Azərbaycan “Boz Qurd”larından növbədənkənar seçki açıqlaması

7-02-2018, 00:12           
Azərbaycan “Boz Qurd”larından növbədənkənar seçki açıqlaması
Səfər Hümbətov: “Hesab edirəm ki, seçkinin önə çəkilməsində daha çox xarici faktorlar rol oynayıb”; “Olası boykot qərarını düzgün hesab etmirəm”

Azərbaycan Milliyyətçi Demokrat (Boz Qurd) Partiyasının qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri Səfər Hümbətov 11 aprelə təyin edilmiş növbədənkənar prezident seçkisi ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Növbədənkənar prezident seçkisi qərarına Milliyyətçi Demokrat Partiyasının münasibəti necədir? Partiyanız seçkidə iştirak edəcək?

- Seçkinin önə çəkilməsi bizim üçün gözlənilməz oldu. Baxmayaraq ki, bəzi şəxslər xeyli vaxtdan bəri növbədənkənar seçki proqnozları verirdilər. Amma bu qədər tezliklə olacağını çox adam gözləmirdi. Növbədənkənar seçki bizim partiyanı digər müxalifət partiyaları kimi seytnot vəziyyətə, çıxılmaz duruma salmayıb. Çünki bizim partiya olaraq öz namizədimiz yoxdur. Namizədlər bəlli olandan sonra daha məqbul hesab etdiyimizə dəstək verməyi düşünürük. O təşkilatlar çıxılmaz durumla üz-üzə qalıblar ki, özlərinin namizədi var və seçki hazırlıqlarını qarşıdakı 7-8 aya planlaşdırmışdılar. İndi çox qısa zaman qaldığı üçün hazırlıq sarıdan çətin duruma düşüblər. Mən hesab edirəm ki, növbədənkənar seçki qərarı müəyyən siyasi təşkilatların seçki hazırlıqlarına mənfi təsir etsə də, dövlət olaraq Azərbaycanın xeyrinə ola bilər. Düşünmürəm ki, seçkinin önə çəkilməsi siyasi rəqibləri seytnot vəziyyətə salmaq üçündür. Məncə hakimiyyətin daxili amillərlə bağlı ciddi problemi yoxdur. Hesab edirəm ki, seçkinin önə çəkilməsində daha çox xarici faktorlar rol oynayıb. Bir sıra xarici faktorlar var ki, onların Azərbaycana ziyan vura biləcəyi ehtimalları var. Onları önləmək və həmin ehtimalları minimuma endirmək gərəkdir.

- Dediniz ki, öz namizədiniz olmasa da düşüncənizdə başqa bir namizədə dəstək vermək var idi. 11 apreldə keçiriləcək seçkidə konkret hansı namizədə dəstək verməyi nəzərinizdə tutmusunuz?

- Seçki oktyabrda olsaydı da bizim mövqeyimiz belə idi. İndi vaxt aprelə çəkildisə o demək deyil ki, mövqeyimiz dəyişib. Düşüncəmiz belədir, lakin hələ partiyanın konkret kimi müdafiə etmək barədə rəsmi qərarı yoxdur. Digər tərəfdən də namizədlərin kim olması rəsmən bəlli olmalıdır ki, biz də onlardan hansını müdafiə edə biləcəyimizi müəyyənləşdirək və rəsmi qərar qəbul edək. Növbədənkənar seçki qərarı verilməzdən öncə bir neçə nəfər namizədliyini elan etmişdi. Növbədənkənar seçki qərarından sonra yeni durum yarandığı görünür, həmin şəxslərin seçkidə iştirak edib-etməyəcəyi hələ sual altındadır.
- Artıq Milli Şura seçkini boykot etmək anonsu verib. Milliyyətçi Demokrat Partiyası boykot qərarına necə yanaşır?

- Keçmiş təcrübə göstərir ki, boykot variantının heç bir müsbət effekti olmur. Əksinə, boykotun zərərləri olur. Azərbaycan kimi ölkələrdə seçkilər müxalifət üçün xalqla təmas, sözünü demək, aktivləşmək üçün tribuna rolunu oynayır. Ona görə də siyasi partiyalar bu tribunadan istifadə etmək mövqeyində olmalıdır. Bu tribunadan imtina etmək işin xeyrinə deyil. Aktiv mübarizə aparılmalıdır. Boykot qərarını düzgün hesab etmirəm.

- Partiyanızın ağsaqqalı İsgəndər Həmidovun seçki ilə bağlı hansı mövqe ortaya qoyması, kimi müdafiə etməsi partiya olaraq verəcəyiniz qərarda əksini tapacaq?

- Ümumiyyətlə Milliyyətçi Demokrat Partiyasında qərarlar kollegial qaydada qəbul olunur. Yəni heç vaxt bir fərdin istəyi ilə qərar qəbul olunmur. Bizim partiyaya nədənsə həmişə radikal, bir nəfərin diktəsinin hakim olduğu partiya kimi baxıblar. Əslində isə belə deyil. Seçkidə kimə dəstək vermək məsələsində də kollegial şəkildə qərar qəbul olunacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.