“Sanksiyalar Azərbaycana təsir etməyəcək”-politoloq

21-08-2018, 08:26           
“Sanksiyalar Azərbaycana təsir etməyəcək”-politoloq
Qabil Hüseynli: “Dünya düzənini yenidən yaratmağa çalışan qüvvələr var”

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar hazırlaması ilə bağlı məlumatlar yayılıb. Belə ki, məlumatlara görə, ABŞ prezidenti Donald Trampın administrasiyası yaxın bir neçə həftə ərzində Rusiyanın “Şimal axını-2" qaz kəməri layihəsində iştirak edən şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edəcək.

Bildirilir ki, hələlik Vaşinqtonda yekun qərar verməyiblər. 2017-ci ildə Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinin üstü açılandan sonra Konqres prezident Trampa ”Şimal axını-2" qaz kəməri layihəsində iştirak edən şirkətlərə və şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi səlahiyyətini verib.

Tramp isə qaz kəməri layihəsini əngəlləmək üçün bu səlahiyyətlərdən istifadə etməyə hazırlaşır. “The Wall Street Journal”ın yazdığına görə, sanksiyalar qaz kəmərinin tikintisini dayandırmağa hesablanıb, çünki ABŞ-da hesab edirlər ki, bu kəmər Avropanın Rusiya qazından asılılığını artıracaq.

Məlumat üçün qeyd edək ki, “Şimal axını-2" kəmərinə əsasən Rusiyadan Almaniyaya Baltik dənizinin dibindən ümumi tutumu ildə 55 milyard kubmetr olmaqla iki kəmər qolunun çəkilməsi nəzərdə tutulur. Layihənin dəyəri 10 milyard avroya yaxındır.

ABŞ və bir sıra Avropa ölkələri bu layihəyə qarşı çıxır. Birləşmiş Ştatlar Rusiya qazına alternativ kimi Azərbaycanın “Şahdəniz” yatağının qazını Avropaya nəql etməli olan Cənub Qaz Dəhlizinə güclü dəstək verir.

“Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirib ki, bütün bu sanksiyalar Azərbaycana heç bir təsir etməyəcək: “Bu sanksiyaların tətbiqinin müəyyən bir əsası olduğunun fikrindəyəm. Çünki Putinin Merkellə görüşündə hələ geniş yayılmasa da belə bir fikir var ki, Amerikanın təkidlərinə baxmayaraq, Almaniya Baltik dənizinin dibindən ikinci qaz kəmərinin çəkilişinə razılıq verir. Bu isə Amerikanın sanksiyalar siyasətinin ciddi surətdə sarsıdılması demək olacaqdı. Yəqin razılıq verilib ki, Amerika tərəfi də ciddi şəkildə əl-ayağa düşüb və Rusiyanın qaz kəmərinin çəkilişinə qarşı sanksiyalar tətbiq edir. Burada bir qanunauyğunluq da axtarmaq mümkündür. Məsələn, Rusiya Xəzərin dibindən türkmən qazının Cənub Qaz Dəhlizi layihəsinə birləşdirilməsinə uzun müddətdir ki, müqavimət göstərir. Hətta təhdid dilində danışıq. Xəzərin statusu ilə bağlı konvensiyadan sonra da göstərir ki, ekoloji faktorları nəzərə alaraq Transxəzər qaz kəmərinin çəkilməsi üçün təkcə Türkmənistan və Azərbaycanın deyil, 5 dövlətin razılığı olmalıdır. Bu da yeni bir əngəldir. Rusiyanın özü isə Qara dənizin dibindən Türkiyəyə ”Mavi axın" layihəsini çəkib. İndi də ikinci bir xətti də Qara dənizin dibindən çəkib, Türkiyə ərazisindən keçirərək Avropaya aparmaq niyyətindədir. Bundan başqa da Baltik dənizindən ikinci qaz kəmərini də çəkməyə hazırlaşır. Bütün bu işləri görən zaman nə Qara dəniz, nə də Baltik dənizinin statusu, ekologiyası ilə bağlı qayğı çəkənlər ortaya çıxmayıb. Rusiya özünü bütün dənizlərin sahibi kimi aparır və heç kimə də məhəl qoymur".

Politoloq bildirib ki, dünya artıq supergüclərin rəqabət meydanına çevrilib:

“Dünya düzənini pozub, onu yenidən yaratmağa çalışan qüvvələr var. Bu qüvvələr içərisində əlbəttə ki, Amerikanın da adını çəkmək olar. Amerika indiki dünya düzəninin banisidir. Ancaq yeni dünya düzənini pozmağa çalışan Çin, Rusiya kimi dövlətlər mövcuddur. Bu dövlətlər kifayət qədər imperialist ədaları ilə çıxış edirlər. Amerika da nəticədə bu kimi dövlətlərə qarşı söylədiyimiz sanksiyaları tətbiq edir. Demək olar ki, bu dövlətlər dünyaya dəyər gətirmək, ümumbəşəri dəyərlər əsasında dünya düzənini dəyişmək yox, sadəcə olaraq, imperialist istəklərə söykənən, ”Gücün varsa, hakimiyyətin də var" kimi şüarlardan çıxış etməyə çalışırlar. Bu isə dünyanı xaosa apara bilər. Trampın bəzi məsələlərdə ifratçılığını qəbul etmirəm. Ancaq bununla yanaşı, Amerikanın dünyaya dəyər gətirmək baxımından müəyyən rol oynaması qənaətindəyəm. Rusiya və Çin isə dünyaya heç bir dəyər gətirmək gücündə deyillər. Söykəndikləri ideoloji millətçilik bəzi yerlərdə şovinizmə qədər gedib çıxır. Başqa xalqa təkəbbürlü, lovğa münasibət göstərirlər. Kiçik xalqları öz təsir zonalarında saxlamaq və onların ərazilərindən özlərinin strateji niyyətlərini reallaşdırmaq üçün istifadə edirlər. Bu, 21-ci əsrin məntiqinə uyğun deyil. Baş verənlər 20-ci əsrin əvvəllərində dünyanı yenidən bölüşdürmək uğrunda dövlətlər arasındakı mübarizəyə bənzəyir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.