Xədicə İsmayıldan FETÖ təəssübkeşliyi
31-01-2018, 11:51
PKK terror təşkilatının Suriya qanadı YPG və PYD-yə qarşı Türkiyənin apardığı "Zeytun budağı” əməliyyatı dünyada bəzi siyasi dairələrin hədəfinə çevrilib. Rəsmi Ankara dəfələrlə açıqlama verərək bildirib ki, hərbi əməliyyatlar ölkənin təhlükəsizliyinə yönəlib. Bir çox dövlətlər, o cümlədən Azərbaycan bu əməliyyatı dəstəklədiyini bəyan edib. Amma bir sıra daiirələr, eləcə də bəzi beynəlxalq təşkilatlar nədənsə, Türkiyənin bu addımını birmənalı qarşılamayıb. Qardaş ölkəyə düşmən kəsilən dairələr, həmçinin onların təsiri altında olan media qurumları və sosial şəbəkələrdəki fəallar Türkiyəni hədəf seçiblər. Bu məsələdə FETÖ terror təşkilatının nümayəndələri xüsusi "fəallıq” nümayiş etdirirlər.
Misal üçün, FETÖ-nün "cümhuriyyət imamı” hesab olunan və vaxtı ilə Türkiyədə məşhurluğu ilə seçilən jurnalist Can Dündar bu günlərdə sosial şəbəkə vasitəsilə antitürkiyə mövqeyini nümayiş etdirib. Onun səsləndirdiyi fikirlərə gəlməzdən öncə qeyd edək ki, Can Dündar uzun illər Türkiyə mətbuatında, televiziya kanallarında fəaliyyət göstərib. 2013-cü ildən "Cümhuriyyət” qəzetində köşə yazarı olaraq işini davam etdirib. 2015-ci ildə "Budur Ərdoğanın "yox” dediyi silahlar” başlıqlı yazı ilə Türkiyənin Milli İstihbarat Təşkilatına aid xəbər yayımlayıb. Bu xəbərdən sonra dövlət sirrini yayma, siyasi və hərbi casusluq, məxfi xəbəri yayma və terror təşkilatının təbliğatını aparmaqla bağlı C.Dündar haqqında cinayət işi açılıb. Aparılan məhkəmə araşdırmalarından sonra dövlət sirrini yaydığına görə C.Dündara verilən 7 illik cəza 5 il 10 aya endirilib. Lakin Türkiyədə 2016-cı ilin 15 iyulunda baş verən hərbi çevrilişə cəhddən sonra C.Dündar ölkədən qaçıb. Qaçdıqdan sonra ABŞ, Fransa, İngiltərə, Almaniya və bir çox ölkələrə gedərək, Türkiyə əleyhinə keçirilən bütün tədbirlərdə ön sırada olub. Almaniya isə C.Dündar üçün xəbər saytı yaradaraq, ona yeni "meydan” verib. C.Dündar "correctiv” adlı bu xəbər saytı vasitəsilə demək olar ki, durmadan Türkiyə əleyhinə məlumatlar yaymaqda davam edir. Son olaraq, Türkiyənin Afrində terrorçulara qarşı apardığı hərbi əməliyyatın əleyhinə çıxan Dündar guya hökumətin yanlış addım atdığını dilə gətirib. Həmçinin, bu hərbi əməliyyatlar zamanı mediaya qarşı təzyiqlərin olduğunu və onlara qadağalar qoyulması ilə bağlı absurd fikirlər irəli sürüb.
Təəssüf doğuran haldır ki, Azərbaycanda Qərb siyasi dairələrinə bağlı insanların bir hissəsi də FETÖ-çülərə dəstək verirlər. Buna nümunə kimi Xədicə İsmayılı göstərmək olar. Belə ki, X.İsmayıl C.Dündarın sosial şəbəkələrdə Afrin əməliyyatlarına qarşı "Savaşa yox” adı altında yaydığı videonu özünün səhifəsində paylaşıb. Bununla o, C.Dündarın paylaşdığı fikirlərlə razı olduğunu nümayiş etdirib. Özünü sığortalamaq üçün paylaşımında heç kimi dəstəkləmədiyini də qeyd edib. Lakin ardınca "ehtiyatı” əldən verərək, Türkiyənin Afrində həyata keçirdiyi "Zeytun budağı” əməliyyatını nəticəsi olmayan "hərbi marş” kimi dəyərləndirib: "Məni, Türkiyənin bu əməliyyatdan qazanacaqları və həmin qazandığını dayanıqlı uğura necə çevirəcəyi maraqlandırır. İndiyədək bölgədə heç bir təşəbbüsü davamlı uğurla nəticələnməyən Ərdoğanın bu dəfə də ölkə içində siyasi qazanc üçün bu əməliyyatı başladığına şübhəsi var Dündarın. Zaman göstərəcək”.
X.İsmayılın R.T.Ərdoğanı hədəf alması səbəbsiz deyil. Əvvəla, Türkiyə və Azərbaycan uzun illərdir dost və qardaş ölkələr olmaqla yanaşı, həm də strateji tərəfdaşdır. Bu, bəi dairələri qane etmir və müxtəlif zamanlarda iki ölkə arasında nifaq toxumu səpməyə cəhdlər göstərilir. Həmin dairələr məqsədlərinə demokratiya, insan hüquqları və media azadlığından danışan beynəlxalq təşkilatların, Xədicə kimi təsirləri altına saldıqları şəxslərin vasitəsilə nail olmağa cəhd edirlər. \\kaspi.az\\