"Çağırışa gəlməyənləri cəza gözləyir" - Səfərbərlik Xidməti
10-09-2015, 15:01
"Hərbi vəzifəli dedikdə ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları nəzərdə tutulur. Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.
Səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi vəzifəlilər həm də hərbi yoxlama toplanışlarına çağırılırlar. Səfərbərlik hazırlığı və səfərbərliklə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirməyən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Ehtiyatda olan hərbi vəzifəlilər hər an səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi təlim toplanışlarına çağırılmağa hazır olmalıdırlar. Əsas məqsəd tələb olunan zaman çərçivəsində bu resursu yığmaqdır".
Bunu APA-nın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildiriblər.
Qeyd edilib ki, xidmət tərəfindən indiyə qədərki məşğələlərdə Silahlı Qüvvələrə təhkim olunmuş hərbi vəzifəlilərin xəbərdar edilməsi və praktiki toplanması təşkil edilib. Bu iş xidmət tərəfindən mütəmadi olaraq aparılıb.
Xidmətdən hərbi vəzifəli şəxslər dedikdə kimlərin nəzərdə tutulduğu məsələsinə də aydınlıq gətirilib: “Hərbi vəzifəli dedikdə ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları nəzərdə tutulur. Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi vəzifəlilər həm də hərbi yoxlama toplanışlarına çağırılırlar. Səfərbərlik hazırlığı və səfərbərliklə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirməyən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.
Xidmətdən bildiriblər ki, təlimə çağırılan şəxs iş yerinə bu haqda məlumat verməli və təlimdən qayıtdıqdan sonra müvafiq sənədləri iş yerinə təqdim etməlidir: “Qanuna müvafiq olaraq səfərbərlik üzrə çağırış və müharibə dövründə sonrakı çağırışlar zamanı vətəndaşların toplanış məntəqələrinə, yaxud hərbi hissələrə vaxtında gəlməsinə mane olan təşkilatların rəhbərləri və digər vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Yəni vətəndaşdan başqa, təşkilatların üzərinə də vəzifələr qoyulur. Buna baxmayaraq, təşkilatlar hərbi vəzifəlinin təlimdə olduğu dövrün maaşını ödəməlidirlər”.
Xatırladaq ki, Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatdan çağırılan bəzi hərbi vəzifəlilərin xidmətə gecə saatlarında aparılması sosial şəbəkələrdə, sıravi insanlar arasında müəyyən müzakirələrə səbəb olub və suallar yaradıb.