Tərtərdə təhsil işçilərinin sentyabr konfransı keçirildi

10-09-2015, 11:38           

Təhsil işçilərinin sentyabr konfransı keçirildi
Rayonun təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir. Təhsil işçiləri əvvəlcə mərkəzi meydanda Ulu Öndərin xatirəsini yad edərək abidəsinin önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş və tədbir “Gənclər Mərkəzi”nin zalında davam etdirilmişdir.
Rayon təhsil şöbəsinin müdir əvəzi Surxay Mirzəyev konfransı açıq elan edərək, təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi, tədbir iştirakçıları konfransın gündəliyi ilə tanış oldular. S.Mirzəyev “2014-2015-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə” məruzə etdi.
Məruzəçi rayon təhsilini ətraflı təhlil edərək, qazanılan uğurlarla yanaşı nöqsanları da ətraflı şərh etdi. O, bildirdi ki, bu il ali məktəblərə iş verən 331 nəfər məzundan 181 nəfər ali, 60 nəfər isə orta ixtisas məktəblərinə daxil olmuşlar. 6 nəfər 600-dən, 16 nəfər 500-dən yuxarı bal toplamış, 5 nəfər hərbi məktəbə daxil olmuşdur. Qəbulda şəhər 1 və 5 saylı, Gülabatlı, Qaradağlı, Umudlu, Hacıqərvənd, Azad Qaraqoyunlu, İsmayılbəyli, Xoruzlu, Bəyimsarov tam orta məktəbləri fərqlənmişlər. Sonra S.Mirzəyev metodkabinetin fəaliyyəti ilə bağlı da tənqidi fikirlər də söylədi.
Məruzə ətrafında Gülabatlı kənd tam orta məktəbin direktoru Asif Alıkişiyev, şəhər 5 saylı tam orta məktəbin direktoru Arzu Babayeva, Gülabatlı kənd tam orta məktəbin məzunu, tələbə adını yenicə almış Günel Abbaslı, valdeyinlərdən Vəfa Quliyeva və başqaları çıxış etdilər.
Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzuladı. Son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı danışdı, rayonumuzun ictimai-siyasi həyatında müəllimlərin və ziyalıların rolundan söhbət açdı, təhsil işçilərinin qarşısında duran mühüm vəzifələri diqqətə çatdırdı.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi İlham Nağıyev də çıxış edərək təhsil işçilərini yeni dərs ili münasibəti ilə təbrik etdi.
Tədbirin sonunda bir qrup təhsil işçisi rayon icra hakimiyyəti və təhsil şöbəsi tərəfindən Fəxri Fərmanla təltif olundu.
Şəhər 5 saylı tam orta məktəbin VI sinif şagirdi Fərid Qəhrəmanov da konfrans iştirakçılarına təqdim olunaraq kik-boksinq idman növü üzrə Batumidə keçirilən dünya çempionatında birinci yeri qazandığı üçün ona Fəxri Fərman və pul mükafatı verildi.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.