Rusiyadan İrəvana hədə kimi ismarış – Sərkisyana seçki zərbəsi

8-02-2018, 10:29           
Rusiyadan İrəvana hədə kimi ismarış – Sərkisyana seçki zərbəsi
“Son zamanlar biz tez-tez tarixi təzədən yazmaq və 2-ci Dünya müharibəsinin nəticələrini təhrif eləmək cəhdləri ilə rastlaşırıq. Məqsəd aydındır - Sovet ordusunun Hitler Almaniyası üzərində qələbəsinə kölgə salmaq”. “Yeni Müsavat” xəbər verir ki, bu fikir Rusiya Federasiya Şurasının Sosial siyasət komitəsinin sədr müavini, professor, RF-nin əməkdar həkimi Lyudmila Kozlovanın nüfuzlu Rusiya nəşrlərindən olan “Nezavisimaya qazeta”dakı məqaləsində yer alıb.

Bir sıra Avropa ölkələrində nasizmin və ona xidmət etmiş isimlərin qəhrəmanlaşdırılmasına hətta rəsmi kurs götürüldüyünü yazan müəllif o sırada Polşanın, İtaliyanın, Bolqarıstanın, Çernoqoriyanın, Ukraynanın, Baltikyanı ölkələrin və... Ermənistanın adlarını çəkib.

Məqalənin işğalçı ölkəyə aid tənqidi hissəsində deyilir: “Rusiyanın strateji müttəfiqi Ermənistan isə İrəvanın mərkəzində kollaborasionist, ”3-cü Reyx"lə əməkdaşlıq etmiş Qaregin Njdeyə abidə ucaldıb. Az öncə bu faktı şərh edən Rusiya XİN-i öz bəyanatında bunun “anlaşılan olmadığını” qeyd edib. Bəyanatda həmçinin ümid ifadə edilib ki, rəsmi İrəvanın mövqeyinin əsasında, hər halda, BMT Baş Məclisinin qəbul elədiyi qətnamə duracaq - hansı sənəddə ki, irqçiliyə, ksenofobiyaya və digər bu kimi dözümsüzlük formalarına xidmət edən nasizmin, neonasizmin və onun istənilən təzahürünün qəhrəmanlaşdırılması yasaq edilir".

Müəllif ardınca yazır: “Bunu da qeyd etməliyəm ki, İrəvanda Njdeyə abidə qoyulmasının təşəbbüskarları indi də bolqar şəhəri Pliskdə eyni abidəni ucaltmaq istəyirlər. O adama ki, 2-ci Dünya müharibəsinin əvvəllərində Hitler Almaniyası hökuməti ilə əməkdaşlıq edib və erməni əsirləri qarşısında dəfələrlə təbliğati çıxışlar edib, onları SSRİ-yə qarşı silahlı üsyana çağırıb. Deyib ki, ”Almaniya uğrunda həlak olanlar, həm də Ermənistan uğrunda həlak olurlar". Njdenin komandanlığı altında erməni SS legionu neçə-neçə cəza aksiyalarında iştirak edib və 20 mindən çox insanı, əsasən də dinc sakinləri məhv edib. Onun əlləri bizim babalarımızın və ulu babalarımızın qanına batıb!"

“Nezavisimaya qazeta”dakı məqalə bu cümlələrlə bitir: “Bu yaxınlarda Rusiya Dövlət Dumasında ”Faşizmin qəhrəmanlaşdırılması və neofaşizmin dirçəlişi ilə mübarizə: qanunverici aspektlər və beynəlxalq təşəbbüslər" mövzusunda keçirilən dəyirmi masada qeyd eləmişdim ki, nasizm və faşizm beynəlxalq müqavilələrə görə, qadağan edilmiş cinayətkar ideologiyalar kimi tanınıb. Odur ki, nazimin qəhrəmanlaşdırılması mahiyyət etibarilə beynəlxalq anlaşmaların pozulmasıdır. Abidələrə münasibət, onların qoyulması və ya sökülməsi - hər bir dövlətin suveren hüququdur. Ancaq hakimiyyətlər təkcə öz ictimaiyyətlərinin mövqeyini deyil, həm də nasizm və faşizmi birmənalı olaraq insana nifrət ideologiyası kimi təsnif eləmiş dünya birliyinin də mövqeyini ciddiyə almalıdır".

