ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları açıqlandı, deputat nüvə silahı ilə cavab verməyə çağırdı - “QIRMIZI XƏTTİ KEÇDİLƏR...”
25-08-2018, 11:00
ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar paketi federal hökumətin rəsmi saytında dərc edilib. Virtualaz.org xəbər verir ki, rəsmən avqustun 27-dən qüvvəyə minəcək sənədə əsasən Rusiyaya 1961-ci il qanunu əsasında hər hansı yardım (təcili humanitar yardım, o cümlədən ərzaq yardımları istisna olmaqla) qadağan edilir. Bundan başqa Rusiyaya hərbi təyinatlı və ikili təyinatlı Amerika mallarının ixracına qadağa qoyulur. Sənədə əsasən Amerikanın maliyyə təsisatları Rusiyaya hər hansı kredit , yaxud kredit qarantiyası verə , istənilən digər maliyyə dəstəyi göstərə bilməz. Bu sanksiyalar paketi Rusiyanın Böyük Britaniyada keçmiş QRU polkovniki Sergey Skripala və onun qızına qarşı “Noviçok” kimyəvi silahını tətbiq etməsi ilə əsaslandırılır.
Rusiya hökumətində ABŞ-ın yeni sanksiyalarının “o qədər də ziyanlı olmayacağını” desələr də rublun məzənnəsi tədricən aşağı enir. Habelə ekspertlər bu sanksiyaların təhlükəli uzunmüddətli təsirlərinin olacağını deyirlər.
TASS xəbər verir ki, Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini Vladimir Qutenyev ABŞ-ın Moskvaya sanksiyalarla təzyiq siyasətində “qırmızı xətti keçdiyini” deyib və “asimmetrik cavab tədbirlərinə” çağırıb. Deputat təklif edir ki, ABŞ-a cavab olaraq Rusiya xaricdə, məsələn Suriyada taktiki nüvə silahları yerləşdirməlidir. Silah ixracında qızıla bağlı kriptovalyutaya keçməlidir və ABŞ-la bir sıra müqavilələrdən, o cümlədən raket texnologiyalarının yayılmamasına dair müqavilədən çıxmalıdır.
“Sirr deyil ki, Rusiyaya qarşı artıq ciddi təzyiq başlayıb və bu təzyiqlər hərbi-texniki əməkdaşlıq sahəsində daha da güclənəcək. Biz görürük ki, amerikalılar artıq Rusiya silahlarını alan ölkələrə qarşı sanksiyalardan danışırlar”-Qutenev deyib.