsində Onikinci hökumətin qurulmasından bu yana ölkədəki siyasi, iqtisadi, ictimai və mədəni problemlər fonunda cərəyan edən müzakirələrin diqqəti cəlb edən digər cəhəti getdikcə artan sosial qütbləşmələrdir. Seçkisonrası gözləntiləri yerinə yetirilməyən islahatçılar hökumətə və xüsusilə Ruhaniyə verdikləri dəstəklərini müzakirə etməyə başlayıblar. Büdcə layihəsinin kifayət qədər dəstəklənməməsi də bu xəyal qırıqlığının real nəticələrindən biridir.
Şübhəsiz, bu qədər qısa müddətdə həmin problemlərin hamısını dəf edərək layihəni təkrar parlamentin müzakirəsinə gətirmək mümkün deyil. Bununla yanaşı, bütün millət vəkillərinin olmasa belə, səsvermədə çoxluğun etimadını qazanmaq məqsədilə bəzilərinin gündəmə gətirdikləri iradların aradan qaldırılacağı gözləməyə dəyər.
Tərcümə: Ovqat.com