Azərbaycan iqtisadi azadlıq indeksində 67-ci oldu

8-02-2018, 09:46           
Azərbaycan iqtisadi azadlıq indeksində 67-ci oldu
Qanunvericilikdə müsbət dəyişikliklər var, bəs reallıq?

Dünyanın aparıcı analitik mərkəzlərindən hesab olunan “Heritage Foundation” institutu və “The Wall Street Journal” nəşri tərəfindən hazırlanan ənənəvi illik hesabatda göstərilir ki, Azərbaycan ötən il iqtisadi azadlığın səviyyəsinə görə 180 ölkə arasında 67-ci sırada qərarlaşıb.

Hesabata istinadən bildirilir ki, nəticədə Azərbaycan “Qismən azad” ölkələr qrupuna daxil edilib. “İqtisadi Azadlıq İndeksi-2018" adlandırılan bu hesabatda biznes, maliyyə, ticarət, əmək, investisiya, korrupsiya və digər sahələr üzrə ayrı-ayrı ölkələrdə iqtisadi azadlıqların səviyyəsi göstərilib. Qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun açıqladığı statistik rəqəmlər əsasında aparılan araşdırmalarda ölkələrin göstəriciləri faizlə ifadə olunub. Hesabatda Azərbaycanın 2018-ci ildə 2017-ci illə müqayisədə 1 pillə irəlilədiyi göstərilib. Belə ki 2017-ci ilin hesabatında Azərbaycan 180 ölkə arasında 67-ci sırada qərarlaşıb.

Məlumat üçün onu da bildirək ki, keçmiş SSRİ və region ölkələri arasında ən yaxşı vəziyyət Estoniyada qeydə alınıb. Estoniya 180 ölkə arasında 7-cı sırada qərarlaşaraq “əsasən azad” ölkə hesab olunub. Keçmiş SSRİ və region ölkələrində Gürcüstan 16-cı, Litva 19-cu, Latviya 28-ci, Qazaxıstan 41-ci, Ermənistan 44-cü, Türkiyə 58-ci, Azərbaycan 67-ci, Qırğızıstan 78-ci, Moldova 105-ci, Tacikistan 106-cı, Rusiya 107-ci, Belarus 108-ci, Ukrayna 150-ci, Özbəkistan 152-ci, Türkmənistan 169-cu sırada qərarlaşıb. Onu da bildirək ki, iqtisadi cəhətdən ən azad ölkələr Honq Konq, Sinqapur və Yeni Zelandiya hesab olunur. Qeyri-azad ölkələrin ilk 3-lüyünə isə Şimali Koreya, Venesuela və Kuba daxil olub.

Bəs görəsən, Azərbaycanla bağlı nəticə reallığı əks etdirirmi? Beynəlxalq institutun hesabatı nə dərəcədə etibarlıdır? Azərbaycanın bir pillə irəliləməsində son illərdə aparılan islahatların rolu varmı?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, “Heritage Foundation” kifayət qədər nüfuzlu və hesabatları ilə qlobal investorların diqqətini cəlb edən fondlardan biridir: “Bu cür fondlar tərəfindən açıqlanan hesabatlar hər zaman investorların diqqət mərkəzində olur. Azərbaycan iqtisadi azadlığına görə azadlıq dərəcəsi 60-70 faiz olan ölkələr sırasındadır. Bu, ölkəmiz üçün müsbət haldır. Bir pillə irəliləməyimizin səbəbi isə hüquqi sferadakı dəyişikliklər, iqtisadiyyatın şaxələndirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələr, ”Strateji Yol Xəritəsi"dir. Əgər struktura diqqət etsək görərik ki, Azərbaycanın xarici borc yükü, vergi yükü, ÜDM-in artım tempi kimi indikatorlara da yer verilir. Bu indikatorlardan vergi yükü üzrə Azərbaycanda ötən illərlə müqayisədə irəliləmə var. Bu da ayrı-ayrı sektorlarda güzəştli şərtlərlə fəaliyyətin təmin edilməsindən qaynaqlanır. Bildiyimiz kimi, iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədi ilə müxtəlif təşviqedici mexanizmlərin tətbiqinə qərar verildi. Bunlardan da müəyyən bir qismi məhz vergi güzəştlərinin tətbiq edilməsinə aid idi. Bu da son nəticədə vergi yükünü cüzi də olsa azaltdı".

