Iran şirkəti Ağdam məscidini də bərpa edəcək? - İran səfirliyinə sual

5-02-2018, 11:22           
Iran şirkəti Ağdam məscidini də bərpa edəcək? - İran səfirliyinə sual
2017-ci il dekabrın 7-də Xankəndində qondarma separatçı-terrorçu rejimin “iqtisadiyyat nazirliyi” adlanan saxta qurum və İranın “Part Saman Jahan Co” şirkəri arasında təhvil-təslim aktı imzalanıb.

Moderator.az “KarabakhTV”-yə istinadla xəbər verir ki, bu haqda separatçı rejimə məxsus KİV məlumat yayıb. Xəbərə görə, tərəflər arasında imzalanmış aktda Şuşanın Yuxarı Gövhərağa məscidinin yenidənqurma layihəsinin qəbulu və təhvil verilməsindən bəhs edilir. Bu haqda erməni jurnalistlərə “Qafqaz geosiyasi klubu”nun üzvü İda Sarkisyan məlumat verib. Onun sözlərinə görə, Xankəndindəki separatçı erməni rejiminin müvafiq qurumlarının sifarişinə əsasən Şuşanın məşhur məscidinin rekonstruksiyasını məşhur İran memarı Səid Nahavandi və onun mütəxəssis komandası həyata keçirib.
İ.Sarkisyan bildirib ki, çox güman ki, bərpa edilmiş bina həm muzey kimi, həm də “respublika”nın müsəlman qonaqlarının öz dini ayinlərini həyata keçirməsinə- namaz qılmalarına xidmət göstərəcək.
Maraqlıdır ki, xəbərdə birbaşa bu haqda yazılmasa da, dolayısıyla Ağdam məscidinin də sözügedən İran şirkəti və memarı tərəfindən bərpa ediləcəyinə işarə edilir. Xəbərin başlığı da məhz belədir:”Erməni və İran mütəxəssisləri Ağdamdakı məscidi bərpa edəcək...”

Xəbərin Ağdam məscidindən bəhs edilən son hissəsinin tərcüməsini olduğu kimi nəzərinizə çatdırırıq:
”1868-1870 illərdə memar Kərbalayi Səfi xan Qarabaği tərəfindən inşa edilmiş Ağdam şiə məscidinin taleyi, uzun illər Azərbaycan tərəfindən ermənilərin İslam abidələrini məhv etməkdə ittiham olunmalarına səbəb olmuşdur. Bu ittihamlar əsassızdır. Çünki İrəvandakı İran məscidi olan Göy məscid Ermənistan paytaxtının cəlbedici məkanlarından biridir. Məhdud iqtisadi imkanlarına baxmayaraq “Artsax Respublikası” İslam irsini qorumağa çalışır...

Erməni KİV-nin qeyd etdiyi kimi, İran tərəfi ilə Dağlıq Qarabağın qarşılıqlı qarşılıqlı əlaqələri hər iki tərəf üçün faydalı perspektivlərə malikdir və bəzi sahələrdə artıq inkişaf etməkdədir...”

“KarabakhTV” xatırladır ki, hələ 2017-ci il aprelin əvvəlində Şuşada Yuxarı Göhvərağa məscidinin bərpası prosesi adı altında Ermənistan tərəfindən İranın “Part Saman Jahan Co” şirkətinin işə cəlb edilməsi ilə bağlı İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də Xarici İşlər Nazirliyinə çağırılıb və sözgedən şirkətin qanunsuz fəaliyyətinin qarşının alınmasının zəruriliyi bildirilib. Bu haqda aprelin 12-də XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat vermişdi. H.Hacıyevin sözlərinə görə, bundan əlavə, məsələ ilə əlaqədar Azərbaycanın İrandakı səfirliyi İran Xarici İşlər Nazirliyində bir neçə dəfə görüş keçirib, Azərbaycanın narahatlığını çatdırıb və sözügedən şirkətin Azərbaycan-İran əlaqələrinin ruhuna zidd olan qanunsuz fəaliyyətinin qarşısını almaq üçün zəruri və təsirli addımların atılmasının vacibliyini qeyd edib.

Həmin açıqlamasını Azərbaycan XİN rəsmisi bu cümlələrlə bitirmişdi:

“Ümid edirik ki, Ermənistan bu kimi təxribatçı və riyakar addımlarla Azərbaycan və İran arasındakı əlaqələrə xələl gətirmək kimi qərəzli məqsədlərinə nail olmayacaq və İran tərəfindən “Part Saman Jahan Co” şirkətinin qanunsuz fəaliyyətinin qarşısı tezliklə alınacaq. Nəzərə almaq lazımdır ki, Ermənistan bu kimi əməlləri ilə İslam ölkələri arasında fitnə-fəsad yaratmaq və İslam birliyini pozmaq kimi məkrli siyasət yürüdür”.

Görünür, Azərbaycan hökumətinin bu cür rəsmi xəbərdarlıqları İran tərəfi üçün yetərli olmadığından sözügedən İran şirkətinin separatçı rejimə dəstəyi barədə informasiyalar hələ də hallanmaqdadır. Hətta “Part Saman Jahan Co” şirkətinin gerçəkdən Azərbaycanın işğal altındakı torpaqlarında fəaliyyət göstərmədiyi halda belə İran dövləti qondarma bir rejimin onunla qonşu Azərbaycan arasındakı münasibətlərə xələl gətirəcək informasiyaların qarşısını almaq qüdrətinə malikdir. Ancaq son 20-25 ildə hələki İran hökuməti tərəfindən istər rəsmi İrəvana, istərsə də Xankəndindəki qondarma separatçı rejimə qarşı belə bir ciddi xəbərdarlıq səslənməyib...

Onu da xatırladaq ki, bu günlərdə “KarabakhTV” qazaxıstanlı məşhur iş adamı Kayrat Boranbayevin Şuşadakı Yuxarı Göhvərağa məscidinin təmirinin maliyyələşdirilməsini öz üzərinə götürməsi haqda Ermənistan və Qazaxıstan mənbələrinə əsaslanan xəbəri yaydıqdan sonra Qazaxıstanın Bakıdakı səfirliyi bu barədə ciddi bəyanat verərək bunun həqiqətə uyğun olmadığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.