FSB şefinin ABŞ-a qəfil səfərinin – Pərdəarxası
2-02-2018, 09:08
Rusiya-ABŞ münasibətlərinin soyuq olmasına baxmayaraq, tərəflər kəşfiyyat xidmətləri ilə bağlı bir-birini dəstəkləyir.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiyanın üç əsas kəşfiyyat xidmətinin rəhbərinin ABŞ-a səfərini şərh edərkən deyib.
“Sözügedən səfərlər sırf kəşfiyyat xarakteri daşıyır. Ancaq Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun səfəri ABŞ-da müəyyən qalmaqallara səbəb oldu. Bortinokovun səfəri Konqresdə Rusiya əleyhinə qətnamənin qəbul olunduğu vaxta təsadüf etdiyindən, bu, konqresmenlər arasında ciddi narazılıq doğurdu. Halbuki bu səfər Amerikanın təhlükəsizlik maraqları baxımından vacib idi. Tərəflər bu yolla kəşfiyyat məlumatlarını bölüşərək terrorçuları və terror planlarının qarşısını ala bilirlər”, - siyasi təhlilçi bildirib.
Politoloq sözügedən şəxslərin adlarının sanksiya siyahısına salınmasına baxmayaraq, Rusiya və ABŞ arasında kəşfiyyat mübadiləsinin bundan sonra da davam edəcəyini bildirib:
“Kreml hesabatı”nda 210 nəfərin adı yer alıb. Ancaq bu o demək deyil ki, indidən başlayaraq həmin şəxslərə qarşı ciddi sanksiyalar tətbiq ediləcək. O ki qaldı Rusiya kəşfiyyat xidmətinin rəhbərlərinə, sözügedən şəxslər Amerikanın milli və təhlükəsizlik maraqları baxımından diqqətdədir. Ona görə də onların adlarının sanksiya siyahısına daxil edilməsi bu prosesə təsir etməyəcək. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov da bəzi Qərb ölkələrinin sanksiya siyahısındadır, ancaq həmin ölkədə rahat şəkildə səfir vəzifəsində çalışır”.
Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Korobov (QRU) ötən həftə ABŞ-a səfər edib.
Hər üç şəxs hazırda ABŞ-ın sanksiyalar siyahısında yer alıblar.