Qiyamçı diplomatdan Əli Kərimliyə qarşı sarsıdıcı bəyanat: - “Siyasəti murdarladın, iyrənc mübarizəyə çevirdin...”
31-01-2018, 16:50
Azərbaycanın Hollandiyadakı keçmiş konsulu, istefa verərək mühacirətdə müxalifətçilik fəaliyyətinə başlayan Nahid Cəfərov AXCP sədri Əli Kərimliyə qarşı sarsıdıcı videobəyanatla çıxış edib. Virtualaz.org xəbər verir ki, qiyamçı diplomatın bu çıxışı YouTube şəbəkəsində yayılıb. Nahid Cəfərovla Əli Kərimli arasındakı münaqişənin səbəbi isə keçmiş diplomatın AXCP sədrini özünün Facebook səhifəsində yüngülcə tənqid etməsidir.
Belə ki, bu günlərdə Rusiyada Navalnı tərəfdarlarının küçələrə çıxması ilə bağlı Kərimli Facebook-da yazıb. Rusiya hakimiyyətinin müxalifətin aksiyalarına Azərbaycan hakimiyyətinə nisbətən “daha dözümlü” yanaşdığını bildirib, daha sonra yazıb ki, Azərbaycanda müxalifətin gücsüzlüyünə görə təkcə müxalifətin özünü günahlandırmaq lazım deyil. Gərək xalq özü ayağa qalxsın, xalq hərəkatı olsun.
N.Cəfərov isə Kərimlinin bu fikirlərinə münasibət bildirərək yazıb ki, AXCP rəhbərinin mövqeyi onun siyasi lider kimi tükəndiyini göstərir. “Əgər bir siyasi lider 25 illik mübarizədən sonra belə deyirsə bu, onun tükəndiyini göstərir. Siyasi lider özünü necə qurban obrazında təqdim edə bilər? Əgər Azərbaycanda xalq özü qalxacaqdısa o zaman müxalifətə, siyasətçilərə nə ehtiyac vardı? Tutaq ki, Kərimlinin dediyi kimi xalq hərəkatı oldu, bəs bu hərəkat sosial partlayışa çevriləcəksə ona kim nəzarət edəcək?”-keçmiş diplomat heç bir təhqirə yol vermədən diplomatik üslubda yazıb.
Lakin Kərimlinin bu yüngülcə tənqidinə cavab olaraq onun internet-trolları kütləvi şəkildə keçmiş diplomata qarşı hücuma keçiblər. Kərimlinin trolları Nahid Cəfərovu “MTN agenti olmaqda”, “müxalifətə desant kimi atılmaqda” və daha nələrdə ittiham edib, habelə onun özün və ailəsinə qarşı saysız-hesabsız küçə söyüşləri, təhqirlər yağdırılıb.
“Söhbət ölkəyə liberal dəyərlər, demokratik dəyərlər gətirmək iddiasında olan liderin azacıq tənqidinə reaksiyalardan gedir. Kərimlinin bu günə qədər siyasətdə heç bir uğuru olmayıb, 25 illik siyasi fəaliyyətində heç nəyə nail ola bilməyib, ancaq partiyasında öz şəxsiyyətinə pərəstiş formalaşdırmaqla məşğul olub. Bu adam ölkəyə guya liberal dəyərlər gətirmək istəyir, ancaq onu azacıq tənqid etdim, mənə yazılmayan təhqirlər, söyüşlər qalmadı. Onun tərəfdarlarından bir nəfəri də demədi ki, ay qardaş, təhqir niyə yazırsan? Bəyəm bu adam Əli Kərimlinin şəxsiyyətini, ailəsini təhqir edib? Əgər Kərimli rüşvət alan hansısa adi məmura görə hakimiyyəti günahlandırırsa deməli onun sosial şəbəkələrdə söyüş yazan tərəfdarlarına görə də məsuliyyəti o daşımalıdır. Bu adam ölkəyə liberal dəyərlər gətirmək istəyir, amma özü həmin dəyərləri tapdalayır”-qiyamçı diplomat çıxışında bildirib.
N.Cəfərov deyib ki, Əli Kərimli siyasi lider deyil. Çünki siyasi lider gələcəyə dair öz baxışları olan, patiyasındakıları və başqalarını bu gələcəyə inandıra bilən adama deyilir. Kərimli isə ancaq keçmişlə məşğuldur, gələcəyə dair heç bir baxışları yoxdur. Bütün fəaliyyətini ancaq hakimiyyətin tənqidi üzərində qurub.
“Ancaq hakimiyyətin elədiklərini tənqid etməklə insanları necə inandıra bilərsən? Hakimiyyət Əli Kərimlinin mitinqlərindən qətiyyən narahat deyil, ona görə də sənə stadion verib və sən heç bu stadionu da doldura bilmirsən. Bu gün Əli Kərimli Azərbaycanda liberal dəyərlərə ən böyük maneədir, əngəldir. Baxın, bu gün onun adamları mənə böhtan, söyüş yağdırır. Təkcə ona görə ki, mən Kərimlini azacıq tənqid etmişəm. Çünki əllərində olan vasitə ancaq budur-söyüş, böhtan. Deməli sabah Kərimli hakimiyyətə gəlsə cibimə narkotik atıb məni tutduracaq. İndi bunu etməyə onların sadəcə olaraq imkanı yoxdur, əllərində olan imkan söymək, təhqir etməkdir ki, bundan gen-bol istifadə edirlər”-keçmiş konsul çıxışında deyib.
N.Cəfərovun sözlərinə görə, Kərimli AXCP üzvlərindən ancaq öz şəxsiyyətinə pərəstiş formalaşdırmaq və başqalarını qaralamaq, özünü qorumaq üçün yararlanır. Özü barədə qurban obrazı yaradır, amma qurban obrazı ilə müxalifətçilik eləmək olmaz.
N.Cəfərov deyib ki, Kərimli Fikrət Hüseynli kimi dələduzları, saxta sənəd alverçilərini vitrinə çıxarır. Bu da insanlarda siyasətə olan inamı öldürür. Onun sözlərinə görə, Kərimli demokratiya uğrunda mübarizə aparırsa birinci özündən və ətrafından başlamalıdır. N.Cəfərov bildirib ki, Əli Kərimli bu gedişlə tamamilə iflasa uğrayacaq, mariginallaşacaq və heç kim onu ciddiyə almayacaq.
“Əli Kərimli, bu 25 ildə nə edib, çıxıb cavab versin. Axı hakimiyyət həmişə indiki kimi sərt olmayıb, yumşaq dövrləri də olub. Vaxt var idi oturmuşdun parlamentdə...Sən insanların ümidini, gələcəyə inamını qırdın. Bu gün azacıq tənqidə görə Kərimlinin trolları mənə hücum çəkir. Budur Əli Kərimlinin azərbaycan xalqına vəd etdiyi gələcək? Siz siyasəti murdarladınız, iyrənc mübarizəyə çevirdiniz, insanların ümidlərini məhv etdiniz”-keçmiş diplomat deyib.
Virtualaz.org