Növbədənkənar seçki qərarı və hakimiyyətə rəqib olan siyasi məhbusların azadlığı - Təhlil
5-02-2018, 22:31
Bu gün səhər saatlarında media manşetlərini zəbt edən, ölkə gündəmini isə bir-birinə vuran xəbəri oxuyan hər kəs sözün əsl mənasında şok yaşadı
“Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək”. Bəli düz oxuyursunuz, ölkə prezidentinin sərəncamına əsasən Azərbaycanda oktyabr ayında keçirilməli olan seçkilər, aprelə təyin edilib. Bu xəbər hakimiyyətin yuxarı dairələrindən tutmuş, ən aşağı pillədə olan mənsəb sahiblərini, o cümlədən ictimaiyyəti çaş-baş salıb. Hər kəsi “bu sərəncamın hansı səbəblərdən dolayı imzalandığı haqda suallar” maraqlandırsa da, siyasi analitiklər mövzu ətrafında olduqca ciddi fikirlər səsləndiriblər. Ölkənin tanınmış politoloqlarının fikirlərinə görə, prezidentin sərəncamı yuxarı dairələrdəki daxili çəkişmələrin, xarici amillərin təsiri ilə bağlı ola bilər. Bu fikirlərin nə dərəcədə real olub-olmadığını zaman göstərəcək. Amma görünən odur ki, prezidenti belə bir sərəncam imzalamağa sövq edən səbəblər mövcuddur. Əks halda gözlənilməz qərar ölkə gündəminə bomba kimi düşməzdi. Üstəlik xatırlatmaq yerinə düşər ki, hələ iqtidaryönümlü deputat Zahid Oruc 2017-ci ilin son ayında, prezident seçkilərinin vaxtını 7 ay önə çəkməyi, 2018-ci ilin mart ayına keçirməyi təklif etdikdə, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu fikirə sərt təpki göstərmişdi: Sitat: “Konkret olaraq Azərbaycanda 1993-cü ildən başlayaraq hüquqi demokratik dövlətin quruculuğundan və 1995-ci il Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunandan sonra bütün seçkilər vaxtında, öz növbəsində keçirilib. O yerdə seçkinin müddətini dəyişirlər ki, müxtəlif səbəblər olsun. Mən də bunlarla bağlı şərhləri oxuyuram. Ortada hüquqi, siyasi baxımdan heç bir əsaslandırma yoxdur. Ona görə də, belə fikirləri ciddi hesab etmirəm və düşünürəm ki, seçkilər vaxtında keçiriləcək".
YAP-ın adından açıqlama verən Siyavuş Novruzovun səsləndirdiyi fikirlərdən də aydın olur ki, ölkədə seçkilərin vaxtının dəyişdirilməsi öncədən planlaşdırılmayıb və bu çox ani bir qərardır. Fikirlərdən o da aydın olur ki, ölkədə bu sərəncamın imzalanmasını labüd edən səbəblər mövcuddur.
Əcaba ani qərarın səbəbi ölkədə gözlənilən qızıl aministiya ola bilərmi? Bu sual ətrafında bir az düşünmək və analiz aparmaq lazım gəlir. Artıq bir müddətdir ki, əfv sərəncamının və amnistiya aktının imzalanacağı, xeyli sayda siyasi məhbusun azadlığa buraxılacağı haqda xəbərlər medianın gündəmini zəbt edib. Novruz Bayramı və 28 May Respublika günü ilə əlaqədar imzalanması gözlənilən Amnistiya Aktı və Əfv sərəncamı nəticəsində prezidentliyə namizədliyini verə biləcək, həmçinin hazırkı iqtidara rəqib olacaq siyasi məhbusların azadlığa çıxması gözləniləndir. Seçki ilində məhz bu şəxslərin azadlığa çıxması, hazırkı ölkə rəhbərliyinin işini çətinə sala və seçki prosesini qəlizləşdirə bilər. Mümkündür ki, prezident məhz əfv-dən və amnistiyadan öncə seçkilərin baş tutmasını təmin etmək məqsədi ilə belə bir sərəncam imzalayıb. Belə olacağı təqdirdə seçkilərin rahat və başağrısız keçirilməsini təmin etmək mümkün ola bilər, ardınca qızıl aministiya ilə prezident öz avtoritetini bir az da artırar. Bu sanki “bir güllə ilə iki dovşan vurmaq” məsəlini xatırladır. Hər bir halda prezident seçkilərinin vaxtının gözlənilmədən 6 ay əvvələ çəkilməsi, daxildə bir çox gizli mətləblərin olduğundan xəbər verir. Bunun tüstüsü isə yaxın zamanlarda mütləq çıxacaq.
Tumar