*****

Nəzərə alsaq ki, haqqında söz açığımız məqalənin müəllifi sıradan biri yox, Rusiya parlamentinin yuxarı palatasının komitə sədrinin müavinidir, üstəgəl, Rusiyanın digər rəsmiləri və ekspert ictimaiyyəti də (tanınmış politoloqlar Sergey Markov, Oleq Kuznetsov və b.) da Moskva üçün, şəxsən prezident Vladimir Putin üçün olduqca həssas olan bir mövzuda Ermənistan rəhbərliyinin ünvanına sərt tənqidlər səsləndiriblər, o zaman məqaləni Sərksiyan rejiminə ünvanlı növbəti hədə-ismarış saymaq lazım gəlir.

Ancaq belə görünür ki, Ermənistan rəhbərliyi Njdenin abidəsi ilə bağlı tənqidlərdən nəticə çıxarmağa tələsmək istəmir. Sərkisyan hakimiyyəti yəqin ki, bu zaman həm də erməni toplumunda faşist əlaltısına olan güclü sevgidən çıxış edir. Lakin qarşıdan prezident və baş nazir seçkiləri gəlir. Apreldə parlamentli üsul-idarəyə keçəcək Ermənistanda məhz baş nazir ən böyük səlahiyyətlərə malik olacaq. İşğalçı ölkədə istənilən səviyyəli seçkilərin nəticələri isə müstəsna olaraq, Moskvada müəyyən edilir. Demək ki, seçki ərəfəsində Sərkisyan “odla” oynayır.

Hərçənd Rusiya - Ermənistanın bölgədə yeganə dost-müttəfiqi deyil. Qonşu və müsəlman İran da dar macalda həmişə işğalçı ölkənin yanında olub. O İran ki, Fələstin torpaqlarının işğalına görə İsraili işğalçı adlandırsa da, nədənsə müsəlman Azərbaycan torpaqlarını on illərdir işğal altında saxlayan Ermənistana daima qucaq açıb və açır. İri İslam ölkələrindən də yalnız İranın prezidenti (Həsən Ruhani) Ermənistana səfərlər edib. Ötən ilin dekabrında isə İranın xarici işlər naziri Məhəmməd Zərif İrəvan səfəri zamanı Ermənistanı “bölgədə sülhün və əmin-amanlığın carçısı və təminatçısı” adlandırmışdı.

*****

Yeri gəlmişkən, Moskvadan İrəvana son hədə-ismarışı fonunda Tehrandan da İsraillə bağlı Bakıya mesaj gəlib, həm də haqsız bir mesaj. Belə ki, “Yeni Müsavat”ın məlumatına görə, İran prezidenti Həsən Ruhani yerli və xarici media üçün keçirdiyi mətbuat konfransında hər şeydən danışıb, Amerikanın bostanına daş atıb, Türkiyənin Afrin əməliyyatını tənqid edib və sonda... Bakıya İsraillə bağlı mesaj göndərib.

Bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Sitat: “Həsən Ruhani deyib ki, bölgədə kimsə İsrailin İranın düşməni və digər ölkələrin dostu olduğunu düşünürsə, tamamilə səhv edir, İsrail bölgənin əsas düşmənidir və müsəlmanların əsas düşməni məhz sionistlərdir. İran prezidenti bu dəfə bizim bostanımıza daş atıb. Ruhaninin sözlərindən belə çıxır ki, İranın dostluq etdiyi bölgə dövlətlərindən Rusiya və Ermənistan xristian dövlətləri olduqları üçün onların İsraillə əməkdaşlığına göz yuma bilərlər. Bölgənin müsəlman dövləti Azərbaycana isə İsraillə dostluq qadağandır! Zənnimizcə, bölgədə kimsə düşünürsə ki, Ermənistan Azərbaycanın düşməni və digər ölkələrin dostudur, tamamilə səhv edir. Ermənistan bölgənin əsas düşmənidir və müsəlmanların əsas düşməni məhz ermənilərdir. Çünki müsəlmanları qətl edib və məscidləri dağıdıb. Bu da bizdən Tehrana mesaj olsun”.

Politoloqun faşizmi rəsmi ideologiyaya çevirmiş işğalçı Ermənistanın “can dostu” İrana ünvanlı bu mesajına etirazımız yoxdur...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.