İqtisadçının sözlərinə görə, hesabatda kifayət qədər narahatedici məqamlarda da qeyd olunub: “Xüsusilə də qanunun aliliyi prinsipi üzrə narahatlıqlar hesabatda öz əksini tapıb. Bundan başqa, korrupsiyaya meyllilik də hesabatda qeyd olunan məqamlardan biridir. 2017-ci il ərzində Avropa Şurasında qaldırılan məsələlər də hesabata daxil edilib ki, bu da Azərbaycanın mövqeyinə öz mənfi təsirini göstərir. Gələcəkdə bu istiqamətlərdə addımların atılmasına ehtiyac var. Azərbaycan mülkiyyət hüquqlarının vəziyyəti 100 ballıq sistemlə 53,6 balla qiymətləndirilib. Bu, kifayət qədər aşağı göstəricidir. 2017-ci il hesabatı ilə müqayisədə bu istiqamətdə irəliləmə olduğu göstərilsə də, qlobal standartlara görə bu göstəricinin zəif olduğunu deyə bilərik. O cümlədən hüququn aliliyi kimi məsələlərdə də ölkəmizin aşağı göstəricilər aldığını görə bilərik. İrəliləyişlərin böyük əksəriyyəti məhz qanunvericilikdə edilmiş dəyişikliklərdən qaynaqlanır. Qanunvericiliyin tətbiqi də növbəti bir problemdir. Növbəti hesabatlarda qanunvericiliyin tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı göstəriciləri də görə bilərik. Bu hesabatda investisiya azadlığı, ticarət azadlığı kimi məsələlər də qeyd olunub. Hesabata görə, xüsusilə də ticarət azadlığının əhəmiyyəti Azərbaycan iqtisadiyyatı üçün çox yüksəkdir. Ümumiyyətlə götürəndə, bu, Azərbaycanda ÜDM-in 90 faizi həcmində qiymətləndirilib. Tariflərin yüksək olması da burada qeyd olunub. Bu problemin Azərbaycan iqtisadiyyatına ziyan vuracağı, inkişafın zəifləməsinə səbəb olacağı da qeyd olunur”.

Rəşad Həsənov onu da vurğuladı ki, hüquqi müstəvidə həllini tapan məsələləri real iqtisadiyyatda da görmək istəyiriksə, onların tətbiqi mexanizmi üzərində işləməliyik: “Hesabatda 4 istiqamət üzrə müxtəlif məsələlərə toxunulur. O fikri bir daha qeyd etmək istəyirəm ki, hesabat kifayət qədər nüfuzlu sənəd hesab olunur və bu hesabatda Azərbaycanın mövqeyinin irəliləməsi növbəti dövrlərdə bu istiqamətdə təşəbbüsləri daha da təşviq edə bilər. Azərbaycanın beynəlxalq hesabatlarda reytinqinin yüksəldilməsi ilə bağlı xüsusi komissiya var. Bu komissiya 2018-ci ildə qanunvericiliyin təkmilləşdirilməsi üzərində işləyir. Bu da növbəti ildə hesabatda Azərbaycanın mövqeyini gücləndirə bilər. Amma bütövlükdə götürəndə bu hesabatlarda göstərilən, hüquqi müstəvidə öz əksini tapan məsələlərin real iqtisadiyyatda, əhalinin rifahında əks olunmasını istəyiriksə, bu zaman qəbul edilən qərarların icrası mexanizmləri üzərində də dayanmalıyıq. Ancaq bu halda biznes mühiti liberallaşma istiqamətində dinamika nümayiş etdirməklə ölkə iqtisadiyyatında mövcud asılılıqlardan və çətinliklərdən xilas ola bilər”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.