ABŞ-ın İrəvanda casus şəbəkəsi – Kuznetsovdan şok detallar
18-03-2018, 11:08
Mən Rusiya FTB-sinin Moskva Sərhəd İnstitutundan səkkiz il əvvəl ayrılmışam və o vaxtdan Rusiya xüsusi xidmət orqanlarının həmsərhəd ölkələr barədə operativ məlumatları ilə tanış olmaq və onların ərazisində xarici ölkələrin rezidentləri haqqında bilgilər əldə etmək imkanım yoxdur. Bu səbəbdən “Maks Aleksandrov” niki altında gizlənən ehtimalən rus blogerinin yaydığı məlumatı fakt baxımından, təbii ki, dəyərləndirə bilmərəm.
Bu sözləri Axar.az-a açıqlamasında rus politoloq və analitik Oleq Kuznetsova Rusiyanın “Maksalexandrov.livejournal.com” bloqunda ABŞ-ın Ermənistan və Gürcüstan ərazisində fəaliyyət göstərən rezidenturasının açıqlanan siyahısına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırkı vəziyyətdə yalnız bu məlumatı formaca, yəni zahiri göstəricilərinə görə şərh edib, bunun əsasında müəyyən nəticələrə gəlmək imkanındadır:
“Həm jurnalist, həm də kəşfiyyatçıların dilində (jarqonunda) bu tipli yazılar “atmaq”, əks kəşfiyyatçıların jarqonunda isə “süzülmə” adlanır. Əgər məxfi məlumatlar qeyri-ixtiyari mətbuata sızıbsa, belə hal “avtoqol” adlandırılır. Mətnin struktur quruluşunu, materialın təqdimatını və məzmunun ifadə formasını nəzərə alsaq, zənnimcə, “avtoqol” variantını istisna etmək olar. İndiki halda biz faktoloji materialın təsvir xarakteri ilə üzləşirik, bu da özlüyündə analitik fəaliyyətin aparıldığını ehtimal etməyə əsas verir. Şəxsən mən bu yazının tipik “sızma” variantı olmasına üstünlük verirəm.
İndi belə bir suala cavab tapmaq lazımdır: bu ifşaedici və ya yalan yayan məqalə konkret olaraq nə ifadə edir?”
Kuznetsov qeyd edib ki, bu suala cavabdan öncə bir prinsipal cəhətə diqqət yetirmək lazımdır:
“Kəşfiyyatın real vəziyyətini ancaq kəşfiyyatçıların özləri, rezidentlər və onlara nəzarət edən mərkəz bilir. Bütün yerdə qalanlar isə əks-kəşfiyyatçılar da daxil olmaqla, dəqiq sübut və dəlil əldə edənə qədər bu və ya digər dərəcədə təxmin edə bilərlər. Xüsusi xidmət orqanları “sızma” üsulundan adətən o vaxt istifadə edirlər ki, konkret adamın üçüncü tərəfin xeyrinə işlədiyi barədə tam və ya nisbətən tam əminlik olsa da, birbaşa dəlil əldə etmək mümkün olmayıb. Elə bizim halda da elə təəssürat yaranır ki, bu yazının əsas məqsədi (əlbəttə, təbliğat effektindən başqa) məmurların ünvanına səsləndirilən casusluq, kəşfiyyat və təxribat xarakterli fəaliyyətdə ittihama ABŞ-ın reaksiyasının necə olacağını müəyyənləşdirməkdir. Şəxsən mən əminəm ki, bu “sızma” Rusiya xüsusi xidmət orqanlarının Cənubi Qafqaz regionunda ABŞ xüsusi orqanlarının mövcudluğu və fəaliyyəti barədə analitik məlumatlar hazırlayıb, sistemləşdirmiş əks-kəşfiyyat fəaliyyətinin nəticəsidir.
Yuxarıda deyilənləri nəzərə alaraq, xüsusilə qeyd etmək istəyirəm ki, məqalədə söhbət Gürcüstan və Ermənistandan gedir və Azərbaycan haqda bir kəlmə belə yoxdur. Bu, heç də o anlama gəlmir ki, Azərbaycanda ABŞ-ın casus şəbəkəsi və bu ölkənin təsir agentləri yoxdur. Onlar mövcuddurlar, bəzi azərbaycanlı jurnalistlər qeyri-rəsmi şöhbətlərdə mənə bəzi həmkarlarının adlarını çəkmişdilər ki, onların Azərbaycan informasiya məkanında fəaliyyətini bir-iki il öncəyə qədər Tiflis vasitəsi ilə ABŞ maliyələşdirirdi. Lakin Azərbaycanın Gürcüstan və Ermənistandan prinsipial əhəmiyyətli fərqi var. Azərbaycanın dövlət məmurları ABŞ xüsusi xidmət orqanlarının maddi təminatında deyillər. Gürcüstan və Ermənistanda isə bu, hər addımbaşı belədir. Gürcü və erməni məmurlar öz xidməti vəzifələrindən və inzibati resurslardan istifadə edərək, az qala açıq şəkildə ABŞ xüsusi xidmət orqanlarına işləyirlər. Bunu təkcə dövlət idarələrinə deyil, həmçinin təhlükəsizlik orqanlarına şamil etmək olar, ələxüsus da Gürcüstanda. Belə əməkdaşlığa dəlalət edən konkret faktlar təkcə məlum deyil, həmçinin sübuta yetirilib. Bu da müvafiq tendensiyanın mövcudluğunu təsdiq etməyə əsas verir. Bu aspektdən şəhr etdiyimiz məqalə tamamilə gerçəkdir və həqiqətə uyğundur. Sadəcə, təfərruatlarda, məsələn, konkret şəxslərlə bağlı səhvə yol verilə bilər. Qalan məsələlərdə məruzə (hesabat, raport - əhəmiyyət kəsb eləmir) çox, amma çox həqiqətə uyğundur”.
“Bu vəziyyət Rusiyanın təhlükəsizliyi və maraqlarına nə dərəcədə təhdidlər yaradır” sualına cavabda isə Kuznetsov deyib:
“Əgər mənim bu “sızma”nı Rusiya xüsusi xidmət orqanlarının təşkil etdikləri barədə ehtimalım düzdürsə, bu o deməkdir ki, onlar təfərrüatı ilə mövcud təhlükələrdən xəbərdardırlar və təbii ki, əks ölçülər hazırlayırlar. Bu yazının peyda olması buna birbaşa və əyani sübutdur. Əminəm ki, Cənubi Qafqazdakı ABŞ rezidenturası Rusiya tərəfindən monitorinq edilir və bu səbəbdən Rusiya potensial təhdidləri, necə deyərlər, kökündəcə kəsir. Bununla belə, Rusiya xüsusi xidmət orqanları amerikalı həmkarlarına qarşı biləvasitə Gürcüstan və Ermənistan ərazisində açıq əks-təsir göstərə bilməzlər və bu səbəbdən adı çəkilən ölkələrin siyasi liderləri və siyası proseslərə təsir göstərə bilməsi uğrunda mübarizədə məğlub olurlar. Gürcüstan bunu 2007-ci ildə nümayiş etdirdi, Ermənistansa bu təcrübəni bu günümüzə gətirməyə çalışır”.